Modern.az

Yeni orfoqrafiya lüğətinin istifadə vaxtı məlum oldu  

Yeni orfoqrafiya lüğətinin istifadə vaxtı məlum oldu   

5 Dekabr 2017, 11:54

“Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti  yeni orfoqrafiya lüğətinin yaradılması ilə bağlı Orfoqrafiya komissiyası yaradıb”.

Bunu  Milli Məclisin deputatı, AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli  Modern.az-a açıqlamasında deyib. O bildirib ki, komissiyaya Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə rəhbərlik edir:

“Orfoqrafiya komissiyasına həmçinin akademiyanın dilçi və digər humanitar sahəni təmsil edən əlaqəli akademikləri daxildir. Bundan başqa, Orfoqrafiya  komissiyasının ölkə  miqyaslı əhəmiyyəti nəzərə alınaraq Təhsil Nazirliyinin, Mədəniyyət və Turizm  Nazirliyinin, Reklam Agentliyinin, Tərcümə Mərkəzinin və Terminalogiya komissiyasının təmsilçiləri də daxil edilib”.


İ.Həbibbəyli qeyd edib ki,  artıq Nəsimi adına Dilçilik İnstitutu yeni orfoqrafiya qaydalarının ilkin layihəsini hazırlayıb:


“Hazırda layihə üzərində təkmilləşmə işi gedir. Bu günlərdə  layihə Orfoqrafiya komissiyasının üzvlərinə təqdim olunacaq. Dekabr ayı ərzində Orfoqrafiya Komissiyasının ilk  iclası keçiriləcək , lüğətin qaydaları, prinsipləri müzakirə ediləcək.

Layihə  müzakirə olunub qəbul ediləndən sonra orfoqrafiya qaydaları təsdiq olunmaq üçün Nazirlər Kabinetinə  təqdim olunacaq. Bundan sonra  yeni qaydalar əsasında orfoqrafiya lüğətinin hazırlanmasına başlanılacaq”.

Deputatın sözlərinə görə, yeni orfoqrafiya lüğəti 2018-ci ildə xalqın istifadəsinə veriləcək:

“Orfoqrafiya lüğətinə daxil olacaq çoxlu sayda sözlər var ki, onların yazılışı mübahisə doğurur. Buna görə də yeni orfoqrafiya lüğətinin qaydaları tətbiq olunandan sonra Nəsimi adına Dilçilik İnstitutunda mübahisəli məsələlərə baxılacaq. Aprel ayına  qədər yeni orfoqrafiya lüğətinin ilkin variantını komissiyanın müzakirəsinə çıxaracağıq. İnanıram ki, 2018-ci ildə yeni orfoqrafiya qaydaları əsasında Azərbaycan dilinin müstəqillik dövründə  ilk orfoqrafiya lüğəti xalqın istifadəsinə veriləcək”.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər