Modern.az

Maliyyə Bazarlarına Nəzarət Palatasından banklarla bağlı yeni PROQNOZ

Maliyyə Bazarlarına Nəzarət Palatasından banklarla bağlı yeni PROQNOZ

5 Dekabr 2017, 10:18

“Hazırda bank sektorunun sağlamlaşdırılması prosesləri davam edir”.

 

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat katibi Elşən Allahverdiyev bildirib.

 

Qurum rəsmisi qeyd edib ki, bununla bağlı banklar tərəfindən əlavə səhm emissiyası, öhdəliklərin kapitala transformasiyası və ya digər banklarla konsolidasiyası da daxil olmaqla işlər aparılır:

 

“Maliyyə Bazarlarına Nəzarət Palatası kapital dayanıqlığının artırılması istiqamətində banklar tərəfindən görülən işləri dəstəkləyir və proseslərin prudensial həyata keçirilməsinə nəzarət edir. Aparılmış işlərin nəticəsi olaraq son iki ildə bank sektorunda kapitallaşmanın ən sağlam komponenti olan səhmdar kapitalı 1.1 milyard manat həcmində artıb”.

 

E.Allahverdiyev 2018-ci ildə bank sektorunda müsbət dəyişikliklərin olacağını qeyd edib:

 

“2017-ci ildə qeyri-neft ÜDM-in artım dinamikası, habelə bu trendin 2018-ci ildə də davam etməsi ilə bağlı Hökumət və beynəlxalq maliyyə qurumlarının artım proqnozları bank sektoruna da müsbət təsir göstərəcək. Eyni zamanda, Strateji Yol Xəritəsinə əsasən 2018-ci ildə bankların maliyyə xidmətlərinə çıxış imkanlarının genişləndirilməsi, rəqəmsal bankçılığın və banklararası pul bazarının inkişaf etdirilməsi üçün müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub”.

 

Onun sözlərinə görə, ölkə Prezidentinin Fərmanı ilə Kredit Zəmanət Fondunun təsis edilməsi və fəaliyyətə başlaması biznesin maliyyə xidmətlərinə çıxış imkanları daha da genişləndirəcək:

 

“Manatın məzənnəsinin stabilləşməsi fonunda milli valyutaya inamın bərpası və əmanətlərin dedollarlaşması üzrə mövcud meyllərinin 2018-ci ildə də davam edəcəyi gözlənilir”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir