Modern.az

Deputat: “UNEC-in bu istiqaməti diqqətdə saxlaması yaxşı nümunədir”  

Deputat: “UNEC-in bu istiqaməti diqqətdə saxlaması yaxşı nümunədir”   

Aktual

4 Dekabr 2017, 13:30

Ötən həftə təhsil sektorunun gündəmindəki mövzu Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) ölkədə ilk dəfə olaraq iş dünyası ilə birlikdə yeni strateji əməkdaşlığa başlaması oldu. Universitet “UNEC2B” Platformasını geniş ictimaiyyətə təqdim etdi. Platforma tədrisin əmək bazarının tələbələrinə uyğunlaşdırılması, sahibkarlıq universiteti modelinin yaradılması və məzunların işlə təmin olunmasında birgə fəaliyyəti təmin edəcək.

Modern.az bu yanaşmanın ölkəmiz üçün yenilik olduğunu nəzərə alaraq, Harvard Universitetinin məzunu, deputat Vüsal Hüseynovun fikirlərini təqdim edir.


Millət vəkilinin sözlərinə görə, akademik təhsil müəssisələrinin qarşısında duran əsas vəzifələrdən biri də  əmək bazarının tələblərinə cavab verəcək məzunların yetişdirilməsidir. Bu həm bu sahədə rəqabət qabiliyyətli olma, həm də universitetlərin nüfuzunun artması baxımından çox əhəmiyyətlidir. Başqa sözlə desək, akademik qurumların etibarlılığı həm də onların məzunlarının işə götürülmə statistikasına görə müəyyən edilir. Bu baxımdan çox əhəmiyyətlidir ki, təhsil müəssisələri bu tələbləri izləsinlər, araşdırsınlar və öz fəaliyyətlərini ona uyğun qursunlar.


V.Hüseynov UNEC-in bu istiqaməti diqqətdə saxlamasını və UNEC2B Platformasını mütərəqqi yanaşmanın yaxşı nümunəsi hesab edir. Millət vəkili “UNEC2B” Platformasının əmək bazarının sürətlə yenilənən tələbləri ilə məzunların bilik və bacarıqları arasında olan hər hansı uyğunsuzluğu və özəl sektorla olan zəruri koordinasiya ehtiyacının aradan qaldırılmasına əhəmiyyətli töhfə verəcəyinə inandığını bildirib.

“Bu platformanın mahiyyəti və niyyəti ilə yaxından tanış olduqda həm əmək bazarı təmsilçilərinin, həm də UNEC-in məzunlarının mənafeyinin qorunduğu və inkişafına xitmət etməsi görünür. Sahibkarlıq təcrübəsinin akademik mühitdən təcrid olunmaması üçün tədbirlər nəzərdə tutulur və ya özəl sektorun, sahibkarlıq mühitinin universitetə daha sürətli inteqrasiyası təmin olunur.

“Sahibkarlıq universiteti modeli” həmdə bütün maraqlı tərəflərin - tələbələrin və sahibkarların tələblərinə cavab verən, onları birləşdirən və müasir sahibkarlıq bacarıqlarına malik yeni nəsil kadrların yetişdirilməsini və təhsil prosesində innovasiya mühitinin təmin edilməsini nəzərdə tutur. Hesab edirəm “UNEC2B” layihəsində nəzərdə tutulan dəstək xarakterli məzunlar üçün ödənişsiz kurslar, işəgötürənlərin tələblərinə uyğun mütəxəssis hazırlığı, virtual əmək birjasının təşkili, rəqəmsal marketinq xidmətlərinin göstərilməsi, Koordinasiya Şurasının yaradılması və sair yeniliklər universitetin “sahibkarlıq universiteti modeli”nin yaradılması istiqamətində transformasiya prosesinin sürətləndirəcək və möhkəm özül olacaqdır. Ümumiyyətlə, “Sahibkarlıq universiteti modeli” yanaşması mütərəqqidir və bu istiqamətdə hər bir addımı təqdirəlayiq hesab edirəm. Əminəm ki, UNEC2B Platformasının müsbət ictimai təsirlərini qısa müddət sonra həm məzunlar, həm özəl sektor, həm də digər maraqlı tərəflər hiss edəcək”. 

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü