Modern.az

Azərbaycan gəncləri ən çox hansı musiqini dinləyir? - Bir sorğunun NƏTİCƏLƏRİ

Azərbaycan gəncləri ən çox hansı musiqini dinləyir? - Bir sorğunun NƏTİCƏLƏRİ

2 Dekabr 2017, 14:44

Gözəl musiqi ruha qidadır, insanın əsəblərini sakitləşdirir, əhval-ruhiyyəsini yüksəldir. Bəlkə də elə bir insan tapılmaz ki, həyatı boyunca musiqi dinləməsin. Musiqi həm də hər bir xalqın mədəniyyət göstəricidir. Millətin beynalxalq arenada tanınmasında onun musiqisi önəmli faktordur.

Azərbaycan xalq musiqisi — Azərbaycan və onun Avropa ilə Asiyada olan keçmiş ərazilərində yaşamış bütün sivilizasiyaların fərqli mədəni dəyərlərini özündə birləşdirir. Onun unikal quruluşuna bir çətir altında regional fərqlər daxildir. Azərbaycan xalqının musiqi-poetik yaradıcılığının ən qədim və önəmli janrlarından olan mahnılarda onun pak, yüksək mənəviyyatı, daxili aləmi, arzuları, ümidləri əks olunub.

Bəstəkar musiqiləri də Azərbaycan musiqisinin incəliklərinin daşıyıcısıdır. Üzeyir Hacıbəyli, Qara Qarayev, Emin Sabitoğlu, Tofiq Quliyev, Cahangir Cahangirov, Əfrasiyab Bədəlbəyli, Müslüm Maqomayev kimi görkəmli bəstəkarlar Azərbaycan musiqisinin  zəngin milli-mənəvi dəyərləri özündə birləşdirdiyinin sübutudur.


Muğam
-Azərbaycanın professional musiqi mədəniyyətinin şifahi irsinin mühüm qismini təşkil etməklə, Azərbaycan xalqının mədəni ənələrində və tarixində dərin köklərə malikdir. Bu mədəni ənənənin Azərbaycanda köklərinin olması ölkədə onun daşıyıcılarının sayı, eləcə də onun Azərbaycan bəstəkarlarının, rəssamlarının, heykəltəraşlarının və şairlərinin tükənməz ilham mənbəyi olan milli mədəniyyətdə mühüm rolu ilə təsdiqlənir. Muğam yarandığı ən qədim zamanlardan başlayaraq, əsrlər boyu davam edən tədrici inkişaf və təkamül prosesi nəticəsində yetkinləşib, formalaşıb və kamilləşib.

2008-ci ildə Azərbaycan muğamları UNESCO-nun Qeyri-maddi mədəni irsin Reprezentativ Siyahısına daxil edilib.


Bəs Azərbaycan gəncləri bizə miras qalan bu musiqiləri dinləyirmi? Ümumiyyətlə, hazırkı gənclik hansı janrda olan musiqilərə üstünlük verir? Modern.az saytı millətin aynası olan gənclərdən hansı musiqiləri daha çox dinlədiyini soruşub.


Sorğuda iştirak edən 115 gəncdən  30,4 %  klassik musiqi, 28,7 %-i pop, 12,2%-i rep dinləyir. Rok dinləyənlərin sayı da az deyil. Azərbaycan xalq mahnılarını dinləyənlər azlıq təşkil edir. 115 gəncin 59,1%-i muğamı bəzən, 7%-i hər zaman dinləyir. 33,9%-i isə ümumiyyətlə  muğam dinləmir.


Məsələ ilə bağlı “Muğam Dünyası” Klubunun sədri Nicat Müslümov Modern.az-a deyib ki, muğamı sevmək ailədən gəlməlidir:


“Mən muğamı orta məktəbdə oxuyandan bugünə kimi sevirəm. İndi 30 yaşım var. Atam, anam muğamı sevib və hər zaman muğam dinləyiblər. Mən də bu ruhda böyüdüm. Babam 80 yaşında rəhmətə getdi və hər zaman evimizdən muğam səsi gəldi, muğam eşitdik. Muğamı sevmək, duymaq lazımdır. Muğam bütün müasir mahnılarda var”.

Nicat Müslümov “Muğam Dünyası” Klubunun məqsədinin, gəncləri muğam sənəti ilə bağlı maarifləndirməkdən ibarət olduğunu qeyd edib.

“Mən “Azərişıq” ASC-də çalışırdım. Orada Xan Şuşunskinin oğlu Aslan müəllim qonşu otaqda şöbə rəisi idi. Hər zaman mənə muğam gecələrinə bilet verərdi. Bacısı Bəyimxanım xanım bugün də məni tanıyır. Məni Muğam Mərkəzində konsertlərə dəvət edirlər. Özümlə 20, 30 nəfər də aparıram. Muğam bizim etnik kodumuzdur. Muğamı hər bir azərbaycanlı sevməlidir. Bu da ailədən gəlməlidir. Uşaqlarınıza muğamı sevdirin.

Daha sonra bu klubu yaratdıq. Sosial mediada aktiv fəaliyyətdəyik. Bunları niyə edirik? Çünki indiki gənclik virtual aləmdə çox olur. Heç olmasa muğam haqqında, sənətkarlar haqqında məlumatlı olsunlar, maariflənsinlər. Məqsədimiz  gənclər arasında muğamı sevdirməkdir”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir