Modern.az

“İt demə, o da dəxi bizim birimiz” - Məşhur it təlimçisi maraqlı faktlar açıqladı: “Yanıma vəzifəli şəxslər də gəlir” - REPORTAJ + VİDEO

“İt demə, o da dəxi bizim birimiz” - Məşhur it təlimçisi maraqlı faktlar açıqladı: “Yanıma vəzifəli şəxslər də gəlir” - REPORTAJ + VİDEO

Reportaj

2 Dekabr 2017, 12:50

İtləri evdə saxlamağı asanlaşdırmaq, daha təhlükəsiz olmalarını təmin etmək və ya əksinə, sırf hücum üçün yetişdirməkdən ötrü bu heyvanlara xüsusi təlimlər keçirilir. İtlərə təlim keçən şəxs kinoloq, bu işi öyrənən  sahə isə kinologiya adlanır. Bu sahənin incəliklərini öyrənmək və itləri daha yaxından tanımaq üçün tanınmış kinoloq Elnur Əliyev ilə söhbətləşdik.

Söhbət zamanı müsahibimiz Modern.az-a bu işlə nə az nə çox, düz 20 ildir ki, məşğul olduğunu və əgər sevgi göstərsəniz,  itlərin ən sadiq heyvan olduğunu söylədi.


“İtlər ən sadiq heyvandır”


Elnur Əliyev deyir ki, itlər öz sahiblərinə bağlanır və sahiblərini itirdikləri zaman bir müddət yemək yemir və ya sahibinin məzarı başında yatırlar. Hiss etmə qabiliyyətləri olduqca güclüdür. Hətta zəlzələni belə qabaqcadan hiss edə bilirlər.


İtlərin vaxtlı-vaxtında peyvənd olunması, eyni zamanda  gigiyena qaydalarına riayət onların saxlanılmasında önəmli faktordur.


“İtlər çimizdirilməli və vitaminləri də vaxtında verilməlidir.  İtlər xüsusi yeməklə qidalanırlar və ya kiminsə imkanı olmursa, öz yediyi yeməkdən də verə bilər. Nəyə vərdiş etdirsəz, onu da yeyəcək. Qış vaxtı ayda iki dəfə çimizdirmək məsləhətdir. Əvvəlcə xüsusi vannada dərmanlamaq lazımdır. Çimizdirdikdən sonra isə bitə, gənəyə qarşı dərman vurulmalıdır. Bir də xüsusi bir dərman var ki, itdən iy gəlməsin deyə, vurulur”.

İtlərlə bağlı el arasında bir sıra deyimlər var:“Səndən it iyi gəlir”, “İtə oxşayırsan”,  “İt kimi peşmanam”, “İt canlı” və s. Gündəlik həyatımızda demək olar ki, bu ifadələri bəzən eşidirik. İtləri sevən biri olaraq müsahibimizdən bunun səbəbini və münasibətini öyrəndik:


“İt ağızdan tərləyir. Ona görə də ağzından iy gəlir. Yayda həftədə bir dəfə çimizdirilsə, o itdən heç bir pis qoxu gələ bilməz. O ifadələri işlədənlərə isə  münasibətim heç də yaxşı deyil. İt ən sadiq heyvandır”.


Təlimdə şiddət qəti qadağandır

Elnur Əliyev deyir ki, təlimçilər itlərə danışıq vasitəsilə təlimlər keçirlər. Ancaq bəzi təlimçilər itləri öyrədərkən şiddət göstərməkdən də çəkinmirlər. Bu isə doğru deyil. Çünki hər şeydən əvvəl it də canlıdır. Hər bir canlının da sevgiyə ehtiyacı var. İkincisi isə itləri vuranda onlar qorxaqlaşır, insanlardan qorxmağa, insan görəndə qaçmağa başlayırlar. Bu hal belə davam edərsə, şiddət halları artarsa, itin həmin adamı tutma ehtimalı olduqca böyükdür.


İtlərin cinsləri müxtəlifdir:  Labrador, Rokveller, Ovçarka, Pitbull, Doberman, Xaski, Golden Retriever və s. Ən təhlükəsiz itlər Labrador cinsindən olanlardır. Hansı ki rahatlıqla evdə saxlanıla və uşaqların yaxınlığına buraxıla bilər.


İtlərə danışıq vasitəsi ilə ayaqyolu, “otur”, “gəl”, “uzan”, “yanıma”, “yanımda” “get”, “yerində” komandaları və  itən əşyanı tapmaq vərdişi öyrədilir. İt sahibinə təslim ediləndə sahibi ən az həftədə 2-3 dəfə öyrədilən komandaları təkrarlatmalıdır ki, öyrəndikləri itin yaddaşından silinməsin.


“Təlim üçün itlər 4 aylığından götürülür. Bu, 1 yaşından da mümkündür, lakin onda  öyrətmək nisbətən çətin olur. 4 aylığında itin beyni təmiz olduğuna görə götürmə qabiliyyəti də yaxşı olur. 1 yaşından sonra təlimə gətirilən itlərin öz sahibini unutma ehtimalı yüksəkdir.

Əsl təlimlər 6 ay davam edir. Qısaldılmış formada 4 ay keçirik. İtlərin zehinləri də müxtəlifdir. Məsələn, Labrador, Ovçarka cinsinin götürdüyü komandaları Rokveller və ya Pitbull gec götürür. Zehni zəif olan itlərin təlim müddəti də uzun olur. Pitbull digər itlərin 4 aya öyrəndiyini 7 aya öyrənir. Nəticədə isə Pitbullun, Dobermanın, Rokvellerin sahibinə cummaq ehtimalı 80% olsa da, Labrador cinsinin sahibinə qayıtma ehtimalı yoxdur”.


Elnur Əliyevin sözlərinə görə, ona təlim üçün adi vətəndaşdan tutmuş, yüksək vəzifəli şəxslərə kimi müraciət edənlər olur.

“Müraciət edənlər daha çox itə ayaqyolunu öyrətməyimi istəyirlər. Eyni zamanda, “otur”, “dur” komandalarını, evə qonaq gələndə ona cummamağı, təhlükə hiss edəndə ona cummağı öyrədirəm. Bu sahiblərin istəyinə görə dəyişir. İti şəhərə gəzməyə çıxaranda ipsiz gəzməsi, yad insanlara hürməməsi üçün müraciət edənlər də olur.  Amma hər itə bunları öyrətmək olmur”.

Hansı itləri evdə saxlamaq olar?

Hər iti evdə saxlamaq da olmaz. Pitbull və Xaski cinsinin evdə saxlanılması düzgün deyil.

“Təlim üçün daha çox Xaski cinsindən olan itlər gətirilir. Xaskinin beyni çox zəif olduğuna görə, komandaları tam götürmür. Məsələn, Labradora 1 dəfə “otur” deyəndə oturursa, Xaskiyə bu komanda ən azı 3 dəfə verilməlidir. Bu da itin nəslinin canavara yaxın olmasıyla əlaqədardır. Xaskini də evdə saxlamaq məsləhət deyil. Çünki tükü tökülür və bunun qarşısını almaq mümkünsüzdür. Xaskiyə tələbat isə gözəlliyinə və gözlərinin göy rəngdə olmasına görədir. Uşaqlı evdə saxlamaq üçün Ovçarka, Golden Retriever, Labrador cinslərini məsləhət görürəm. Vuldog iti də əhliləşir, ancaq Azərbaycanda az tapılan it cinsindəndir” .


Müsahibimizin sözlərinə görə, təlimli itlərin qiyməti 2500 manata qədərdir. Təlimlərin isə qiyməti müxtəlidir. Təlim yaşını keçən itlərdə aylıq qiymət 400-500 manat təşkil edir. 4-5 aylıq itlərin təlim qiyməti  isə 300-400 manat arasıdır.



“Bəzən bir vəzifəli adamlar gəlib deyir ki...”

Müsahibimiz deyir ki, bəzən hansısa bir vəzifəli adamlar gəlib ona söyləyirlər ki, “ayda 500 manat verirəm, itimə bahalı yeməklər yedir”.

 
“Yemək var çuvalı 160 manata, yemək var 45 manatadır. Yeməyi məndən olanda aylığı 300-350 manat olur. İmkansız şəxslərin itlərinə isə 250 manata təlim keçirəm.

Mənim itim sırf mənim əmrimə tabe olan itdir. Hansısa bir quş və ya it görsün,  heç vaxt mənim əmrimdən icazəsiz yaxınlaşmaz. Mənim icazəm olmadan heç nə etməz. Bu zamana kimi heç bir it mənə qayıtmayıb. Mən həyətə girəndə aqressiv olan it belə, mənə cummur”.

İt elə bir heyvandır ki, ondan çəkinəni də, sevəni də hiss edir. Ovçarka, Golden Retriever, Labrador cinsindən olan itlərdə hissetmə qabiliyyəti həddindən artıq güclüdür”.

Təlimçi deyir ki, iti heç vaxt bağlı saxlamaq olmaz çünki bağlı saxlanılan it vəhşi kimi yetişir.


“İti vaxtı-vaxtında gəzdirmək, daramaq, sevgi vermək lazımdır. İti vurmaq, döymək qəti olmaz. Doberman, Rotveller, Pitbull kin saxlayan heyvanlardır. Bir çox ölkələrdə onları saxlamaq qadağandır”.


“Pul qazanmaq üçün Çoban itləri ilə Pitbullu döyüşdürürdülər”


Elnur Əliyev it döyüşdürənlərdən də danışdı. Deyir ki, pul qazanmaq üçün Çoban itləri ilə Pitbull cinsindən olan itləri döyüşdürənlər var:

“Əvvəllər belə hallar tez-tez olurdu. Çox sevinirəm ki, indi bunu qadağan ediblər”.


Müsahibimizin dediyinə görə, təlimli itlər dünyanın müxtəlif ölkələrində sərgilərə qatıla bilər. Bu sərgilərdə professional kinoloqlar və təlimli itlər iştirak edir. İtin duruşu, baxılması, bacarıqları, sağlamlığı, dişləri və ən xırda şeylərə qədər nəzərə alınır. İt dırnağına qədər yoxlanılır. Elnur Əliyevin iti Dağıstanda 3-cü yerə layiq görülüb.

İt nəsli


Bu heyvanların nəsillik kağızında itin babasının babasının babasına qədər göstərilir.


“İtlərin diplomları, sertifikatları, nəsillik kağızları olur. Nəsillik kağızı olan itləri alıb saxlamaq daha məsləhətlidir”.

Elnur Əliuevin sözıərinə görə, Azərbaycanda çox vaxt cinsləri bir-birinə qarışdırırlar. Bu cür hallar kinoloqlar tərəfindən heç də yaxşı qarşılanmır.


İtlərlə bağlı maraqlı faktlar

Erkək itlər dişi it görən kimi bəzən sahibini qoyub gedir. Bunu da təlimçi bizə söylədi:

“Buna görə də evdə saxlamağa daha çox dişi itlər məsləhətdir. Təlimli-təlimsiz heç bir fərq olmadan dişi it erkək itə cumursa, erkək it heç vaxt dişiyə cummur, ona hörmət edir”.

Sən demə ağlaya bilən təkcə insanlar deyilmiş. Heyvanların da belə bir xüsusiyyəti var. Kinoloq itinin ağladığının canlı şahidi oluğunu bildirdi və bu əhvalatı bizimlə bölüşdü:

“İnterit deyilən bi xəstəlik var ki, itlərin 90%-i bu xəstəlikdən ölür. Hava yolu yoluxur. Bir  dəfə bir it almışdım və sən demə bu xəstəliyə yoluxubmuş. Xəstəliyin əlaməti itin nəcisə qanlı çıxmasıdır ki, minumum 3 gün sonra ölür. Səhər tezdən iti aparmalıydım baytara. Durdum gördüm ki, insan necə ağlayırsa, o da eləcə ağlayır, gözündən yaş gələ-gələ zingildədi, sonra isə can verərək öldü. Mən də özümü həmin an saxlaya bilmədim”.

Ən çətin təlim


Ən çətin təlim itə ayaqyolunun öyrədilməsidir.

“İtlərin xüsusi bezi var. İt harada idrara çıxarsa, yavaş tonla itə səslənirəm. Aparıb həmin yeri göstərirəm və götürüb qoyuram həmin “pampers”in üzərinə. Təlim 3 ay belə formada davam edir. Evə bezə yox, çölə idrara çıxmağı öyrədirəm.

Yeməyi verdikdən yarım saat sonra iti çölə çıxarıram. Məsləhətdir ki, 2-3 saatdan bir iti həyətə çıxarsınlar. Evə də idrara çıxanda həmən iti gətirirəm çıxdığı yerə və “olmaz” komandası verirəm. Bir müddət bunu etdikdən sonra it artıq öyrəşir. Bunlar bir az səbr tələb edən işdir”.

Elnur Əliyevin sözlərinə görə, erkək itin yanında dişi it olanda, dişi it erkək itə özünü göstərməkdən ötrü başqa itə cumur, erkək it də ona baxıb cumur.


İtlərin yerləri mütləq isti olmalıdır. Tükü nazik olan itləri çöldə saxlamaq olmaz. Yayda da iti günün altında saxlamaq olmaz. Yoxsa burnundan qan gəlir, beyninə qan sızır və ölür.


“İti balacalıqdan nəyə yönəltsəni, ona da gedir. Adama cummağı öyrətsəniz, adama cumacaq. Mənim itim 45 kilodur. Gündə 3 dəfə yemək verirəm. Kimsə mənə əl qaldırarsa, hürəcək. Ancaq tutmayacaq”.



“11 il evimdə təmiz canavar saxlamışam”

İt təlmçisi özü ilə bağlı daha bir sirr açdı:

“11 il evimdə təmiz canavar saxlamışam.  Çox vəfalı idi. 8 günlüyündən məndə olub. Adı Juliya idi. Bu müddət ərzində heç bir təhlükəli vəziyyət olmayıb. 11 ildən sonra sudurğa keçirdi, səhər durdum ki, ölüb. Bəlkə də paxıllıqdan kimsə zəhərləmişdi”.


Hər birimizin bəlkə də ən təhlükəsiz kimi bildiyi böyüməyən Balanko cinsindən olan itlər ən aqressiv itlər siyasında yer alırmış.

“Biz ailəlikcə itlərə çox bağlıyıq. İt də uşaq kimidir. İtlər qeyri-adi rənglərdə olmur. Daha çox rəngləyib sərgilərə çıxarırlar. Ən çox da xanımlar böyüməyən itləri rəngləyirlər. Ayaqyolu təlimi böyüməyən itlərə daha çox keçirilir”.


Elnur Əliyev deyir ki, ən uzunömürlü it 14-15 il yaşayır. İt 3 yaşından sonra qocalmağa doğru gedir. Köpək dişlərinin ortasındakı dişlərin tökülməsi itin yaşlılıq əlamətidir. Çox itlərdə burun hissəsinin önü qocalanda ağarmağa başlayır.


Daha bir maraqlı fakt

Müsahibimiz deyir ki, itlər və canavarlar uşaqları tanıyır. Dişi canavar uşağa ümumiyyətlə toxunmur.

“İtlərdən qaçmaq olmaz. İtlər ya sevgiyə ya da aqressivliyə öyrədilir. Xüsusən də küçə itləri heç birinə yönəldilməmiş itlərdir. Sevgi göstərsən sevəcək, qaçsan arxanca düşəcək.

2012-ci ildə Gürcüstana getdim və gördüm ki, orda bütün küçə itlərinin boynunda xaltalar var. Xaltası olan itlər peyvəndlənmiş itlər sayılır. Bir qurum var ki, sırf o işlə məşğuldur. Məsələn, deyir ki, get gündə 50 küçə iti gətir. İti iynə ilə yatızdırırlar, peyvəndini vururlar. Azərbaycanda da bu işləri görsəydilər, çox yaxşı olardı”.

“Mənim həyətimə 50-60 minə qədər it gəlib-gedib”


Təlimçi bildirdi ki, indiyədək onun yanına 50-60 minə qədər it gəlib-gedib:


“İt öləndə onu sevən sahibi 1-2 ay depresiyada olur. Amma mənimçün bu proses adiləşib. Çünki olduqca çox itlə məşğulam.

İt nəsə hiss edəndə qulaqlarını qaldırır. 12 dənə Pitbull cinsindən olan it saxlamışam. Ən sevdiyim it Labradorla alman Ovçarkasıdır. Özümü tanıyandan itimiz olub. Çoban itim olanda bacımla belinə minib gəzmişik”.


Elnur Əliyev deyir ki, it alan zaman baytara yoxlatdırmaq lazımdır. İtlərin 90%- i “İnterit” xəstəliyindən ölür. Ciyərlərin parçalanması xəstəliyi... Buna görə də itlər vaxtlı-vaxtında peyvənd olunmalıdır. Xəstəlik natəmizlikdən yaranır. 3 aydan  bir itə qurd dərmanı verilməlidir.

Quduz it mütləq şəkildə öldürülməlidir


Quduz itin damağı, dişləri sapsarı olur. İnsanı dişləyərsə, insana iynə vurulmalıdır. Vurulmasa, insanda qıc yaranır və ölür. Peyvəndi vaxtlı-vaxtında vurulsa, it heç vaxt quduzlaşmaz. 6 ayında itin süd dişləri düşür, köpək dişi çıxır. İtdə bu zaman quduzlaşma ehtimalı 90 %-dir. Peyvənd vurulduqda isə quduzlaşma olmur. İt doğulanda diş olmur, ancaq damaq olur. 15 günündə gözləri açılır, 20-25 günündə dişləri çıxır. Quduz it mütləq şəkildə öldürülməlidir”.


Nəzrin Rüstəmova
Nəzrin Cavid

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir