Modern.az

Azərbaycan ordusu və zərif əsgərlər...

Azərbaycan ordusu və zərif əsgərlər...

26 İyun 2011, 20:59

Bu gün bir sıra dünya ölkələrində qadınlar könüllülük əsasında hərbi xidmət keçirlər. Xüsusən İkinci Dünya müharibəsində qadınların ön və arxa cəbhədəki fəallıqları onları sonrakı dövrlərdə hərbi sahədə daha çox təmsil olunmalarına səbəb oldu. Lakin qadınların bu sahədəki marağı heç də XX əsrdən deyil də, daha öncəki dövrlərdən, hətta bəzi mənbələrə görə 4000 il öncədən başlayır. Tariximizin istənilən dövrünü araşdırsaq, görərik ki, kifayət qədər hərb işi ilə məşğul olan, xarici düşmənlərə diz çökdürən sərkərdə qadınlarımız olmuşdur. Lakin təəssüf doğurucu məqam odur ki, bu qadınların təbliği aktual deyil. Məhz bu səbəbdəndir ki, bugün qadınların orduda xidmət göstərməsi birmənalı qarşılanmır.

Azərbaycan ordusunda zərif əsgərlər

Azərbaycan illərdir müharibə şəraitində olsa da, qadınların orduda təmsilçiliyi hələ də aşağı səviyyədədir. Qeyri-rəsmi məlumatlara görə hərbi qurum və təşkilatlarda qadınların çəkisi  3% təşkil edir. Xatırladaq ki, Qarabağ savaşı zamanı xeyli sayda Azərbaycan qadını hərbi əməliyyatlarda yaxından iştirak etmiş, hətta 1992-ci ildə qadınlardan ibarət batalyon da yaradılmışdı. Çox təəssüf ki, Azərbaycanın ali hərbi məktəblərində qızların qəbuluna 1999-cu ildən başlansa da, hazırda burada çox az sayda hərbçi peşəsini seçmiş qadın təhsil alır.
Hərbi ekspert Üzeyir Cəfərli ilk olaraq bunu qadınların hərbidə təmsil olunmaları üçün lazımi maarifləndirmə işinin aparılmaması ilə bağlayır: “Bizdə qadın hərbçilər yalnız bayramdan-bayrama yada salınır. Halbuki, qadınların yerinə yetirdikləri hərbi xidmətlərlə bağlı çox istərdik ki, cəmiyyətə mütəmadi məlumat verilsin”.

Araşdırmalardan aydın olur ki, qadınların ordu sıralarında təmsil olunmasına münasibətin bugünkü durumunu əks etdirən məqamlar içərisində hərbi ekspertin qeyd etdiyi kimi maarifləndirmə işinin çox aşağı səviyyədə ya yoxluq dərəcəsində olması da yer alır. Yazıçı-dramaturq, fəlsəfə doktoru, "Erməni sindromu” kitabının müəllifi Aygün Həsənoğlu da  bu fikri təsdiqləyir. O qadınların hərbi xidmətə göndərilməsinin Azərbaycan kimi bir ölkədə normal qəbul olunacağına və normal formalaşacağına inamı olmadığını söyləyir. Səbəb olaraq isə qadınlara hərbi biliklərin verilməməsi, onların məktəb dövründə hərbi silahlarla rəftarın, tibbi biliklərin, hətta onlara özününümüdafiə döyüş üsullarının öyrədilməməsini və ən başlıca ordu sıralarında qadınların xidmətinə dair maarifləndirmə işinin zəifliyini göstərir.

Şərqli düşüncəsi öz sözünü deyir


Azərbaycan Silahlı Qüvvələrində qadınların kütləvi xidmətlərini məhdudlaşdıran amillər sadalanarkən başlıca olaraq mentalitet də ön sırada yer alır. Aygün Həsənoğlu bunu  şərqli düşüncəsi ilə əlaqəli olduğunu söyləyir: “Bugünkü Azərbaycan reallığı əsrlərlə psixologiyamıza yeridilən ərəb mentaliteti ilə formalaşıb. İslam adı altında ərəb düşüncəsi yeridildiyi üçün bugünkü Azərbaycan kişisi qadına münasibətdə bir türk kimi deyil, məhz bir ərəb kimi düşünür”. Qısacası, bugün Avropaya inteqrasiya, gender bərabərliyi və s. kimi məsələlərin aktual olmasına baxmayaraq, şərqli düşüncəsi burada da öz sözünü deyir. Aygün xanım kimi bir çox həmsöhbətlərimlə müzakirə zamanı aydın oldu ki, bugün qadınların bu sahəyə olan marağının aşağı səviyyədə olması və ya maraq olduğu halda məhdudlaşdıran başlıca amil doğurdan da mental qayda-qanunlardır. Ancaq bu qaydalar əslində heç də türkə aid deyil, bunu bizə cəsurluğu, döyüşkənliyi ilə adını türk tarixinə yazdıran qadınlarımız deyir. Bugün ərəb düşüncəsi, ərəb davranışları cəmiyyətin canına elə bir hopmuş ki, qadına qarşı münasibət xüsusən də belə məqamlarda təəssüf ki, dırnaqarası olur. Bu münasibəti gözə almaq isə heç də bir qadın üçün asan iş deyil.

Ölkənin kifayət qədər səfərbərlik resursunun olması, hərbçi qadınlara qarşı hərbçilər və cəmiyyət tərəfindən ikili münasibət, qadınların hərbi xidmət keçməsi üçün hərbi hissələrdə və birləşmələrdə hələki lazımi şəraitin olmaması və qanunverici bazada müəyyən boşluqların olması da qadınların hərbidə yaxından iştirakına mane olur.

Müsahiblərimdən biri  istedadlı şair Afiq Ağdamlı idi. Onla söhbət zamanı aydın oldu ki, Qarabağlı şairimiz də hərbçi qadınlara qarşı ikili münasibətdən şikayətçidir.
“Bizim hərbdə hələ də sovet zehniyyəti hakimdir.  Hərbidə olmuşam, yaşananları düşündükcə indiki halda qadınların xidmətə getməsini istəmərəm. Sistem dəyişərsə, qəbul edərəm əlbəttə” deyir.

Bakı Dövlət Universitetinin "Arxeologiya ve etnoqrafiya" kafedrasının dosenti , görkəmli tarixçi Kərəm Buntürk isə “qadınların hərbi xidmətdə olmasına münasibətiniz necədir” sualını bugün hərbidən yayınma halları kimi məqamları nəzərə alaraq  “doğrudur, sosial-ictimai həyatda tarixən Türklərdə qadınla kişi arasında adətən fərq qoyulmadığı halda, mən istəməzdim ki, bığıburma oğlanlarımız alver edib, mahnı oxuduqları halda ana-bacılarımız onları qorumaq üçün hərbi xidmət keçsinlər” deyə cavabladı. Doğurdan da  bugün ordudan yayınma halları aktualdır və bu kimi olayları araşdırarkən isə qarşımıza ilk çıxan rüşvətxorluq problemi olur, hansı ki, hələ də mövcuddur.

Qadınların hərbi xidmət keçməsi üçün hərbi hissələrdə və birləşmələrdə lazımi şəraitin olmaması da sadalanan amillərə daxildir. Belə ki, Sərhəd Qoşunlarında hərbi xidmətdən yeni qayıtmış zabit Orxan Zakiroğlu da bugün qadınların hərbi xidmət çəkməsini qəbul etmir, bunu isə hərbi hissələrdə olan mühit - dedovşina halları, rüşvətxorluq, oradakı əsgər və yüksək  rütbəli zabitlər arasındakı münasibət və şəraitsizliklə bağlayır: “Bugün hərbi xidmət çəkdiyimiz mühit bir xanım üçün heç də layiq deyil”.
Bakı Dövlət Universitetinin tələbələri İntiqam Eloğlu, İlqar Türksoy da söhbət zamanı burada qeyd olunan fikirləri paylaşır və orduda baş verən mənfi halların içərisində xanımları görmək istəmədiklərini, xüsusən də erməni kimi düşməni olan xalqın qadınlarını savaşda iştirakını qəbuledilməz sayır.

Çoxluq qadınları orduda görmək istəmir

Müharibə şəraitində yaşadığımızı nəzərə alsaq, qadınların da heç olmaya müəyyən qədər orduda təmsil olunmaları lazımidır. Çünki sabahın bizə nələr gətirəcəyindən xəbərsizik. Bu fikir daha çox qadınlar tərəfindən səsləndirilir. Lakin keçirdiyim virtual sorğu zamanı aydın oldu ki, çoxluq bununla qətiyyən razı deyil. Nəticələrə görə iştirakçıların 62%-i qadınların orduda xidmət etməsini qəbul etmir, 14%-i şəxsi seçimə buraxır, sadəcə 24% bu məsələyə müsbət yanaşır. Onu da qeyd edim ki, çoxluq içərisinə daxil olan respondentlər səbəb kimi savaş zamanı qadın döyüşçülərin əsir düşəcəyi təqdirdə işgəncəyə məruz qalması ehtimalını, qadınların fiziki cəhətdən kişilərdən daha zəif olmalarını, hərbi birləşmələrdəki şəraitsizliyi və mühiti önə çəkdilər.

Qadın Krizis Mərkəzinin sədri Mətanət Əzizova da müsahibələrindən birində qadınların hərbi xidmətə geniş cəlb olunmasının tərəfdarı olmadığını bildirmişdi: "Şəxsən mən buna müsbət baxmıram. İş ondadır ki, qadınların hərbi mükəlləfiyyət daşımasında çoxlu problemlər yarana bilər. Ən böyük problem qadınların cinsi əlaqəyə təhrik olunması ilə bağlıdır. Azərbaycan qadınının hərbidə özünü nə dərəcədə təhlükəsiz hiss edəcəyi tam aydın deyil".
Burada xüsusən də hərbçilərlə qadınlar arasında yarana biləcək şəxsi münasibətlərdən dolayı qanun çərçivəsində boşluqların olması, bəzi mental qaydaların varlığı qadınların hər anlamda təhlükəsizliyini sual altında qoyur.

Onlar zərifdir, zəif deyil

Yuxarıda sadalanan məhdudlaşdırıcı amillərə baxmayaraq, bugün qadınların orduda xidmətini dəstəkləyənlər də var. 1991-1993-cü illərdə Xocəvənd istiqamətində vuruşan Azərbaycan milli ordusunun könüllü döyüşçüsü, kəşfiyyatcı Elçin Qəhrəmanova ünvanladığım “qadınların hərbi xidmət keçməsinə münasibətiniz” sualına o səmimi şəkildə niyə olmasın ki, mən qulluq etdiyim hərbi hissədə çox qadın vardı, əlbəttə olar” cavabını verdi.
Keçmiş hərbçi, polkovnik leytenant Məmməd Rəhimov, Müdafiə Nazirliyinin təqaüdçüsü, hərbçi  Qaraxan Hacıyev də Elçin bəylə eyni fikirləri paylaşdı. Hətta Qaraxan bəy “Azərbaycan bayrağı” ordenli qəhrəmanımız Qaratel Hacımahmudovanı misal gətirərək Azərbaycan qadınının savaş baş verdiyi halda iştirakını vacib sayır.

Azərbaycan Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin təşkil etdiyi snayper kurslarına yazılan və hal-hazırda orada təlim görən jurnalist Jalə Məmmədli də vətənpərvər bir xanım olaraq qadınların hərbidə xidmət etmələrindən yana olduğunu bildirdi:
"Erməni kimi bir düşməni olan ölkənin qadını müharibəyə getməz deyirlər. Amma bilsinlər ki, türk qadını hər zaman mübarizədədi. O generalları, o qəhrəmanları da qadınlar yetişdirir. Amma bununla belə, Vətənimizin keşiyində hər birimiz dayanmalıyıq. Savaş zamanı bizim yaşda yüzlərlə qız, gəlinin namusuna toxunulub,  işgəncələr verilib. Qadın olaraq biz də düşməndən qisasımızı almalıyıq. Bu bizim o analar qarşısında borcumuzdu”.

Bu araşdırmanı etmədən öncə “mütləq qadınlar hərbi xidmət keçməlidir” fikrini savunanlar içərisində mən də vardım. Doğrusu fikrimdə dəyişiklik olmasa da, bir xanım kimi indi məni düşündürən suallar çoxdur. Çünki milli məsələlərə romantik düşüncələrlə yanaşmaq bizi sadəcə uçuruma aparar. Burada cəmiyyətin ikili münasibətindən çox hərbi hissələrdəki mühit, yaşanan olaylar insanı dərin düşünməyə vadar edir.
Son 1 il ərzində hərbi hissələrdəki intihar, ölüm halları əvvəlki illərlə müqayisədə daha çoxdur. Bu isə oradakı mühitin şəffaf olmasını tamamilə yalanlayır. Lakin dövlət və bununla bağlı qurumlar tərəfindən orduda güclü sistem yaradılarsa, cəmiyyət üçün maarifləndirmə işləri yürüdülər və ən nəhayət tədris mərkəzlərində hərbi biliklər verilərsə, o zaman hər kəs üçün bu daha faydalı ola bilər. Bu sadalananların həyata keçirilməsi isə hər şeydən öncə potensial və real güclü ordu deməkdir.  Bax, bu zaman biz “müharibəyə hazırıq, döyüş alnımıza yazılıb” ifadələrini qorxmadan ürəklə deyə bilərik. Əks halda, bu ifadələr sadəcə dillərdə qalacaq...

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir