Modern.az

Toponomiya Komissiyası 27 kəndin adının dəyişdirilməsi üçün qərar qəbul etdi - SİYAHI  

Toponomiya Komissiyası 27 kəndin adının dəyişdirilməsi üçün qərar qəbul etdi - SİYAHI   

4 Dekabr 2017, 17:59

Milli Məclis yanında Toponomiya Komissiyasının bu gün keçirilən iclasında Azərbaycanın 1 şəhərində, 14 rayonunda 27 yaşayış yerinin adının dəyişirilməsi ilə bağlı məsələyə baxılıb.


Bunu Toponomiya Komissiyasının sədri, deputat İsa Həbibbəyli Modern.az-a açıqlamasında deyib.

Deputat bildirib ki, komissiyaya 3 istiqamətdə təkliflər daxil olub.

“Vaxtilə kəndlərin tarixi adı dəyişdirilərək, onlara sovet bolşevik rəhbərlərinin adları verilib. Məqsəd həmin bolşeviklərin adlarının əbədiləşdirilməsi olub. Xanlar Səfərəliyevin, Məşədi Əzizbəyovun, Bünyad Sərdarovun, Səmədağa Ağamallıoğlunun, Əli Bayramovun, Qasım İsmayılovun, Müqtədir Aydınbəyovun adına və yaxud soyadına kənd adları uyğunlaşdırılıb. Bu zaman isə həmin yerlərin tarixi adları süni şəkildə silinib. Daha sonra isə bir zamanlar bəzi kəndlərə rus əlifbası ilə adlar verildiyinə görə onların tarixi adları silinib. Vaxtilə çar Rusiyasının müxtəlif quberniyalarından Azərbaycana rus, gürcü, erməni ailələri köçürülərək, burada məskunlaşdırılıb. Həmin millətdən olanların adları Azərbaycanın qədim yerlərinə verilib.  İndi isə həmin adlar aradan qaldırılaraq, onların  Ağlabaşlı, Balaçaylı, Düzqışlaq, Xanbulaq, Şıxlı, Şorabad kimi tarixi adları yenidən bərpa edilib”.


İsa Həbibbəyli bildirib ki, Toponomiya Komissiyası Yevlax, Ağsu, Astara, Goranboy, Göygöl, Xaçmaz, Xızı, Qazax, Quba, Qusar, Oğuz, Saatlı, Samux , Şəmkir rayonlarında olan bəzi yaşayış yerlərinə öz tarixi adlarının verilməsi ilə bağlı təkliflər irəli sürüb.


“Ağsu rayonunda Gürcüvan yaşayış məntəqəsinin adı dəyişdirilərək Xanbulaq, Göygöl rayonunda çar Mixail Romanov adını daşıyan Mixayılovka kəndinin adı dəyişdirilərək Bənövşəli, Goranboy rayonunda 26 Bakı komissarlarından olan Məşədi Əzizbəyovun adını daşıyan kəndin adı dəyişdirilərək Kəhrizli, Yevlax rayonunda Bünyad Sərdarovun adına olan kənd Yeni Çobankərə adlandırılıb. Həmçinin, o qəbildən olan kənd adlarının tarixi adının bərpa olunması əsas götürülərək bərpa olunub”.


Məsələyə Milli Məclisin iclasında da baxılacaq.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir