Modern.az

Mətbuat Şurasından Əməkdar jurnalistin ölümü ilə bağlı NEKROLOQ

Mətbuat Şurasından Əməkdar jurnalistin ölümü ilə bağlı NEKROLOQ

4 Dekabr 2017, 00:13

Azərbaycan Mətbuat Şurası Əməkdar jurnalist Tatyana Çaladzenin vəfatı ilə bağlı nekroloq yayıb. Modern.az xəbər verir ki, nekroloqda mərhunun doğmalarına, yaxınlarına, dostlarına dərin hüznlə başsağlığı verirlir:

 

"Tatyana Çaladzenin Azərbaycan, xüsusən də Dağlıq Qarabağ həqiqətlərinin çatdırılmasında xidmətləri böyükdür. Buna görə onu fədakar qələm sahibi adlandırmaq mümkündür. O, 1992-ci ildə məhz Qarabağ münaqişəsini işıqlandırmaq üçün doğulub boya-başa çatdığı və jurnalist kimi çalışdığı Latviyadan ölkəmizə gəlib. Müharibənin canlı şahidinə çevrilib, döyüşlərdə yaralanıb.

 

T.Çaladze çoxsaylı məqalələrində Qarabağ konfliktinin tarixini, erməni separatçılığının ideoloji tərəflərini geniş təsvir edib, Azərbaycanın ədalətli mövqeyinin fəal təbliğatçısı olub. Mərhumun 2014-cü ildə çapdan çıxmış “Karabaxskaya oteçestvennaya: Oni umirali çestno” kitabı bu baxımdan xüsusi qiymətləndirilir.

 

Əməkdar jurnalist Tatyana Çaladzenin vəfatı Azərbaycan jurnalistikası və ictimai fikri üçün böyük itkidir. Mətbuat Şurasının sədri və İdarə Heyətinin üzvləri jurnalisti tanıyan, onun sənətinə dəyər verən hər kəsin üzüntüsünü bölüşür, bir daha dərin hüznlə başsağlığı verir".

 

Tatyana Çaladze dünən Yasamal rayonunda Qurd qapısı qəbiristanlığında dəfn edilib.

 

T. Çaladze Latviyada anadan olub, yerli qəzetlərdə çalışıb. Qarabağ münaqişəsini işıqlandırmaq üçün 1992-ci ildə Azərbaycana gələn T. Çaladze qəlpə yarası alıb. Jurnalist Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çoxlu sayda məqalə müəllifidir. Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə 2010-cu ildə T. Çaladzeyə  Əməkdar jurnalist adı verilib.

Allah rəhmət eləsin!

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir