Modern.az

Bu kino ki var... Havaya sovrulan pullar, uğursuz rejissorlar, tanımadığımız filmlər...  

Bu kino ki var... Havaya sovrulan pullar, uğursuz rejissorlar, tanımadığımız filmlər...   

4 Dekabr 2017, 14:59

Bu gün Azərbaycanda kifayət qədər yeni filmlər çəkilir. Lakin əksər tamaşaçılar bu filmləri səmimi qəbul edə bilmirlər.  Köhnə Azərbaycan filmlərinin həsrətini çəkənlər az deyil.  Bəziləri yeni filmlərin keyfiyyətsiz çəkilişindən, zəif aktyor işindən, kinolarda istifadə edilən vulqar ifadələrdən narazıdır.


Niyə yeni filmlər köhnələrlə müqayisədə sönük qalır?

Xalq artisti  Rasim Balayev Modern.az-a açıqlamasında bildirib ki, bunun 40 səbəbi var:

“İndi yaxşı ssenari yazan da yoxdur, çəkən də. Bununla bağlı o qədər səbəblər var ki, saymaqla bitməz. Məsələn, gənc birindən soruşuram ki “a bala, niyə yaxşı film çəkmirsən?”, qarşılığında ssenarilərin olmadığını bildiriblər. Əvvəllər Azərbaycan Kinostudiyasının arxivində 20-30 ssenari olardı. Ancaq indi bu işdən başı çıxmayan adamlar yazır və nəticə olaraq yeni filmlər tamaşaçılar tərəfindən də sevilmir.



Digər tərəfdən, aktyorların içində oxuya bilməyən müğənnilər, təsadüfi adamlar çoxdur. Elə bilirlər ki,  aktyor sənəti çox asandır və bunu hər kəs bacarar. Elə deyil axı... Bunun məktəbi var, uzun proseslərdən keçməlisən. Düzdür, kimisə tipaj kimi çəkmək olar, amma aktyorluq dərin sənətdir. İndi aktyorluğu bir köpüklük ediblər. Kimi yolda görürlərsə, qolundan çəkib bu sahəyə gətirirlər. Ya da tanışlarından istifadə edirlər. Sənətə belə münasibət olmaz!..”.


Kinotənqidçi Sevda Sultanova
düşünür ki, müstəqillik dönəmində çəkilən maraqlı, kinematoqrafik cəhətdən uğurlu filmlərimiz var:

“Niyəsə tamaşaçıda belə stereotip fikir formalaşıb ki, köhnə filmlərimiz daha keyfiyyətlidir. Halbuki, sovet dönəmində lentə alınan filmlərin böyük bir qismi ilə tanış deyillər. “Kulis.az”da “Naməlum kino” layihəsini işləyirəm və burda geniş auditoriyanın məlumatsız olduğu filmlərdən yazıram. Onlar arasında bədii baxımdan zəif, dediyiniz kimi qeyri-səmimi filmlər az deyil. Populyar olan “Əhməd haradadır” filmi səmimi ola bilər, amma ortabab komediyadır.  Səmimiyyət hələ filmin uğurlu olması demək deyil.

Başqa misal deyim, 1986-cı ildə çəkilmiş “Aşkarsızlıq şəraitində” adlı film var. Bu film milli kinomuzda yeni dönəmin, fərqli kinobaxışın təzahürüdür. Amma kim tanıyır bu filmi?

Müstəqillik dönəmində çəkilən maraqlı, kinematoqrafik cəhətdən uğurlu filmlərimiz var, sadəcə o filmlər yetərincə təbliğ olunmur, gündəmə gətirilmir, müzakirə edilmir”.


Müsahibimiz qeyd edib ki, filmin uğurlu olması rejissordan  asılıdır:

“Zəif filmlər əlbəttə ki, var. Bu da ilk növbədə Mədəniyyət Nazirliyinin kino şöbəsinin yeritdiyi uğursuz siyasətlə bağlıdır: uğursuz rejissor seçimi, uğursuz ssenari seçimi və s. Bunun örnəyi “Hökmdarın taleyi” və ya “Sübhün səfiri” filmləridir, onlara xərclənən pullar havaya sovrulan pullardır. Bu filmərin kino sənətilə əlaqəsi yoxdur, nədirsə başqa bir şeydir, amma yüz faiz kino deyil.

Çoxu elə sanır ki, film alınmırsa, aktyor süni oynayırsa, bu aktyorun günahıdır. Yanlış təsəvvürdür. Rejissordan çox şey asılıdır. İlqar Nəcəfin “Nar bağı” filmində əsas rollardan birini oynayan Qurban İsmayılov yaxınlarda bir neçə xarici  festivalda mükafat alıb. Bu, təkcə onun yox, həm də İlqarın rejissor işinin, aktyorla işləmək bacarığının nəticəsidir.
Emil Quliyevin bu günlərdə geniş ekrana çıxan “İkinci pərdə” filmində əla aktyor oyunu var. Çünki Emilin aktyor seçimi, duyumu güclüdür. Bu cür nüanslar filmin keyfiyyətinə təsir edir”.
 

S.Sultanova bildirib ki, son vaxtlar müstəqil maliyyə ilə çəkilən filmlər artıb:

“Aralarında uğursuzu da, uğurlu olanı da var. Uğursuz olanları daha çoxdur. Bu da peşəkarlığın olmaması, savadsızlıq, mövzuya baxış bucağının dar olmasıyla bağlıdır”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir