Modern.az

Nazim İbrahimov: “Hazırda bizim diaspora erməni lobbisinin fəaliyyətini zərərsizləşdirmək iqtidarındadır”

Nazim İbrahimov: “Hazırda bizim diaspora erməni lobbisinin fəaliyyətini zərərsizləşdirmək iqtidarındadır”

28 İyun 2011, 13:57

 Diasporla İş Üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov hakim partiyanın rəsmi saytına müsahibə verib. Modern.az müsahibəni qısa ixtisarla oxuculara təqdim edir.

- Dünya Azərbaycanlılarının III Qurultayına hazırlıq işləri necə gedir? Dünya Azərbaycanlılarının II Qurultayında qarşıya qoyulan vəzifələrə nə dərəcədə əməl olunub?

 - İyul ayının 5-də Bakı şəhərində Dünya Azərbaycanlılarının III Qurultayının keçirilməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2011-ci il 21 yanvar tarixində imzaladığı “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında” sərəncamından irəli gələn “Tədbirlər Planı”na müvafiq olaraq baş tutacaq.
Qurultayda dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının nümayəndələri, xarici ölkələrdə yaşayan azərbaycanlı elm adamları, ictimai və mədəniyyət xadimləri, iş adamları iştirak edəcək. Bundan başqa, milliyyətcə azərbaycanlı olmayan Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işinə daim dəstək verən tanınmış alim və ziyalılar, dövlət rəsmiləri, siyasi partiyaların təmsilçiləri, parlament üzvlərinin də Qurultaya qonaq qismində dəvət olunublar.
Diasporla Iş üzrə Dövlət Komitəsində Dünya azərbaycanlılarının III qurultayının təşkili ilə bağlı Tədbirlər planı hazırlanıb və İşçi qrup yaradılıb.Artıq Qurultaya dəvət olunan nümayəndə və qonaqların siyahısı dəqiqləşdirilib. Diqqətinizə çatdırmaq istərdim ki, Dünya azərbaycanlılarının III Qurultayına 1272 nümayəndə seçilib. Qurultayda dünyanın 42 ölkəsindən 595 nümayəndə və 205 qonaq iştirak edir. Ən çox nümayəndə və qonaqlarla təmsil olunan ölkələr sırasında Rusiya Federasiyası 153, Türkiyə 94, Ukrayna 45, Almaniya 45, Gürcüstan 40, ABŞ 24, İsveç Krallığı 22, Niderland Krallığı 21 nəfərlə təmsil olunublar. Qurultayın digər nümayəndələri Azərbaycan dövlət və hökumət orqanlarından, siyasi partiya və ictimai qurumlarından, mədəniyyət və incəsənət xadimləri arasından seçilmiş nümayəndələr təşkil edəcəkdir.

Dünya Azərbaycanlılarının II Qurultayından keçən dövr ərzində Qurultay zamanı qarşıya qoyulmuş vəzifələrə nail olunub. Bu gün biz artıq Azərbaycan diasporunun yaxşı təşkilatlandığını, azərbaycanlıların yaşadıqları ölkələrin ictimai-siyasi proseslərinə təsir göstərə bilmək imkanlarının əhəmiyyətli dərəcədə artması sayəsində onların Azərbaycanın milli maraqlarını müdafiə etmək iqtidarında olduqlarını qəti şəkildə söyləyə bilərik. Bizim ötən müddət ərzində əldə etdiyimiz ən mühüm nailiyyətlərdən biri ayrı-ayrı ölkələrdəki diaspor təşkilatlarının fəaliyyətini əlaqələndirən strukturların yaradılmasıdır. Biz bu prosesi davam etdiririk, məqsədimiz hər qitə üzrə Azərbaycan diaspor təşkilatlarının fəaliyyətini əlaqələndirə biləcək strukturların yaradılmasıdır və bu məqsədlər nail olunması üçün biz səylərimizi davam etdiririk. Dünya Azərbaycanlılarının II Qurultayından sonra görülən işlər sırasında xarici ölkələrdə yaşayan və təhsil alan azərbaycanlı gənclərin təşkilatlanması prosesinin sürətlənməsidir. Diasporla İş üzrə Dövlət Komitəsində bu sahədə fəaliyyəti daha da səmərəli etmək məqsədi ilə Gənclərlə iş şəbəsi yaradılıb. Əldə etdiyimiz nailiyyətlərdən biri dünyanın müxtəlif ölkələrindəki Azərbaycan diaspor təşkilatlarının dost dövlət və xalqların icmalarının müvafiq təşkilatları, o cümlədən türk, yəhudi diasporları ilə əməkdaşlığın əlaqələndirilməsidir. Bununla bağlı mən xüsusi olaraq 9 mart 2007-ci il tarixində Bakı şəhərində keçirilmiş Dünya Azərbaycan və Türk diaspor təşkilatları rəhbərlərinin I Forumunu, 17-19 noyabr 2007-ci l tarixlərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə ilk dəfə Türkiyədən kənarda – Bakıda təşkil olunan Türk Dövlət və Cəmiyyətlərinin XI Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultayını, 27 mart 2008-ci il tarixində Berlində Dünya Azərbaycan və Türk Diaspor Təşkilatları Koordinasiya Şurasının iclasını və bunun nəticəsi olaraq dünyadakı Azərbaycan və Türk diaspor təşkilatlarının əməkdaşlığının gücləndirilməsini qeyd edə bilərəm. Bütün bunlar Dünya Azərbaycanlılarının II Qurultayında sonra görülmüş işlərin kiçik bir hissəsidir və bu proses davam etdirilir.

- Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların problemlərinin həllində diaspor təşkilatları nə kimi rol oynayır? Diasporla İş üzrə Dövlət Komitəsi xaricdə yaşayan azərbaycanlıların problemlərinin həllində iştirak edirmi?

- Sizin sualınızı cavablandırmadan öncə diaspor təşkilatlarının yaranması zərurəti barədə fikir söyləmək istərdim. Elmi nöqteyi-nəzərdən bu və ya digər səbəbdən etnik vətənindən digər ölkəyə müvəqqəti və daimi yaşayış üçün gedən insanların hamısı həmin ölkənin yerli əhalisinə münasibətdə milli azlıq və ya miqrant statusunda olurlar. Və təbii ki, bu zaman onlar yad mühitdə yerli adət-ənənələrə, qayda-qanunlara adaptasiya olunması, öz həyatlarını qurması yolunda müəyyən maddi-mənəvi, hüquqi, məişət problemləri ilə üzləşirlər. Həmin ölkəyə daha əvvəl gəlmiş və qarşıya çıxan problemlərin həlli təcrübəsinə malik insanlar yenicə ölkəyə qədəm basmış soydaşlarına yardım göstərirlər. Bir-birinə köməkdən əlavə, milli azlığın nümayəndələri onlar üçün yad olan etnik-mədəni mühitdə öz adət-ənənələrini, doğma dilini qoruyub saxlamaq və yaşatmaq üçün bir araya gəlirlər. Diaspor anlayışı milli azlığın məhz bu amallar uğrunda birliyini özündə ehtiva edir. Bütün bunlar Azərbaycan diaspor təşkilatlarının yaranmasına da şamil oluna bilər. Azərbaycan xalqı öz kökünə, milli adət-ənənələrinə bağlı xalq olub, assimilyasiyaya tab gətirə bilən xalqdır, yəni digər millətin içində əriyib itmir. Onlar yaşadıqları ölkələrdə bir birinə arxadır, öz dillərini, adət-ənənələrini yaşadır, milli bayramlarını qeyd edirlər. Azərbaycanlıların diaspor təşkilatlarında birləşməsi onlara öz milli mənliklərini qoruyub saxlamağa yardım edir.
Diaspor təşkilatlarının təşəbbüsü ilə keçirilən tədbirlər, bu təşkilatların nəzdində fəaliyyət göstərən musiqi və rəqs kollektivləri, “Həftəsonu” məktəbləri, müxtəlif dərnəklər onlara bu işdə dəstək olur. Diaspor təşkilatları fəaliyyət göstərdiyi ölkənin qanunvericiliyinə uyğun olaraq yaradılır və təbii ki, həmin ölkənin qanunlarından irəli gələn hüquqlara malikdirlər və bu onlara azərbaycanlıların hüquqlarını qorumaq səlahiyyəti verir. Azərbaycan diaspor təşkilatının ayrı-ayrı üzvlərinin həmin ölkədə nüfuz sahibi olmaları, ictimai-siyasi proseslərə təsir göstərə bilməsi son nəticədə diasporun azərbaycanlıların maraqlarının daha ardıcıl və səmərəli şəkildə qorumasına gətirib çıxarır. Bu işdə diasporumuza Azərbaycan dövlətinin qayğısı, onun gücünə güc qatır. Azərbaycan dövləti diaspor təşkilatlarına tam gücləri ilə fəaliyyət göstərmələri üçün lazım olan köməyi göstərir. Diasporla İş üzrə dövlət Komitəsinin dəstəyi ilə Azərbaycan icma və birliklərinin nəzdində fəaliyyət göstərən “Həftəsonu” məktəblərinin sayı 2006-cı illə müqayisədə demək olar ki 2 dəfə artaraq hazırda 127-yə çatıb. Müvafiq dövr ərzində Azərbaycan diasporunun dövri nəşrlərinin və elektron Kütləvi İnformasiya Vasitələrinin sayı 111-dək artıb. Bundan əlavə Diasporla İş üzrə Dövlət Komitəsi müxtəlif əlamətdar tarixlərdə, milli bayramlarda Azərbaycan diasporunun keçirdiyi tədbirlərə dəstək verir, onları əyani vəsait, kitab, broşür, şəkil, plakat və s. təmin edir. Son illər Heydər Əliyev Fondunun Azərbaycan diasporuna verdiyi misilsiz dəstəyi xüsusi qeyd etmək istərdim. Məhz Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə dünyanın əksər ölkələrində keçirilən “Xocalıya ədalət kampaniyası” Azərbaycan diasporunun əldə etdiyi ən böyük uğurlardandır. Bu kampaniya sayəsində dünyanın elə bir ölkəsi qalmayıb ki, orada Azərbaycan xalqına qarşı törədilmiş bu soyqırımı aktından xəbərsiz olsunlar. Bu bir daha onu göstərir ki, effektiv diaspor fəaliyyəti yalnız diaspor təşkilatlarının doğma Vətənlə əməkdaşlığı sayəsində mümkündür.

- Diaspor təşkilatlarının əsas funksiyalarından biri də Azərbaycan həqiqətlərinin, mədəniyyəti və incəsənətinin həmin ölkələrdə təbliğ olunmasıdır. Azərbaycan diasporu bu işin öhdəsindən necə gəlir? 

- Hazırda dünyanın müxtəlif ölkələrində 410-dan çox Azərbaycan diaspor təşkilatı fəaliyyət göstərir. Onların hər biri Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işinə öz töhfəsini verir. Hər il dünyanın bir sıra ölkələrində 20 yanvar faciəsi, Xocalı soyqırımı, 31 mart-Azərbaycanlıların soyqırımı günü, Azərbaycan rayonlarının Ermənistan tərəfindən işğalının ildönümü münasibətilə yüzlərlə nümayiş, konfrans, dəyirmi masa, sərgi və s. tədbirlər keçirilir. 2010-cu ildə dünyanın 50-dək ölkəsində keçirilən bu tədbirlərdə Azərbaycan diasporunun üzvləri ilə yanaşı yerli ictimaiyyətin və digər xalqların diasporlarının nümayəndələri də iştirak ediblər. Onu da qeyd edim ki, ildən ilə bu tədbirlərdə iştirak edən insanların sayı çoxalır, ən əsası isə mühüm keyfiyyət dəyişiklikləri baş verir – bu tədbirlərə həmin ölkələrin hökumət və qanunverici orqanlarının, siyasi partiya və ictimai təşkilatlarının nümayəndələri də qatılırlar ki, bu da Azərbaycan həqiqətlərinin get-gedə dünyada tanınması, qəbul edilməsi deməkdir. Bundan əlavə, Azərbaycan dövlətinin əlamətdar günləri – Ümummilli lider Heydər Əliyevin anadan olduğu gün, Respublika günü, Milli Qurtuluş günü, Müstəqillik günü, Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə Azərbaycan diasporunun keçirdiyi tədbirlərə daha çox insan qatılır. Bütün bunlar Azərbaycan diasporunun gücünün artmasının göstəricisidir. Azərbaycan xalqının milli bayramı olan Novruz bayramı, Azərbaycan mədəniyyəti və incəsənətinin təbliğinə həsr olunmuş konfrans, konsert proqramları, sərgilərdə iştirak edən minlərlə insan Azərbaycanı, onun zəngin mədəni irsini, qədim adət-ənənələrini özləri üçün kəşf edir və bu insanlarda Azərbaycan xalqına və dövlətinə rəğbət daha da artır. Əlbəttə ki, bütün bunlar Azərbaycan diasporunun uğurudur. Güclü Azərbaycan diasporu isə Azərbaycanı maraqlarının həmin ölkələrdə təminatçısıdır.

- Azərbaycan diasporunun digər milli icmaların təşkilatları ilə münasibətləri nə səviyyədədir?

- Birinci növbədə onu söyləyim ki, Azərbaycan diasporu deyəndə tək etnik azərbaycanlılar yox, əslən Azərbaycandan olan və müəyyən səbəblər üzündən hazırda müvəqqəti və daimi olaraq xarici ölkələrdə yaşayan və Azərbaycanı özünə Vətən bilən bütün həmvətənlərimiz nəzərdə tutulur. Buna görə də bu gün Azərbaycan diasporu dedikdə onun sıralarında azərbaycanlılarla yanaşı Azərbaycanın milli maraqlarının qorunması prosesində fəal iştirak edən əslən Azərbaycandan olan yəhudi, rus, ukraynalı, gürcü və digər millətlərin nümayəndələri nəzərdə tutulur. Azərbaycan diasporunun milli tərkibinə görə rəngarəng olması onun digər millətlərin diasporları ilə əməkdaşlığına öz müsbət təsirini göstərir. Hazırda Azərbaycan diaspor təşkilatlarının türk və yəhudi diaspor təşkilatları ilə sıx əməkdaşlıq edirlər. Artıq söylədiyim kimi, Bakıda keçirilmiş Dünya Azərbaycan və Türk diaspor təşkilatları rəhbərlərinin I Forumu, yenə də Bakıda təşkil olunan Türk Dövlət və Cəmiyyətlərinin XI Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultayı, 27 mart 2008-ci il tarixində Berlində Dünya Azərbaycan və Türk Diaspor Təşkilatları Koordinasiya Şurasının iclası Azərbaycan və Türk diasporlarının əməkdaşlığını keyfiyyətcə yeni mərhələyə çıxarmışdır. Həmin tədbirlərin nəticəsi olaraq türkdilli xalqların diaspor təşkilatları arasında əməkdaşlığın inkişaf etdirilməsi, sosial-mədəni, ictimai-siyasi əlaqələrin dərinləşdirilməsi, mədəniyyət, iqtisadiyyat və digər sahələrlə bağlı müştərək layihələrin həyata keçirilməsi prosesinin intensivləşdirilməsi ilə bağlı bir sıra məsələlər, o cümlədən “Azərbaycan və Türk diaspor təşkilatlarının birgə fəaliyyət strategiyası” müzakirə edilərək qəbul edilib.  
Azərbaycan diasporunun sıx əməkdaşlıq etdiyi diasporlarından biri də dünyada ən qədim tarixə və böyük nüfuza malik yəhudi diasporudur. Azərbaycan və yəhudi diasporunun əməkdaşlığını şərtləndirən iki amil vardır. Birincisi, Azərbaycanın milli və dini tolerantlığından irəli gələrək vaxtilə respublikamızda yaşayan, hazırda əsasən İsrail dövləti olmaqla dünyanın müxtəlif ölkələrinə köçmüş yəhudilər Azərbaycana çox bağlıdırlar və Azərbaycanın maraqlarını müdafiə edirlər. İkincisi, Azərbaycan və İsrail dövləti arasındakı dostluq və tərəfdaşlıq münasibətləri iki xalqın diaspor təşkilatlarının əməkdaşlığını labüd edir. Mən tək bir faktı göstərmək istərdim. Bu yaxınlarda İsrail parlamentində “erməni soyqırımı” məsələsi Elm, Təhsil və İdman komissiyasının iclasına çıxarılmışdı. Ermənipərəst deputat Türkiyə ilə İsrail dövləti arasında münasibətlərin hazırda sərin olmasından istifadə edib uydurma “erməni soyqırımının” tanınmasına nail olmaq istəsə də, “AZİZ” təşkilatının səyi ilə bunun qarşısı alındı.

- Gənclər istənilən cəmiyyət və təşkilatın əsas hərəkətverici qüvvəsi sayılır. Azərbaycan diasporunda gənclər necə təmsil olunub və onlar nə dərəcədə fəaldırlar? 

- Son illər xaricdə yaşayan gənclərin təşkilatlanması işi geniş vüsət alıb. Hazırda müxtəlif ölkələrdə azərbaycanlı gənclərin 50-dək təşkilatı fəaliyyət göstərir. 40 gənclər təşkilatının nümayəndələri Dünya Azərbaycanlılarının III Qurultayının işində iştirak edəcəklər. Onu da qeyd etmək istərdim ki, son 5 il ərzində Azərbaycan diasporunda gənclərin fəaliyyəti və rolu xeyli artmışdır. Bu müddət ərzində Benilüks Azərbaycanlı Gənclərinin Koordinasiya Şurası, Norveç Azərbaycanlıları Gənclər Təşkilatı, Çexiya-Azərbaycan Tələbə və Gənclər Birliyi, İstanbulda “Azərbaycan Birlik Təşkilatı”, “Buta” Azərbaycan-Koreya Tələbə Təşkilatı və digər təşkilatlar yaradılmışdır. Xaricdə fəaliyyət göstərən azərbaycanlı gənclərin təşkilatları arasında xüsusi yeri şübhəsiz ki, 2009-cu il aprelin 18-də Moskvada yaradılmış və rəhbəri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva seçilmiş Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı (RAGT) tutur. RAGT-in yaradılmasının Azərbaycan diasporunun, Rusiyada yaşayan azərbaycanlı gənclərin həyatında nə dərəcədə böyük hadisə olması artıq təşkilatın təsis konfransında məlum idi. Həmin toplantıda Rusiyanın 60-dan çox bölgəsindən 300-dək nümayəndə, habelə Bakıdan dəvət olunmuş qonaqlar və Rusiyanın rəsmi şəxsləri iştirak edib. Hazırda RAGT-ın bölmələrinin sayı 60-dan çoxdur, yəni təşkilat bütün Rusiya Federasiyasını əhatə edir. Bu gün Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı Rusiyada Azərbaycan həqiqətlərinin ictimaiyyətə çatdırılması, dövlətimizi maraqlarının müdafiəsi, milli-mənəvi dəyərlərimizin qorunması, zəngin mədəni irsimizin təbliği işinə olduqca mühüm töhfə verir.
Azərbaycan diasporunun gənclərinin fəaliyyətinin əlaqələndirilməsi məqsədilə 2010-cu il aprelin 12-də Ukraynada yaşayan azərbaycanlı gənclərin I forumu keçirilmiş və Ukraynada yaşayan Azərbaycanlı Gənclərin Əlaqələndirmə Şurası yaradılıb. 2010-cu il mayın 15-də Gürcüstan azərbaycanlı gənclərinin I Qurultayı keçirilib və Gürcüstan Azərbaycanlı Gənclərinin İttifaqı təsis edilmişdir. Bu istiqamətdə görülən işlər arasında 2010-cu il noyabr ayının 27-28-də Almaniyanın Frankfurt şəhərində Dünya azərbaycanlı gənclərinin I konqresinin keçirilməsi xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərin diaspor quruculuğu işinə cəlb olunması, ictimai-siyasi fəallığının artması, tarixi Vətənlə əlaqələrinin möhkəmlənməsinə xidmət edib. Onu da qeyd edim ki, tədbirdə Azərbaycandan 41, dünyanın 23 ölkəsindən 131 gənclər təşkilatının nümayəndəsi, 25 ölkədən 41 diaspor təşkilatının rəhbəri iştirak edib.

- Bu gün Azərbaycan diasporunun erməni diasporu və lobbisinin Azərbaycan dövləti və xalqının maraqlarına zidd fəaliyyətinə nə dərəcə cavab vermək iqtidarındadır? Bu gün artıq söyləmək olarmı ki, dünyadakı yəhudi, erməni, yunan lobbisi ilə yanaşı Azərbaycan lobbisi də vardır? 

- Sizin bu sualınıza cavab olaraq mən tam məsuliyyət və səmimiyyətlə bildirirəm ki, hazırda Azərbaycan diasporu erməni lobbisinin Azərbaycanın maraqlarına zidd fəaliyyətini zərərsizləşdirmək iqtidarındadır. Bu ona görə baş verməyib ki, erməni lobbisi zəifləyibdir. Erməni lobbisi böyük tarixə, hakimiyyət və qanunverici strukturlarla sıx əlaqələrə malikdir və öz düşmənçiliyini davam etdirir. Bu ona görə baş verib ki, dünyadakı Azərbaycan diasporu artıq 20 il, 10 il və hətta 5 il bundan əvvəlki diaspor deyil. Yaxşı təşkilatlanmış, əlaqəli şəkildə fəaliyyət göstərən, mövcud olduğu ölkələrin ictimai-siyasi həyatında fəal iştirak edən, hökumətdə və seçkili orqanlarda təmsil olunmağa başlayan, rəsmi strukturlarla əlaqələr yaratmış Azərbaycan diasporu hazırda erməni lobbisinin fəaliyyətinin bütün istiqamətləri üzrə ona tutarlı cavab verməyə qadirdir. Artıq erməni lobbisi əvvəlki kimi hər istədiyinə nail ola bilmir.
Bizim səylərimiz sayəsində Azərbaycan diasporu bir neçə dəfə erməni lobbisinin dünya ictimaiyyətində Azərbaycan haqqında mənfi rəy yaratmaq cəhdinin qarşısını almağa müvəffəq olub. Sözsüz ki, ermənilərin Azərbaycan əleyhinə təbliğatı daima aparılır. Ona görə də biz həmişə “döyüş hazırlığı” vəziyyətindəyik. Azərbaycan dövlətinin apardığı xarici siyasət kursu sayəsində Azərbaycan dövlətinin maraqları ilə dünyanın aparıcı dövlətlərinin maraqları bir sıra məqamlarda üst-üstə düşür və ermənilərin bu cəhdləri iflasa uğrayır. Misal olaraq erməni lobbisinin bir vaxtlar Bakı-Tbilisi-Qars və yaxud bir neçə ay əvvəl Azərbaycanın süni peykini buraxmağı əngəlləmək üçün erməni lobbisinin göstərdiyi cəhdlərinin iflasa uğramasını göstərmək olar.
O ki qaldı Azərbaycan lobbisi məsələsinə, bilirsiniz ki, lobbinin formalaşdırılması kifayət qədər mürəkkəb sosial-psixoloji və siyasi prosesdir. Lobbi konkret maraqların müdafiəsi üzrə güc mərkəzidir və burada diaspor təşkilatları və dövlət aparatı qarşılıqlı əlaqəli şəkildə fəaliyyət göstərməlidirlər. Hazırda bir sıra dünya xalqları lobbi formalaşdırılması təcrübəsinə malikdirlər və Azərbaycan öz maraqlarından çıxış edərək onlardan istifadə etməlidir. Bütün bunlar bizim üçün təzədir. Deyə bilərəm ki, bu istiqamətdə müəyyən irəliləyiş əldə olunub. Konkret faktları açıqlamaq düzgün olmazdı. Bununla belə, mən deyə bilərəm ki, Azərbaycan lobbisi ifadəsi artıq utopiya deyil, tezliklə biz hamımız güclü Azərbaycan lobbisinin şahidi olacağıq.

- Dünya Azərbaycanlılarının III Qurultayında hansı məsələlərə diqqət yetiriləcək və qarşıya nə kimi vəzifələrin qoyulacağı gözlənilir?

- Dünya Azərbaycanlılarının III Qurultayında qarşıya duran vəzifələr qurultayda müəyyən olunacaq. Amma bəri başdan söyləmək olar ki, Azərbaycan diasporunun daha gücləndirilməsi, xaricdə yaşayan azərbaycanlılara öz milli-mənəvi dəyərlərini qoruyub saxlamaları, Azərbaycan həqiqətlərini təbliğ etmələri, yaşadıqları ölkələrin ictimai-siyasi həyatında fəal rol oynamaları üçün Azərbaycan dövləti bundan sonra da onlara qayğı göstərəcək. Müasir qloballaşan dünyada xalqlar arasında gedən sürətli inteqrasiya prosesləri, diaspor və lobbi təşkilatlarının beynəlxalq siyasətdə rolunun getdikcə artması Azərbaycanın öz diasporu ilə sıx əməkdaşlığını labüd edir.  Prezident İlham Əliyev müasir dünyada diasporların rolunun gücləndiyini düzgün qiymətləndirərək diaspor quruculuğu işinə xüsusi diqqət yetirir. 2006-cı ildə Bakıda Dünya Azərbaycanlılarının II Qurultayı keçirilməsi, dövlət başçımızın 19 noyabr 2008-ci il tarixli sərəncamı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsi yaradılması bu diqqətin göstəricisidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xüsusi qayğısının nəticəsidir ki, Azərbaycan diasporu qısa müddət ərzində böyük inkişaf yolu keçərək gənc olmasına baxmayaraq dünyada ən dinamik inkişaf edən diasporlardan birinə çevrilib.  

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı