Modern.az

“Nə onların yazdıqları şeirdi, nə də özləri şair” - Yazarlara İTTİHAM

“Nə onların yazdıqları şeirdi, nə də özləri şair” - Yazarlara İTTİHAM

Ədəbi̇yyat

1 Dekabr 2017, 14:42

Azərbaycan ədəbiyyatı çox qədim tarixə malikdir. Əsasən də bunu nəzm janrında yazılan şeirlərimizə aid etmək olar. Qoşma, gəraylı,bayatı və başqa nəzm janrında yazılan şeirlər Azərbaycan ədəbiyyatında çox geniş istifadə olunub. Tarixən şeirlərimiz üç vəzndə yazılıb: heca, əruz və sərbəst vəzn. Amma müasir dövrdə bəzi şairlərin yazdıqları nəinki bu qaydalara uyğun gəlmir, həm də ümumiyyətcə onlara şeir demək belə mümkün olmur. Bəzi şeirlərdə heç məna belə, aydın olmur. Maraqlıdır ki, bəziləri buna “ədəbiyyatda yenilik” adı verirlər.


Tanınmış şair Rüstəm Behrudi Modern.az-a açıqlamasında bildirdi ki, son zamanlarda belə üslubda yazan şairlər getdikcə çoxalır.

“Əsas məsələ onların nəyi,nə cür yazmağı deyil,özlərini fikrini ifadə edib-edə bilməməkləri ilə bağlıdır.  Mən də illərlə formalaşmış ənənənin saxlanmasının tərəfdarıyam. Amma ola bilər ki, ədəbi formalardan kənar yazılan belə yazılar insanı ovsunlasın. Təbii ki, bu yazılıanlara şeir demək olmur, amma gələcəkdə ola bilər ki, bu janr formalaşacaq və tamam başqa üslub yaranacaq”.


Rüstəm Behrudi qeyd etdi ki, bu janr şeir sayıla bilməz.


“Ədəbi formaları dağıtmaq, əlbəttə ki,düzgün deyil.  O üslubda yazanlar özlərini şair yox, başqa bir adla təqdim etməlidirlər. Ancaq gözəl yazılar yaza bilirsə, bu üslubda demək istədiyi fikri çatdıra bilirsə, mən bu üslubun əleyhinə deyiləm.Ancaq yenə qeyd edim ki, onların yazdıqları şeir, özləri də şair deyil”.

Rüstəm Behrudi bildirdi ki, bəzən elə şeirə də rast gəlmək olur ki, orada ümiumiyyətcə nə məzmunu,mövzunu anlamaq olur. Onun sözlərinə görə, belə yazıları heç ədəbiyyat nümunəsi adlandırmaq olmaz.

“Ən azı 5-10 oxucusu olmayan bir yazıya ədəbiyyat nümunəsi demək olmaz. Bu cür yazarlara ancaq sözlə “oynayan”lar adını vermək olar. İndiki dövrdə gəncliyin ən böyük istəklərindən biri fərqlənməkdir. Dünyada da fərqlənmək üçün ən əsas vasitələrdən biri şeirdir, sözlə özünü ifadə etmək bacarığıdır.Ancaq şeir yazmaq təbii ki,hər insanın bacara biləcəyi bir şey deyil”.

Rüstəm Behrudinin sözlərinə görə, bəzi bu üslubda yazanların məqsədi reytinq qazanmaq, müzakirə obyekti olmaqdır.


“Facebook və bu kimi sosial şəbəkələrdə məşhurlaşmaq istəyirlər. Ədəbiyyat Tanrının insana özünü ifadə edə bilməsi üçün verdiyi ən böyük fürsətdir.O fürsəti ayrı məqsədlər üçün istifadə etmək qəbuledilməzdir”.

Gənc şair Emin Piri bildirdi ki, şeirdə poeziyanın olması mütləqdir: “Heca, əruz və ya sərbəst vəzn, fərq etməz. Önəmli olan odur ki, həmin şeirdən yadda qalan, təsir edən nələrsə olsun. Ən əsası isə poeziyanın olmağı vacibdir. Yeni janrlar, vəznlər gələcəkdə yarana bilər. Amma şeirdə poeziya olmalıdır”.


Emin Piri qeyd etdi ki, istedadla yazılan hər şey gözəldir.


“Amma sərbəst şeirdə də müəyyən ritmlər, daxili ahəngdarlıq olmalıdır. Eyni zamanda süjet xətti də sərbəst vəzndə önəmli rol oynayır. Bu meyarlar varsa, o şairlərin, şeirlərin olması ədəbiyyata mane olmaz, əksinə qazandırar. O ki, qaldı şairlərin artmasına, hamının müğənniləşdiyi zamanda şeirə, kitaba gəlməsini daha yaxşı hal sayardım. Heç olmasa özləri arada bir neçə kitab oxuyacaqlar. Reytinq üçün edilənlərsə, zamanın tələbidi. Amma bu ardıcıl olarsa, yaradıcılığı üstələyərsə xarakter pozğunluğuna çevrilər”.

 

 Əbülfəz Kərimov

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır