Modern.az

Atalar və övladlar - “Atam mənə dedi ki, onu sonralar daha yaxşı tanıyacağam” - Eyvaz Əlləzoğlunun ÖVLADI

Atalar və övladlar - “Atam mənə dedi ki, onu sonralar daha yaxşı tanıyacağam” - Eyvaz Əlləzoğlunun ÖVLADI

Reportaj

6 Dekabr 2017, 16:35

Modern.az saytının “Atalar və övladlar” layihəsində tanınmış ziyalılar - elm, mədəniyyət, incəsənət, idman, ədəbiyyat xadimləri, eləcə də, ictimai, siyasi simaların övladları onları böyüdüb, boya-başa çatdıran atalarının həyat hekayətini danışırlar. Bir növ, atalarının keçdiyi ömür yolunu xarakterizə edirlər. Təkcə yazının deyil, həm də fotoların diliylə...

Həmçinin, məşhur övladlar da dünyasını dəyişən ataları barəsində danışır, onların portretini gözümüz önündə canlandırır.

Bu dəfə dünyadan erkən köçən mərhum yazıçı Eyvaz Əlləzoğlunun böyük övladı Oğuz Ayvaz bizimlə atası ilə bağlı ağrılı xatirələri bölüşəcək:

Göz yaşından doğulanlar

-Atamın silsilə hekayələri var, “Qonquz Pop-art” adlı silsilə. O hekayələrin girişinə belə yazıb: “Oğlum Oğuzun doğuluşuna”. Qısa, körpə boyda hekayələrdi. Mən o hekayələrin varlığından atam öləndən sonra xəbər tutdum. Qardaşım Ayxan atamın kitabını hazırlayırdı. Vərəqlərin içində həmin “Oğlum Oğuzun doğuluşuna” cümləsinə rast gəldik. Bəzən, sənə qaynar bir şey toxunanda geriyə çəkilirsən e, mən o cür oldum və həmin  xırda hekayələrdə öz körpəliyimi gördüm. Bir də fikirləşdim ki, yəqin, atam bu hekayələri mənim hər gün saatlarla ağlamağım hesabına yazıb. Anamla yuxusuz qaldığı günləri gözümün qabağına gətirdim. Təsəvvür elədim ki, dayanmadan ağlayıram, anam qucağına götürüb məni sakitləşdirməyə çalışır, atam da masanın kənarında oturub yuxusuzluqdan qabağına vərəq qoyub və o hekayələri yazıb. O hekayələr mənim ağlayışımdan dünyaya gəlmişdi. 


Tiflis... Mərkəzi küçələr... Sərxoş bir ata...

- Atam mənim dünyaya gəlməyimə də çox sevinibmiş. O vaxtları gülə-gülə danışırdı bizə. Əl-qolunu ölçə-ölçə böyük bir məhəbbətlə o günün filmini çəkirdi sanki; Tiflis... Mərkəzi küçələr... Sərxoş bir ata... Qəfil rastlaşdığı dostu... Qaranlıqda işıq kimi közərən taksi... Dostunun muştuluğu... Və sonra şəhərə hayqırmağı: “Kim Eyvazı sevir, minsin maşına”. Sonra kafe. Yıxılan butulkalar. Atamın səndirlənə-səndirlənə xəstəxanaya gəlişi. Uşağı görmək istəyi. Həkimlərin onu içəri buraxmamağı. Atamın mübahisə etməyi, dalaşmağı. Sərxoş cümlələrlə nəyisə izah etməyi. Və sonra diz çöküb ağlamağı. Filmin sonu.

 

“Küçə lampası” və iki “top”

-Atama “ata” yox, “dədə” deyərdik. Özü belə istəyirdi. Xoşuna gəlirdi bu cür çağırılmağı. Mən ilk uşağıyam, sonra bacımm Gülbəs və qardaşım Ayxan doğulub.  Aramızda bir yaş fərq var. Gündəliyində də bizim doğuluşumuzdan yazıb. Hərdən əlimə düşəndə vərəqləyirəm. Qəribə bir şey tapmışdım bir dəfə. Üçümüzün də şəklini çəkməyə cəhd etmişdi. Məni küçə lampası kimi uzun çəkmişdi. Ayxanla Gülbəsi topa bənzətmişdi. Bu atamın rəssam tərəfiydi. Tiflisdə rəsm dərsi almışdı. Dövrün tanınmış rəssamları ilə dostluq münasibətləri vardı, onların mühazirələrinə dəvət olunur, sərgilərdə iştirak edirdi. 
Atam həyatı iki cür görürdü: yazılı və görüntülü. Yazdıqları həyatın özüydü. Mən atam qədər özünü yazan yazıçı tanımıram. Bəlkə də öz həyatı da deyildi bu. Yeni, ütülü bir həyat qurmuşdu özü üçün, amma o həyatın içində də darıxırdı. Rəsm və kino isə həyatının görüntülü tərəfiydi. Hərdən bizə baxdığı filmlərdən, şəhərə gələn kinoteatrlardan ağızdolusu danışırdı. Onun danışığı da çox ləzzət edirdi adama. Şirin, koloritli, özünəməxsus. Deyəsən, Əkrəm Əylisli onun haqqında belə bir ifadə işlətmişdi: “O oğlanın qoynunda həmişə saz yeri görünür”. 
Atamın danışdıqları məndə həmişə daha gözəl bir yerin olacağına əminlik yaradırdı. Onun danışdıqları bu dünyayla bağlı deyildi sanki, xəyalında inşa elədiyi xırda evlər idi, bir də mürgülü itlər. Sakitçilik idi onun xəyalındakı şəhər, klassik musiqi gəlirdi hərdən, hərdən də bir şeir. Atam öləndə o şəhərə bir də heç vaxt gedə bilməyəcəyimi anladım.



Nağıl şəhərindən kirli dünyaya

-Mənim Bakıyla, teatrla, kinoyla, musiqiylə tanışlığım atamla bağlıdır. Əlimdən tutub şəhərə aparardı məni. Sovetin son nəfəsi, qoxusu yaddaşımın bir küncündə ilişib. Bakının dolanbac küçələri, nimdaş geyimli adamlar, qatarlar, küçələr... Bu görüntülər uşaq yaddaşıma yazılırdı və atam sanki məni həmin xəyalındakı şəhərə aparırdı. Sonra böyüdüm. Atamdan uzaqlaşdım. Yeniyetməlik vaxtlarım daha ağır keçdi. O şəhərdən qopub kirli dünyaya ayaq basdım. Qarşımdakı bataqlıqdan keçə bilmədim, bulaşdım o çirkli suya. Psixi sarsıntı keçirdim. Xəstəxanaya düşdüm. Atam bir gün belə məni tək qoymadı orda. Hər gün əli-dolu gələr, məni həkimlərə tapşırardı.


İlk hönkürtünün sancmaları

-Atamın ilk dəfə ağladığı yadıma düşür. Xəstəxanaya düşmədən əvvəl gərginləşmişdim, özümə yer tapa bilmirdim, yerlə-göylə əlləşirdim. Evdə öz-özümə danışır, sayıqlayırdım. Anam zəng edib atamı çağırmışdı. Onun evə gəlməyindən xəbərim olmamışdı. Bir onda qulağım hönkürtü eşitdi. Qanrılıb atamın əlləri üzündə hönkürərək ağladığını gördüm. Heç nə hiss edə bilmirdim. Nəyə görə ağladığını həmin an kəsdirə bilmirdim. İndi yadıma düşəndə bu ağır xatirənin buzlarının əridiyini hiss edirəm. Yavaş-yavaş o xatirə iynə tək bədənimə sancılır. Amma o anı təsvir etmək mənim üçün ağırdı.


“Öy” həsrəti


-Məktəbli yaşıma çatmışdım. Atam yay aylarında bizi Gürcüstana aparır, özü də işinə görə Bakıya qayıdırdı. Payız yaxınlaşırdı. Kənddəydik. Atam Bakıdan qayıtmış, “hazırlaş məktəbə başlayırsan” demişdi. Mən də suyu süzülə-süzülə nənəmin ətəyindən yapşmışdım ki, getməyəcəm Bakıya. “Bura mənim evimdi. Burda qalıb çobanlıq edəcəm. Mən kəndi sevirəm” dedim. Atam bir xeyli duruxdu bu sözlərimdən. Sanki deməyimə peşman olmuşdu. Ancaq oxumağımı, təhsil almağımı çox istəyirdi. “Veş-vüş”ümüzü yığıb döndük Bakıya. Birotaqlı mənzilimizə çatanda axşam idi. Qapqara, sısqa bədənli uşaqdım. “Soska” istəyən uşaqlar misalı, ağlamağa başladım ki, “öyümüzə gedək. Bura haradı?” Ancaq anam sözlərimi zarafata çevirdi. Atam da “evimiz buradı” dedi.


Papiros qoxulu xatirələr...


-Atam bir ara siqareti tərgitmişdi. Bir gün yayın cırcırama istisində anamla bazara getmişdik. Əlimiz dolu yolu keçirdik ki, qəfil məni maşın vurdu. Yerə sərildim. Ayağım əzildi. Anam da yerdə, gözlərində qorxu, təşvişlə məni qaldırmağa çalışırdı. Yolun ortasına kartof, soğanlarımız səpələnmişdi. Anamın yardımıyla, axsaya-axsaya yolu keçdik. Evə gələ bildik. Atam o vaxtlar siqareti tərgitmişdi. İşdən qayıdırdı. Bloka çatanda qardaşım "Oğuzu maşın vurdu" deyəndə ildırım vurmuşa dönüb, tez-tələsik pillələri qalxıb yanıma gəlmişdi. Saçıma tumar çəkdiyi yadımdadır. Sonra çönüb qardaşıma əsəbi-əsəbi “get papiros al” dediyi yadımdadır. O gün atamın mənə olan sonsuz sevgisini duymuşdum. Sevgisini heç vaxt açıq-aşkar göstərmədiyindən mənə olan diqqətinə təəccübləndim. Əli Kərimin şeirində dediyi kimi, sevgisi də soyuq idi, təzə əkini hər bəladan hifz eləyən qar kimi.



“Lənətəgəlmiş” Hollandiya

-Yay günlərindən biri idi. On yaşım olardı. Məhəllədə futbol oynayırdım. Zədələndiyimdən evə getməli oldum. Anam dizimin yarasına yod çəkib məni əzizlədi. Televizorda futbol verirdilər. Atam damağında siqaret, diqqətlə oyuna baxırdı. 2000-ci il Avropa Futbol Çempionatının qrup mərhələsi çərçivəsində Hollandiya Yuqoslaviyaya qarşı oynayırdı.

Atamın səsi gəldi:

- Bax, bu hollandlara azarkeşlik eləmə, Yuqoslaviya komandasına diqqət yetir!

Atamı dinləyir, ekranda ora-bura qaçan futbolçuları izləyirdim. Hesab 4-0 idi: hollandlar artıq qələbəyə doğru irəliləyirdilər.

- Ata, axı Hollandiya güclüdür, niyə Yuqoslaviyaya azarkeşlik edim?

- Hollandiya güclü, inkişaf etmiş  ölkədir, – atam dedi. - Amma Yuqoslaviya kasıb ölkədir, onun xalqı müharibələr, faciələr görüb. Ona görə də mən kasıb, zəif ölkələrə “balet” edirəm. Sən də kasıbın tərəfində dur.

Oyunun sonunadək baxdım. Hesab 6-1 Hollandiya millisinin böyük hesablı qələbəsi ilə sona çatdı. Sonra da atamın siqaret sümürməsi səhnəsi...

 

Böyük tapıntı

-Atamla bağlı xatirlərim daha çox uşaqlığımla bağlıdır. Onunla qardaşım Ayxanın xatirləri daha çoxdur. Ömrünün son günlərində belə, Ayxan onunla dost idi. Təbii ki, burada ədəbiyyat faktoru danılmazdı. Ayxanın ilk ədəbiyyat müəllimi atam olmuşdu. O vaxtlar mən özümü tapa bilmirdim. Hardayam? Kiməm? Suallar beynimdə dolaşırdı. Atam dünyadan köçəndən sonra özümü tapdım. Onunla keçən hər gün unudulmaz olaraq qalacaq. Ədəbi mühitdə, insanların içində, atamı tanıyan hər kəs ondan ağızdolusu danışır. Atam bir gün mənə demişdi ki, məni sonralar daha yaxşı tanıyacaqsan.Mən o vaxt onun sözlərinə gülümsündüm. İllər keçəndən sonra atamın necə böyükürəkli, necə ləyaqətli ömür yaşadığını öyrəndim, daha dərindən qavradım. Bu elə böyük xəzinə, elə böyük zənginlikdi ki, sözlərə sığmır.



Atam və Eyvaz Əlləzoğlu
 

-Yazıçı kimi atamı yaxşı tanıyıram, desəm, yalan olar. Onu çox oxuya bilməmişəm. İki hekayələr kitabını oxumuşam. Atam olduğuna görə demirəm, amma onun bəzi hekayələri var ki, Azərbaycan nəsrində yeni mərhələdir. Məsələn, "Doğum", "Ölü yay", "Yeddi çinar", "Qonaqlıq". Hərdən atamın yazılarını oxumaqdan qorxmuşam. Mənə pis təsir edəcəyini düşünmüşəm. Ən azından yaşadığımız faciəni beynimdən qova bilsəm, o zaman Eyvaz Əlləzoğlunu sırf yazıçı kimi qabağıma qoyub oxuyacam.


“Ağır filmə” doğru

 

-Atamın son günlərini xatırlayıram. Siqareti tərgitmişdi. Qatıq yeyər, tum çırtlayardı. Bir də tez-tez əsəbləşirdi, ən xırda şeylərə belə. Mən düşünürdüm ki, yəqin atam daha uzun ömür yaşayacaq.

Son günü... Şabanın filminə baxmışdıq. Kefimiz saz, xoşbəxt vaxt keçirirdik. Nə bilərdik ki, bir neçə saatdan sonra hamımızın həyatı dəyişəcək. Film başa çatandan sonra hamı öz otağına keçdi. Bizi qarşıda ağır bir film gözləyirdi....


İkicümləlik son dialoq


-Birotaqlı mənzilimizdən köçüb daha geniş evə kirayəyə çıxmışdıq. Otağımda televizorum da vardı. Yuxum gəlmədiyindən televizora baxırdım. Elə bu an qapı açıldı. Atam ciddi çöhrəsi ilə dilləndi: “Yat Ay Oğuz, yat, gecdi...”. “Yaxşı dədə, bu saata yatıram” deyib yorğanı başıma çəkdim, sonra da yuxuya getdim. Bu onunla son dialoqumuz idi. Cəmi iki cümləlik dialoq.


Bir ömürlük qamçı

-Bir neçə saat keçmişdi ki, evdən qırıq-qırıq səslər gəlməyə başladı. Bu səslər artdıqca, yuxudan ayıldım. Fikirləşdim, gecənin bir aləmində kim gəlib bizə? Zala çatanda gözlərimə inana bilmirdim. Atamın başı anamın dizlərində uyuyurdu. Gözləri bir də açılmayacaqdı. Həmişə qapalı qalacaqdı o gözlər. “Dədə, dur, işə gecikəcəksən” - deyə bilməyəcəkdik daha. Anamın ağlayışının arxasında bu hislər içimi qamçılayırdı...

 

QEYD: Yazıçı Eyvaz Əlləzoğlu 1956-cı ildə Gürcüstan Respublikasının Qardabani (tarixi adı Qarayazı) rayonunun Muğanlı kəndində anadan olmuş, Tbilisi Pedaqoji İnistitutunun filoloji fakültəsini bitirmişdir. 1980-ci ildən dövrü mətbuatda hekayələri və publisisstik yazıları ilə çıxış edir.

Ali təhsilini başa vurduqdan sonra Kosalı kənd orta məktəbində gürcü dili müəllimi, "Samqor" qəzetində korrektor kimi fəaliyyət göstərib, "Gürcüstan", "Borçalının səsi", "Ekspress" və "Xəzər" mətbu orqanlarında əməkdaşlıq edib.

Publisistik fəaliyyəti dönəmində "Olaylar", "Borçalının səsi", "Ekspress" və digər qəzetlərlə Gürcüstanın siyasi həyatı ilə bağlı analtik yazılar yazıb.

1993-1996-cı illər ərzində Prezident Aparatının Milli Siyasət şöbəsində məsləhətçi, 1996-1998-ci illərdə Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyində ikinci katib kimi fəaliyyət göstərib. Ssenarisi əsasında "Ov" cizgi filmi ekranlaşdırılıb. Gürcü dilindən Qoderzi Çoxelinin, Revaz İnanişvilinin, Naira Gelaşvilinin və digər müasir gürcü yazıçılarının əsərlərini dilimizə çevirib.

"Əli və Nino" kitab mağazasının təşkil etdiyi Milli Kitab Mükafatında xüsusi mükafatla təltif olunub 2011-ci il fevralın 26-də 55 yaşında insultdan vəfat edib, Bakının Hövsan qəsəbəsindəki Dədə Qorqud qəbiristanlığında torpağa tapşırılıb..
Hadisəsən bir neçə gün sonra - martın 4-də yazıçının həyat yoldaşı Ceyran Həsənovanın asılmış vəziyyətdə meyiti aşkarlanıb. Ceyran Həsənovanın meyitini onun övladları səhər tezdən Bakının Bakıxanov qəsəbəsində kirayələdikləri mənzilin eyvanında aşkarlayıblar.  O, həyat yoldaşının ölümünə dözə bilməyərək, intihar etmişdi.




E.Nihad

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir