Modern.az

Qadınlarla bağlı mübahisəli ayələr və hədislər: İlahiyyatçılar tərcüməçiləri hədəf aldılar

Qadınlarla bağlı mübahisəli ayələr və hədislər: İlahiyyatçılar tərcüməçiləri hədəf aldılar

Hadisə

5 Dekabr 2017, 09:20

İslam dinində sual doğuran və ən çox müzakirə edilən məsələlərdən biri kişilərin hüquqlarının qadınlardan daha çox olması ilə bağlı mülahizələrdir.

 

Məsələn, Məhəmməd peyğəmbərin  cəhənnəmi görməsi ilə bağlı olan hədisdə belə deyilir:

 

“Cəhənnəmi qadınlar doldurucaq”. Başqa bir hədisi misal gətirək: “Özümdən sonra kişilər üçün qadınlardan daha zərərli bir fitnə buraxmadım”.

İnsanda belə bir sual yaranır: bu hədisləri oxuyan bir qadın necə İslamı qəbul etsin?

 

Bu antidemokratik deyilmi?

 

Qurani Kərimdə “Nisa” surəsinin 34-cü ayəsində deyilir:

 

“Kişilər qadınlar üzərində ixtiyar sahibidirlər. Bu Allahın onlardan birini digərindən üstün etməsi və mallarından sərf etməsinə görədir”.

 

Dinşünas alim Nəriman Qasımoğlu Modern.az-a açıqlamasında bildirib ki, “Nisa” surəsinin 34-cü ayəsində "ixtiyar sahibidirlər" ifadəsi ənənəvi tərcüməyə əsaslanır:

 

“Bu söz ərəbcədən hərfi tərcümədə "qayğısına qalanlardır" kimi verilməlidir,"qavvamun" sözünün bu mənası burada qayğıcıl,qəyyumluq, qayğıkeşlik anlamlarında işlənir.

 

Burada söhbət kişinin ailənin maddi yükünü daşıması məsuliyyətindən gedir. Başqa bir ayədə qadınların və kişilərin eyni dərəcədə fərqli üstünlüklərindən söz salınır və vurğulanır ki, insanlar bu üstünlüklərə görə nəyinsə umacağında olmamalıdırlar”.

 

Nəriman Qasımoğlunun sözlərinə görə peyğəmbərin cəhənnəmi görməsi ilə bağlı hədis təmamilə  saxtadır, uydurmadır.

 

İlahiyyatçı Elşad Miri isə qeyd edib ki, qadınla kişi arasında İslam dinində heç bir fərq yoxdur:

“Qadınla kişi arasında tək fərq təqvadır. Nisa surəsinin 34-cü ayəsi səhv tərcümə olunub”.

 

Sənətşünaslıq üzrə elmlər doktoru Sabirə Dünyamalıyeva Modern.az-a açıqlamasında bildirdi ki, dində Allah qadınla kişi arasında heç bir fərq qoymur:

 

“Allah qadınları qorumağı kişilərə tapşırıb. Fərq ancaq bundadır. Allah Quranda buyurur ki, birinizə digərindən daha artıq xüsusiyyətlər verdik. Demir ki, birinizi digərindən üstün etdik.

 

Məsələn, qadına daha rəhmli, kişiyə daha ciddi olması kimi xüsusiyyətləri deyə bilərəm”.

Sabirə  Dünyamalıyeva bildirib ki, Quranda Allah kişilərə qadınları qorumağı tapşırıb.

 

“Ancaq səhvən Quranda bu elə tərcümə olunub ki, kişi qadını onun sözünə baxmayanda onu döyə bilər. Belə bir ayə ola bilməz”.

 

Onun sözlərinə görə, Qurani-Kərimdə qadın-kişi bərabərliyinə dair ayələrə kifayət qədər rast gəlinir :

 

““Onlar ( qadınlar) sizin üçün bir libasdır, siz də onlar üçün libassınız... ( Bəqərə surəsi 187-ci ayə)”.

 

Libas-geyim insanı həm təbiətin iqlim təsirlərindən, həm fiziki təsirlərindən qoruyur, həm etik funksiya daşıyır, həm də estetik. Burada həm də sosial qorunmadan bəhs edilir-onlar birinin səhhətinin, namusunun, izzətinin, həm işinə, həm də evinə aid olan sirrinin qoruyucusudur.

 

Qadın və kişi hər ikisi hamidir, sadəcə kişilər deyil”.

 

Tövbə surəsi 71-ci ayədə Allah belə buyurub: “ İnanan kişilər və inanan qadınlar-bunların bəzisi bəzilərinin qoruyucu, yol göstərici yaxınlarıdır...

 

Yəni, kişilər və qadınlar bir-birinə qarşılıqlı yardım edənlərdir, məsləhət verəndirlər, bir-birinə ən yaxın vəlidirlər, hamidirlər. Deməli,hər ikisi Allah qarşısında bərabərdirlər”.

 

Əbülfəz KƏRİMOV

Whatsapp
Bizə yazın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi