Modern.az

MDB necə yarandı… 26 il öncənin bü günü – TARİX

MDB necə yarandı… 26 il öncənin bü günü – TARİX

8 Dekabr 2017, 09:00

8 dekabr tarixi Müstəqil Dövlətlər Birliyinin (MDB) yarandığı tarixdir. Keçmiş SSRİ ölkələrinin əksəriyyətinin birləşdiyi dövlətlərarası birlik 1991-ci ilin 8 dekabrında yaradılıb.
Modern.az-ın məlumatına görə, təşkilat Minsk şəhərində imzalanmış “Müstəqil Dövlətlər Birliyinin yaradılmasına dair Saziş” əsasında təsis edilib.

1991-ci ilin bu günündə qurulan MDB-yə ilkin dövrdə 3 dövlət- Rusiya, Ukrayna, Belorus daxil idi. Bu dövlətlər SSRİ -nin dağılmasının (faktiki olaraq 25 dekabr 1991-ci il Qorbaçovun istefasından sonra dağıldı) labüdlüyünü anlayaraq, öz aralarında sonralar siyasi, iqtisadi, mədəni əlaqələri genişləndirmək üçün Müstəqil Dövlətlər Birliyini təşkil etdilər. MDB həm də SSRİ -nin "mədəni dağılmasını" bəyan etmək, onun mülklərini keçmiş İttifaq ölkələri arasında paylaşdırmaq üçün təşkil edilmişdi.

Daha sonra Azərbaycan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan, Özbəkistan 21 dekabr  1991-ci il tarixində Alma-Atada Rusiya, Ukrayna və Belarus ilə birlikdə MDB-yə qoşulmaq haqqında razılığa gəldilər.

Azərbaycan parlamenti bu qərarı yalnız 1993-cü ilin 24 sentyabrında ratifikasiya etdi və MDB-nin tam hüquqlu üzvü oldu.

1993-cü ilin oktyabrında MDB-yə üzv qəbul edilən Gürcüstan 2008-ci ilin avqust ayında Rusiya  ordusunun Gürcüstana daxil olmasından sonra həmin qurumun üzvlüyündən çıxdı.

Türkmənistan 2005-ci ildən MDB-də müşahidəçi kimi fəaliyyət göstərir.

Ukrayna 2014-cü ilin mart ayında Rusiya ordusunun Krıma daxil olmasından sonra həmin qurumun üzvlüyündən çıxdı.

MDB çərçivəsində əsasən 9 əməkdaşlıq istiqaməti mövcuddur və təşkiltaın ümdə məqsədi iqtisadi, hərbi-siyasi və humanitar sahələrdə çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsindən ibarətdir.

Hal-hazırda MDB-də 8-i nizamnamə, 69-u sahəvi əməkdaşlıq orqanları və 15-i digər qurumlar olmaqla, ümumilikdə 90-dan çox orqan fəaliyyət göstərir.

Nizamnamə orqanları:

-     dövlət başçıları Şurası
-     hökumət başçıları Şurası
-     xarici işlər nazirləri Şurası
-     İqtisadi Məhkəmə
-     Parlamentlərarası Assambleya
-     İcraiyyə Komitəsi
-     müdafiə nazirləri Şurası
-     sərhəd qoşunları komandanları Şurası.


Azərbaycan Respublikasının təmsil olunduğu nizamnamə orqanları:

- dövlət başçıları Şurası;
- hökumət Başçıları Şurası;
- xarici İşlər Nazirləri Şurası;
- Parlamentlərarası Assambleya;
- müdafiə nazirləri Şurası.
 - İcraiyyə Komitəsi

Azərbaycan Respublikası MDB-nin sahəvi əməkdaşlıq orqanlarından yalnız 30-da, digər orqanların isə 11-də iştirak edir.

Azərbaycan Respublikası MDB iştirakçı-dövlətləri ilə əməkdaşlığın ikitərəfli əsasda davam etdirilməsinə üstünlük verir. Bununla yanaşı, Azərbaycan Respublikası MDB çərçivəsində siyasi, iqtisadi və humanitar sahələrdə ölkəmiz üçün maraq kəsb edən məsələlər üzrə əməkdaşlığın davam etdirilərək, bu təşkilatın iştirakçı-dövlətlər arasında dialoq müstəvisi kimi saxlanılmasında maraqlıdır. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi