Modern.az

 “O səs Ukrayna”nın azərbaycanlı iştirakçısı: “Mən Müslüm Maqomayevi təqlid etmirdim” - MÜSAHİBƏ

 “O səs Ukrayna”nın azərbaycanlı iştirakçısı: “Mən Müslüm Maqomayevi təqlid etmirdim” - MÜSAHİBƏ

Müsahibə

4 Dekabr 2017, 11:06

Vaqif Nağıyev: "“Eurovision”da iştirak etmək ən böyük arzumdur, orda çıxış etsəm, dəqiq üçlüyə düşə bilərəm"

Modern.az  saytı Azərbaycanı “O səs Ukrayna”da təmsil edən, gənc ifaçı Vaqif Nağıyevlə müsahibəni təqdim edir.

- Vaqif bəy, gənc ifaçıların bir çoxu Azərbaycanı digər ölkələrdə təmsil edir. Xüsusilə də “O səs Türkiyə”yə üz tutanlar daha çoxdur. Siz də bu formatlı yarışmada iştirak etmisiniz. Maraqlıdır, niyə məhz Ukrayna?..

- Bu müsabiqədən xəbərim yox idi. Yəni adi bir tələbənin orada iştirak edə biləcəyinə inanmırdım. Mənə elə gəlirdi ki, müsabiqədə  ancaq imkanlı şəxslər iştirak edə bilər və bütün məsələlər pulla həll edilir. Səhv etmirəmsə, həmyerlilərdən o zaman heç kəs belə verilişlərdə olmamışdı. Onlar da eyni fikirdə idi.
2013-cü ilin noyabr ayında vokal müəllimimiz Lyudmila Kudriç bizdən müsabiqəyə gedib bəxtimizi sınamağımızı xahiş etdi. Beş nəfər idik və təbii ki, inam olmadığı üçün heç birimiz o kastinqə getmədik. Lakin müəllimə Xarkov şəhərindəki kastinqə getmədiyimizdən xəbər tutanda  bizi gözəl sözlərlə Dnepropetrovsk şəhərinə yola saldı. Halbuki,  Xarkov şəhərinə yenicə öyrəşmişdim. Xülasə, şəhərə yola düşdük, səhər saat 5.00, heç kəsi və heç bir yeri tanımırıq. Naviqatorla kastinq yerini tapdıq. Beş nəfərdən yalnız iki nəfər prodüser otağına düşdü və onlardan biri də mən idim. Buna baxmayaraq, yenə də  keçəcəyimə inanmadım.  Bir aydan sonra mənə kanaldan zəng vurub təbrik etdilər və Kiyevdə kastinqə gözlənildiyimi bildirdilər. Hər şey  bundan sonra başladı və siz növbəti mərhələlərin şahidi oldunuz. Açığı, o müəllim olmasaydı, mən bu günə qədər tanınmazdım.

- Sizin həmin müsabiqədə iştirakınız Azərbaycanda da gözəl qarşılandı və demək olar ki, bütün media qurumları bunu işıqlandırdı. Maraqlıdır, səs layihəsi həyatınızda nəyi dəyişdi?


-
İnanırsınız, videoçarx  yayımlanandan sonra səhər yuxudan oyanan kimi dostum zəng edib dedi ki, “Vaqif oyan və sosial şəbəkələrə bax, gör nə baş verib”.
Mənə elə gəldi ki, dostlar zarafat edir. Azərbaycanda hər kəs müsabiqədəki çıxışımdan agah idi. Həmyerlilərimin məni görüb-eşitdikləri, o cümlədən ifamı bəyəndikləri üçün fəxr edirdim. Düşünürdüm ki, çıxışımı yalnız Ukraynada bir neçə nəfər - tələbə yoldaşlarım, ailəm, Azərbaycandakı dostlar izləyəcək. İnanmazdım ki, videoçarxa 4 milyona yaxın baxış olacaq.  Bu baxımdan müsabiqə həyatımı tamamilə  fərqli istiqamətə yönləndirdi. Mənim həyata baxışlarım, prinsiplərim, dostlarım-çox şey dəyişdi. Demək olar ki, müsabiqədən öncəsi  ilə sonrasında yerlə-göy arasındakı qədər fərq var.


- Bəs indi yarışmanın münsifləri ilə əlaqəniz necədir? Məsələn, Tamara Qvertiseli yarışma bitəndən sonra sizə dəstək oldumu?


- Münsiflərlə mütəmadi olaraq əlaqə saxlayıram. Hər biri ilə çox gözəl xatirələrimiz var, görüşəndə onları yada salırıq. Tamara xanım əslində məni maestro Vladimir Qrişko ilə tanış etdi. İtaliyaya gedib-gələndən sonra mənə dəstək verdi və köməklik göstərdi.


- Bilirik ki, Müslüm Maqomayev sizin kumirinizdir. Hər halda, səsinizin oşxar olduğunu deyənlər də var. Necə düşünürsünüz, bu oxşarlıq təsadüfdür, yoxsa onu sevdiyiniz üçün təqlid edirsiniz?

- Bu sualı hər zaman eşidəndə sual verən kəsi inandırmaq istəyirəm ki, heç bir parodiya yoxdur, ya da hansısa davranışı, səsi təkrarlamağa cəhd etməmişəm. Mən hər zaman bundan qaçmışam. İstəmirdim ki, kimsə bir oxşarlıq görsün. Düzdür, mənim də, Müslüm Maqomayevin də səsi baritondur. Amma Müslüm Maqomayev təkrarolunmaz sənətkardır və belə bir səs, belə bir musiqiçi yalnız bir dəfə olur.

- Yarışmada “Show must go on”, “Stayin alive”, “ Figaro” və bu kimi maraqlı  ifalar səsləndirmisiniz. Səsinizdən bu cür rahatlıqla, fərqli istiqamətlərdə istifadə edə bilməyi kimdən öyrənmisiniz? Yoxsa bunun üçün sadəcə istedad kifayətdir?


- Müsabiqədə fərqli janrlarda ifa etməyimin səbəbi var idi. Prodüserlərdən biri mənə yaxınlaşıb  “Müslüm Maqomayevin mahnısını, “Show must go on”u ifa etdin, amma bundan sonra nəsə yenilik olmalıdır. Əgər bu olmasa, müsabiqədən çıxmağa hazırlaş. Bu bir  festival, konkurs deyil ki, eyni tərzdə oxuyasan. Müsabiqə bir şoudur və şou göstərməlisən” dedi. Çox düşündüm və bir neçə mahnıya qulaq asdım. Nəhayət risk edib “Stayin alive” mahnısını seçdim və gördüyünüz kimi canlı yayıma - növbəti tura keçid aldım. Səsdən rahatlıqla istifadə etmək üçün təbii ki, istedad və təhsilin vəhdəti önəmlidir.


- Maraqlıdır, haralarda təhsil almısınız və hazırda bu istiqamətdə vəziyyət necədir?


- 3 yaşımda ölməz sənətkarımız Oqtay Zülfüqarovun uşaq xorunda solist idim. Uşaqlıqdan Oqtay müəllim valideynlərimə deyirdi ki, bu uşağın böyük gələcəyi var. Mən tanınandan sonra Oqtay müəllimlə qarşılaşanda onun gözləri yaşardı və dedi ki, “mən sənin parlaq gələcəyinə inanırdım”. Təəssüf ki, Oqtay müəllim bu gün bizimlə deyil.
Bundan sonra 9 il Bülbül adına orta ixtisas musiqi məktəbində təhsil aldım. Mənə elə gəlir ki, həmin məktəb o zaman Azərbaycanın ən güclü musiqi məktəblərindən biri idi. 9 il ərzində 12 müəllim dəyişdim. Çünki rəhbərlik məni çox istədiyi üçün  yeni gələn bütün müəllimlərin sinfinə daxil edirdi. Daha sonra master-klass almaq üçün dövlət tərəfindən Rusiyaya, Moskva şəhərinə göndərildim. SSRİ xalq artisti Leonid Yekimov bir il mənə dərs dedi. O zaman müəllimdən müəllimə böyük fərq olduğunu anladım. Biri var 35 yaşlı, biri də var 80 yaşlı müəllim. Müslüm Maqomayev, Rəşid Behbudovla eyni səhnəni paylaşan bir şəxsdən dərs almaq mənim üçün böyük fəxr idi.
Bakıya qayıdanda Tofiq Quliyev adına 12 nömrəli musiqi məktəbinə daxil oldum və orada təhsilimi bitirdim. Bundan sonra Xarkovun İncəsənət İnstitutuna daxil oldum və həmin vaxt müsabiqədə iştirak etdim. Kiyev şəhərində 2 il təhsil aldım. İkinci kursu bitirəndən sonra dövlət tərəfindən bir daha master-klas üçün İtaliyaya - Roma şəhərinə göndərildim və bir il orada oxudum.
İndi isə Kiyev şəhərində təhsilimin artıq sonuncu ilini bitirmək üzrəyəm. Hazırda Ukraynanın xalq artisti, Nyu-York Metropoliten operanın solisti, Luçano Pavarottinin tələbəsi Vladimir Qrişko mənim müəllimimdir. Bu il biz onunla Ukraynanın 15 şəhərində ölməz sənətkarımız Müslüm Maqomayevin 75 illiyinə həsr olunmuş konsertlərdə iştirak etdik. Düşünürəm ki, Vladimir Qrişkonun yanında nəinki mahnı oxumaq, bir səhnədə durmaq belə inanılası hal deyil. Bu insanla bir səhnədə olmaq bütün opera müğənnilərinin, gənclərin  arzusudur.

- Ukraynada mütəmadi olaraq konsertlər verirsiniz. Bəs Azərbaycanda necə? Hansısa konsert proqramı ilə çıxış etmək fikriniz varmı?

- Bununla bağlı təkliflər olurdu. Əslində Azərbaycanda mütəmadi olaraq konsert proqramları ilə çıxış etmişəm. Bir neçə dəfə dövlət tədbirlərində çıxışlarım olub. Amma böyük bir planım var. Gələn il möhtəşəm konsertlə Azərbaycana qayıtmaq fikrindəyəm.

- Bilirsiniz, Ermənistan qoşun birləşmələrinin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində 18 aylıq Zəhra Quliyeva qətlə yetirildi. Həmin vaxt bütün azərbaycanlılar Zəhra üçün nəsə etməyə çalışırdı. Siz də Zəhranın ölümünə ifa həsr etmişdiniz. Bir az bu haqda məlumat verə bilərsinizmi?


- Xalam oğlu Bəhram Quluzadə və dostumuz Elşən Quliyevlə Bakıda studiya yaratmaq fikrinə gəldik. O studiyada gənclərə foto, video, rejissor, operator, aranjeman, səs rejissorları istiqamətində dəstək vermək istədik. Qeyd etdiyiniz xoşagəlməz hadisə də həmin ərəfəyə təsadüf etdi. Studiyada hər hansı musiqi aləti, kompüter yox idi. Yalnız ustalar var idi və təmir işləri gedirdi. Gecə xəbərləri oxuyan kimi dərhal mahnı yazmağa başladıq. Buna görə evdən bütün musiqi alətlərini, mahnı üçün nə avadanlıq lazımdırsa, studiyaya gətirdik. Dörd nəfər idik, musiqi hazır olandan sonra aranjeman etdik və sözləri yazmağa başladıq. Lakin dörd nəfərdən üçü rus sektorunda oxuyub, biri isə söz yaza bilmirdi. Gecə saat 2-3 arası ədəbiyyatçı dostuma zəng vurdum və ədəbi Azərbaycan dilində düzgün cümlələr qurmaq lazım olduğunu bildirib, onu köməyə çağırdım. Yalan olmasın, səhər saat 7-də sözləri yazıb bitirdik. Xalam oğlu Bəhram repi səsləndirdi. Ondan sonra mən oxudum. Həmin vaxt gözümün qabağında hər bir səhnəni canlandırırdım, Zəhra balanın həyatının son saniyələrini, 18 aylıq körpənin qətlini  təsəvvür edirdim.  Bu baxımdan mahnıda uşaq səsi eşitmək istədim və 12 saylı məktəbin şagirdi Murad İbrahimov bizə yardım etdi.

- Vaqif bəy, nə üçün belə tələsirdiniz?

- Biz mahnını yazmağa başlayanda yalnız internetdə yayımlamaq istəyirdik. Aranjeman bitdiyi gün sözlər daha yazılmamışdı. Digər tərəfdən, Muğam teatrında Zəhra balamıza həsr olunan konsert keçirələcəkdi. Bununla bağlı konsertin təşkilatçısı Nigar Həsənzadədən sosial şəbəkə vasitəsilə dəvət aldıq.  Mən Nigar xanıma zəng edib bir neçə dəqiqəsini mənə ayırmasını xahiş etdim. Ona bu cür mahnının olduğunu və tədbirdə bunu səsləndirmək istədiyimizi dedim.  Nigar xanım dedi ki, sizə inanıram, gəlin çıxış edin. Yenə gecəni yatmadıq, balaca Murad, mən, Bəhram mahnını ifa etdik və son versiyanı hazırladıq. Sabahısı gün məşq üçün Muğam teatrına getdik , Nigar xanım mahnını dinlədi və çox bəyəndi. Həmin vaxt mahnını yazmaq və onun xatirə kimi qalması mənim üçün fəxr idi.

- Bütün sahələrdə ermənilərin təxribatı, yalan əməlləri ilə qarşılaşırıq. Eləcə də bu, incəsənət, mədəniyyət sahəsində də belədir. Bəs siz hər hansı problem yaşamısınızmı?

- İndiyə kimi mənim yanımda Azərbaycana qarşı heç bir təxribat olmayıb. Çünki demək olar ki, qarşıma erməni çıxmayıb. Layihələrdə, “O səs Ukrayna”da bir neçə erməni var idi. Amma  onların əksəriyyəti heç erməni dilini belə, bilmirdi. Ataları, babaları erməni idi, amma özləri nəinki Azərbaycana qarşı təxribat haqqında fikirləşirdilər, heç öz tarixlərini yaxşı bilmirdilər. Yəni neçə illər bundan əvvəl ulu babaları Ermənistanda olan ermənilərlə bir-iki dəfə qarşılaşmışam.

- Bayaq yeni yaratdığınız studiyanı qeyd etdiniz. Bununla bağlı işlər necə gedir? Yeni proyektləriniz varmı?

- İşlər davam edir və gözəl layihələrimiz var. Hazırda mən Bakıda deyiləm, amma uşaqlar öz işləri ilə məşğuldurlar. Yəni kliplər çəkilir, mahnılar yazılır. Mənim studiyadan kənarda proyektlərim var. Gələn il maestro Vladimir Qrişkov ilə dünya turuna çıxacağıq. Həmçinin, qeyd etdiyim kimi gözəl konsertlə vətənə gələcəm.


- Son zamanlar azərbaycanlı ifaçılar xüsusilə bizə yaxın olan ölkələrin şou-biznesində yer tutmaq üçün kliplər çəkdirir, həmin ölkələrin ifaçıları ilə duetlər oxuyur və s. Lakin möhkəmlənə bilmirlər. Bu baxımdan Vaqif bəy, Ukraynada vəziyyət necədir? Sizin də nə zamansa belə fikriniz olubmu?

- Hazırda mənim əsas məqsədim Azərbaycan bayrağını Ukraynada dalğalandırmaq, Azərbaycan mədəniyyətini təbliğ etmək, Müslüm Maqomayevin xatirəsinə həsr etdiyimiz konsertləri keçirməkdir. Şou-biznesə daxil olmağa gəlincə, demək olar ki, Ukraynada ən öndə gedən müğənnilərin, prodüserlərin, rejissorların hər birini tanıyıram və onlarla gözəl əlaqəm var. Amma indiki vaxtda öz mahnılarıma üstünlük vermirəm. Hələ ki planda məhz Vaqif Nağıyevin mahnıları ilə bağlı fikirlər var. Ümumiyyətlə şou-biznesə daxil olmağa cəhd etsəm, inanıram ki, məndə alınar. Yenə də dünyanın hansı yerində olmağımdan asılı olmayaraq yalnız Azərbaycanı təmsil edəcəm, azərbaycanlı kimi çıxış edəcəm. Əsas hansısa ölkənin şou-biznesində yer tutmaq yox, vətəni yaddan çıxarmamaqdır.

- Yaşınızın gənc olmasına baxmayaraq, artıq ailə həyatı qurmusunuz. Oxucularımız üçün də maraqlı olar, tanışlıq necə olub? Adətən sənət adamlarının həyatı fərqli olduğu üçün müəyyən qısqanclıqlar yaranır. Sizdə necədir?

- Həyat yoldaşımla Kiyevdə bir tədbirdə tanış olduq. Daha sonra sevgi yarandı və dərk etdim ki, bu xanım həyatım boyu yanımda ola biləcək insandır. Düşünürəm ki, inam olmayanda qısqanclıq olur, amma inam olarsa,  heç bir narazılıq olmaz. Hər bir uğurlu adamın arxasında güclü qadın dayanır. Mən də həmin güclü qadını tapmışam və onunla birlikdə həyatımızı davam etdiririk.

- Artıq Azərbaycanın "Eurovision - 2018" mahnı müsabiqəsindəki namizədi məlumdur. Növbəti müsabiqə üçün sizə təklif gələrsə,  ölkəmizi təmsil etmək istərdinizmi?

- “Eurovision”da iştirak etmək mənim böyük arzum olub. Əgər təklif gələrsə, sevinərdim. Təbii ki, Azərbaycanı birinci etmək üçün əlimdən gələni edərdim. Yalan olmasın, dəqiq üçlüyə düşə bilərdim.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!