Modern.az

Azərbaycanda səfirlərin ağsaqqalı seçiləcək - XİN: “Doroxin getdiyinə görə bu post boşalıb”  

Azərbaycanda səfirlərin ağsaqqalı seçiləcək - XİN: “Doroxin getdiyinə görə bu post boşalıb”    

Ölkə

5 Dekabr 2017, 08:23

Bir neçə gün bundan əvvəl prezident Vladimir Putin Rusiyanın Azərbaycandakı  fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxini diplomatik vəzifədən geri çağırdı. Vladimir Doroxin 2009-cu ildən 2017-ci ilə qədər Azərbaycanda səfir postunda çalışıb.

O, uzun müddət səfir postunda çalışdığından bu illər ərzində Azərbaycanda fəaliyyət göstərən xarici diplomatların ağsaqqalı (duayen) olub.

Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev  Modern.az-a açıqlamasında deyib ki, Doroxinin geri çağrılmasına görə yeni duayenin seçilməsi məsələsinə baxılacaq.

“Duayenin seçilməsinə 2 tərəf qərar verir”

“Diplomatik korpuslarla əlaqə saxlanılacaq və Azərbaycanda ən uzun müddətdir  səfir çalışan diplomat duayen olmaq funksiyasını yerinə yetirəcək. Səfirlər arasında duayen seçilməsi məsələsinə səfirlər və Xarici İşlər Nazirliyi birgə qərar verir. Hər bir səfirlə nazirlik görüş keçirir və belə bir vəsatətlə diplomatik korpus qarşısında çıxış edir”.

“Duayenliyin cinsə aidiyyatı yoxdur”

“Bəs duayen qadın diplomat da ola bilərmi” sualına nazirlik rəsmisi belə cavab verib.

“Ölkəmizdə ən uzun müddət səfir postunda çalışan diplomat  duayen (ağsaqqal) seçilir. Duayenliyin cinsə aiddiyatı yoxdur. Ola bilsin ki, belə bir diplomat qadındır.  Bu zaman o, diplomatik qaydalara görə duayen seçilmək səlahiyyətinə malik olur. Duayen kiminsə xüsusi göstərişi ilə seçilmir. Bu, diplomatik korpusun səlahiyyətləri çərçivəsində tənzimlənir”.
 

Əgər kişi duayendirsə...


Hikmət Hacıyev duayen səfirlərin həyat yoldaşlarının da öhdəliklərindən danışıb.

“Səfirlərin həyat yoldaşları heç də duayenlik hüququndan kənarda qalmır. Əgər kişi duayendirsə, onun həyat yoldaşı müəyyən vəzifələri icra edir. Diplomatik korpus daxilində koordinasiya, ictimai xarakterli işlərin aparılması kimi məsuliyyət üzərlərinə düşür. Diplomatik təcrübədən çıxış edərək duayen səfirin həyat yoldaşı çay  süfrəsi və digər mərasimlər təşkil edir”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir