Modern.az

Parlamentdə uşaq huquqları barədə deyilənlər

Parlamentdə uşaq huquqları barədə deyilənlər

20 Noyabr 2009, 15:03

Milli Məclisdə BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbulunun 20-ci ildönümünə həsr olunmuş hesabat təqdim olunub.

Hadı Rəcəbli: “Daha uşaqlar debil doğulmur” 

Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli uşaq hüquqları sahısindəki praktikadan danışıb. Onun sözlərinə görə, indiyədək Azərbaycan uşaq hüquqları sahəsində 30-dək beynəlxalq konvensiyaya qoşulub, bu sferaya aid sənədlərə 100-dək düzəliş edilib.

Hadı Rəcəbli xatırladıb ki, vaxtilə parlamentdə “Körpələrin erkən qidalanması” haqqında qanun layihəsi müzakirəyə çıxarılanda, çoxları bunu qeyri-ciddi qiymətləndirmişdilər: “Lakin o vaxt BMT-nin Uşaq Fondu komitəmizi tək qoymadı, layihənin müzakirəsində daim yanımızda oldu. Məsələyə ictimaiyyətin də dəstəyi qanunun qəbuluna imkan yaratdı. Nəticədə bu qanun ilk dəfə olaraq BMT-nin modern qanunu oldu.  İndi bu sənəd qabaqcıl təcrübə kimi bütün dünyaya məsləhət görülür”. Komitə sədri eynilə “Duzun yodlaşdırılması haqqında” qanun layihəsinin də əksər deputatların kəskin etirazı ilə üzləşdiyini bildirib: “Biz deputatarla ayrılıqda işlədik, YUNİSEF tanınmış mütəxəssisləri prosesə cəlb etdi. Nəhayət 2 ildən sonra həmin sənədi də qəbul etdik. İndi isə bu qanun MDB Parlament Assambleyasının qərarı ilə modern hüquqlu sənəd kimi təsdiqləndi”. Hadı Rəcəbli əmindir ki, duzun yodlaşdırılmasına həsr edilən bu qanunun xalqımıza verdiyi fayda daha çox olub. “Məsələn, zob xəstəlikləri, debil doğulan uşaqlara indi demək olar təsadüf olunmur”.

Sosial siyasət komitəsinin YUNİSEF-in dəstəyi ilə hazırlanan qanun layihələri sırasında Hadı Rəcəbli “Yuvenal ədliyyə haqqında”, “Uşaq büdcəsi haqqında” qanunların adlarını çəkib. Deputat bildirib ki, komitənin YUNİSEF-lə əməkdaşlığı gələcəkdə də davam edəcək. Hadı Rəcəbli bu strukturun indiki və əvvəlki rəhbərlərinin işini yüksək qiymətləndirib onlara minnətdarlıq edib.

 

Mark Herevard: “Qanunun qəbulu ilə iş bitmir”

 

YUNİSEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Mark Herevard rəhbərlik etdiyi qurumun ölkəmizdə uşaq hüquqlarının müdafiəsi istiqamətində gördüyü işlərdən danışıb. Onun dediyinə görə, iqtisadiyyat sürətlə inkişaf edən bir ölkədə valideyn qayğısından kənarda qalan uşaqların taleyinə biganə yanaşmaq olmaz: “Uşaqlara edilən sərmayə ən faydalısıdır. Cəmiyyət uşaqların fiziki və əqli inkişafına yönəldilən hər bir manatdan 7 dəfə çox bəhrələnir. Bəzən isə bu pulları uşaqların səhiyyə, təhsil xərclərinə yönəltmək əvəzinə onları həbsxanalara yönəldirlər”. M.Herevard bildirib ki, uşaqların üzləşdiyi problemlərin həlli üçün yalnız qanunların qəbulu kifayət etmir: “Bu qanunlar tətbiq edilməlidir.  Bu gün uşaqlar  daha çox iqlim dəyişikliyindən, ekoloji təhlükə nəticəsində yaşayış yerlərinin itirilməsindən,  içməli suyun və digər mənbələrin tükənməsindən əziyyət çkirlər. Bu problemlərin öhdəsindən gəlmək bir təşkilatın işi deyil. Bütün qurumlar qarşılılqı əməkdaşlıq formasında işləməlidirlər”.  

M.Herevard Uşaq Parlamentinin yaradılmasını cəmiyyətdə açıq dialoqun aparılması istiqamətində böyük addım kimi qiymətləndirib: “Hər bir uşağın hüququdur onun səsi eşidilsin, onu dinləsinlər. Yalnız bu halda uşaqların hüquqlarının təmin edildiyinə əmin olmaq mümkündür”. 

 

“Uşaq koloniyası”nda 49 uşaq cəza çəkir

İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanova  uşaq evlərinin deinstitutlaşması haqqında proqramın qəbulunu xatırladıb, inetrnat və uşaq evlərində aparılan təmir işlərinə, hemofiliya və talassemiya  kimi irsi qan xəstəlilərinə düçar olan uşaqlara yardım məsələsinə toxunub.

 

Uşaq Parlamentinin sədri Taleh Əliyev rəhbərlik etdiyi qurumun yaradılmasını bu vaxtadək heç bir ictimai təcrübəsi olmayan uşaqlar üçün böyük məktəb kimi qiymətləndirib.    

Hazırda Azərbaycandakı “Uşaq koloniyası”nda 49 uşaq cəza çəkir. Bu məlumatı isə MM-in Hüquq siyasəti və dövlət quruculuğu kopmitəsinin sədri  Əli Hüseynov səsləndirib. Onun dediyinə görə, bu rəqəm MDB məkanında ən aşağı göstəricidir: “Biz bu göstəricilərin minimuma edirilməsi üçün siyasət aparmalıyıq. Son dövlərlər ölkədə həyata keçirilən siyasət həm də ona yönəilb ki, Azərbaycanda  yuvenal ədliyyə islahatları başa çatdırılsın. Təsadüfi deyil ki amnistiya qanunlarında hər zaman uşaqlarla bağlı bölmə olur. Mümkün qədər onlara qarşı humansit siyasət həyata keçirilir”.

İclasda Milli Məclisin İqtisadi siyasət, Elm və təhsil məsələləri komitələrinin  sədrləri də çıxış ediblər. Sonra “Uşaq problemlərinin həllində parlamentin yeri və rolu” filminin təqdimatı olub.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir