Modern.az

BMT Təhlükəsizlik Şurası Qüdsün statusunu müzakirə edəcək

BMT Təhlükəsizlik Şurası Qüdsün statusunu müzakirə edəcək

Aktual

7 Dekabr 2017, 15:57

BMT Təhlükəsizlik Şurası ABŞ tərəfindən Qüdsün birtərəfli qaydada İsrailin paytaxtı kimi tanınması ilə bağlı bu şəhərin statusu məsələsini dekabrın 8-də müzakirəyə çıxaracaq.

 

AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, BMT TŞ-in iclasının keçirilməsi üçün Təhlükəsizlik Şurasının üzvü olan səkkiz dövlət – Boliviya, Böyük Britaniya, Misir, İtaliya, Seneqal, Uruqvay, Fransa və İsveç müraciət ediblər.

 

Xatırladaq ki, dekabrın 6-da ABŞ Prezidenti Donald Tramp Qüdsü İsrailin paytaxtı kimi tanıdığını elan edib və həmçinin Amerika səfirliyinin Təl-Əvivdən bu şəhərə köçürülməsi barədə sənəd imzalayıb. Birləşmiş Ştatlar konqresi ABŞ səfirliyinin Qüdsə köçürülməsi planını hələ 1995-ci ildə qəbul etmişdi. Lakin şəhərin mübahisəli statusu və problemin müsəlman aləmi üçün həssaslığı səbəbindən Amerikanın bütün prezidentləri bu qərarı o vaxtdan indiyədək təxirə salırdılar.

 

Trampın dünən verdiyi bəyanat regionda gərginliyi artırıb. KİV-lərdə yayılan son məlumatlara görə, artıq İordan çayının qərb sahilində və Qəzzə sektorunda fələstinlilərlə İsrail əsgərləri arasında toqquşmalar baş qaldırıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır