Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla Ermənistan xarici işlər naziri Edvard Nalbandyan arasında növbəti görüş 2018-ci ilin yanvarında keçiriləcək.
Modern.az xəbər verir ki, bunu Azərbaycan XİN mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
H.Hacıyev deyib ki, dekabrın 6-da ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə ayrı-ayrılıqda görüşlər keçiriblər. Sonra həmsədrlər və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin iştirakı ilə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü təşkil edilib.
H.Hacıyev vurğulayıb ki, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar masasında olan təkliflərlə bağlı intensiv və konkret müzakirələr aparılıb. İntensiv və substantiv danışıqların davamı kimi 2018-ci ilin yanvar ayının ikinci yarısında xarici işlər nazirləri səviyyəsində növbəti görüş keçirilməsi barədə razılıq əldə olunub.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov görüşün pozitiv və konstruktiv şəkildə keçdiyini bildirib.