Modern.az

Üzeyir Hacıbəylinin yaradıcılığında ERMƏNİ MƏSƏLƏSİ

Üzeyir Hacıbəylinin yaradıcılığında ERMƏNİ MƏSƏLƏSİ

Ədəbi̇yyat

8 Dekabr 2017, 10:05

Yazıq ermənilərin işlərindən biri də oğurluqdur, yaxud başqalarını təqlid etməkdir...


Üzeyir Hacıbəyli “Yeni iqbal” qəzetinin 1915-ci il 21 sentyabr tarixli nömrəsində “Filankəs” imzası ilə çap etdirdiyi “Ordan-burdan” sərlövhəli felyetonunda yazırdı:

“Yazıq ermənilər!

Genə yazıq ermənilər!

Bəs siz ki, bizdən ağıllı idiniz!

Məgər siz bilmirsinizmi ki, opera pis şeydir, musiqi ziyandır!

A yazıq ermənilər, nə üçün özünüzü bəlaya salıb “Arşın mal alan”ı, “Məşədi İbad”ı öz dilinizə çevirdiniz, a bədbəxtlər?!

Məgər sizin “tərəqqipərvər” və “millətpərəst” jurnalçılarınız yox idi ki, sizi bu “bəla”dan piş-əzvəxt xəbərdar edə idi!..

Ax yazıq ermənilər!

Genə yazıq ermənilər!

Hayıf, hayıf!

Əfsus, sədd əfsus!”

Üzeyir Hacıbəyli “Yazıq ermənilər!”, “Genə yazıq ermənilər!”, “A yazıq ermənilər”, “Ax yazıq ermənilər!” söyləməklə guya ermənilərin halına acıyır? Əsla. O, bu müraciətlərində həm də ermənilərin “Arşın mal alan”ı, “Məşədi İbad”ı erməni dilinə çevirmələrinə işarə etməklə operanı və operettanı müsəlman millətindən (azərbaycanlılardan) öyrəndiklərini söyləyir. Və ironiya ilə ermənilərə deyir: “Axı siz görmədinizmi ki, necə bu “opera” müsəlman millətinin evini yıxdı?

Aya görmədinizmi ki, müsəlmanların “millətpərəst” jurnalçıları, operanın müsəlman millətinə vurduğu “zərərləri” bir-bir sadalayıb ağlaşma qurub, oxşayırlar, başlarını bulayırlar, ağızlarını açıb gözlərini yumurlar, gözlərini yumub ağızlarını açırlar”. Üzeyir Hacıbəyli operaya və operettaya mübtəla olan ermənilərə “yazıq ermənilər!” deyə müraciət edərək operanın, operettanın müsəlmanlarda (azərbaycanlılarda) meydana çıxdığını, ermənilərin müsəlmanların operasına, operettasına mübtəla olduqlarını deyir: “Hələ millətpərəst və millətin tərəqqisini “səmimi-qəlbdən” arzu edən jurnalçılar dursunlar kənarda; aya siz özünüz görmürsünüzmü, eşitmirsinizmi ki, Qafqaz müsəlmanları bu “opera” meydana çıxandan bəri necə xarab olubdurlar? Müsəlman nə idi, musiqi nə idi! Müsəlmanın sənəti gərək il uzunu ağlamaq olaydı... ax-vay olaydı!..” Bununla da Üzeyir Hacıbəyli ermənilərin boynuna bir həqiqəti qoyur ki, opera, musiqi Qafqaz müsəlmanları (azərbaycanlılar) arasında meydana çıxmış, ermənilər isə buna sonradan mübtəla olmuşlar. Yenə də ironiya ilə yanaşaraq ermənilərə deyir ki, “Bəs siz ki, bizdən ağıllı idiniz!” Ancaq niyə operaya, operettaya, musiqiyə mübtəla oldunuz?

Üzeyir Hacıbəyli tacirlərimizin, bəylərimizin, qoçularımızın, hətta arvadlarımızın teatra getmələrini, “Əsli və Kərəm”ə, “Arşın mal alan”a, “O olmasın, bu olsun”a baxmalarını ironik bir dillə təqdir edir, ermənilərin müsəlmanlardan (azərbaycanlılardan) bu işi əxz etdiklərini ustalıqla onların yadına salır. Bu cür tez-tez yadasalmalar ermənilərin yaddaşının öz xeyirlərinə işləməsinin qarşısını alır. Əks təqdirdə, ermənilər “Əsli və Kərəm”i, “O olmasın, bu olsun”u, “Məşədi İbad”ı, “Leyli və Məcnun”u öz adlarına çıxar, bu tamaşaları erməni tamaşası kimi təqdim etməkdən utanmazlar. Axı ermənilər başqalarına aid olanları, o cümlədən Azərbaycan xalqına aid olanları öz adlarına çıxır və utanmadan dünyaya yayırlar. Ermənilərin belə bir oğru xislətində olduqlarını yaxşı bilən Üzeyir Hacıbəyli ironiya yolu ilə onları qabaqlayır, imkan vermir ki, gələcəkdə opera və operetta davası eləsinlər. Ona görə də “Ordan-burdan” felyetonunda ironiya yolu ilə ermənilərin az qala halına acıyır, gələcəkdə onların Azərbaycanın opera və operettası barədə söyləyəcəkləri böhtanın qarşısını alır. Bu da Üzeyir Hacıbəyli üslubunun bu günümüzə, sabahımıza xidməti kimi yadda qalır. O yazır:

“Yazıq ermənilər!

Axı sizə kim qarğış etmişdi?

Kimin ahü-nəvası sizi tutdu?

Kim bəs sizə dua elədi ki, axırda siz də mübtəla oldunuz?

–       Nəyə?

–       Operaya, operettaya!

Yazıq ermənilər!

Genə yazıq ermənilər! 

Axı siz görmədinizmi ki, necə bu “opera” müsəlman millətinin evini yıxdı?” Beləliklə, Üzeyir Hacıbəyli ermənilərin opera, operetta barədə, hətta Azərbaycan opera və operettalarını öz adlarına çıxmaq barədə edəcəkləri böhtanın qarşısını alır. Həm də başa salır ki, ermənilərin işi-gücü başqalarının yaratdıqlarını təqlid etməkdir.

Erməni-müsəlman davası...

Üzeyir Hacıbəyli “İrşad” qəzetinin 1906-cı il 4 fevral tarixli 46-cı nömrəsinin 1-ci səhifəsində “Üzeyir bəy Hacıbəyli” imzası ilə “Erməni-müsəlman sülh məclisinə dair” məqaləsini dərc etdirmişdir. Çarizm Rusiyada 1905-ci il inqilabi hərəkatının geniş vüsət almasından təşvişə düşmüş, provokasiyaya əl atmış, Zaqafqaziyada millətlər arasında qırğın törətmişdir. Bu qırğının acı nəticələri Üzeyir Hacıbəylini hiddətləndirmiş və narahat etmişdir. O, “Erməni-müsəlman sülh məclisinə dair” felyetonunda yazırdı: “Tamam bir ildir ki, vətəni əzizimiz Qafqaz öz balalarının qanına bulanmaqdadır. Tamam bir ildir ki, minlərlə ciyərlər qırğınlar atəşindən od tutub yanmaqdadır. Bu bir ilin içində neçə min canlar tələf oldu. Neçə-neçə ailələr başsız, ata-analar oğulsuz, bacılar qardaşsız, qardaşlar bacısız qaldılar. Evlər talan oldu, oda yaxıldı. Abad şəhər və köylərimiz xarabaya döndü. Yurd itdi, yuva dağıldı... Səbəbi də erməni-müsəlman davası oldu”. Üzeyir Hacıbəylinin bu fikirləri elə bil bu gün üçün yazılıbdır. Deməli, tarix dəfələrlə təkrar olunub, erməni-müsəlman davası çoxlarının (maraqlı və məqsədli dövlətlərin) maraq dairəsinə çevrilib, öz məqsədləri üçün bu münaqişədən faydalanıblar. Münaqişədə itirən tərəf hər iki tərəf olubdur. Odur ki, Üzeyir Hacıbəyli erməni-müsəlman münaqişəsinin bütün incəliklərinə yaxşı bələd olmuş, səbəblərini ayırd etməyi bacarmış, hər iki xalqın başına gələn bəlaların kökündə nəyin dayandığının fərqinə vara bilmişdir. Əslində Üzeyir Hacıbəyli bir-birini yaxşı tanıyan, bir-birinin iç-çölünü yaxşı bilən hər iki millətin taleyinə acıyır və onları düşmən edənlərə etirazını bildirir. Onların bir-birinə yağı olmalarının səbəbini həm də xəbis nakəslərin əməlində axtarır. Həmin xəbis nakəslərdən istifadə edənlər tarix boyu bu düşmənçiliyi daha da dərinləşdirmiş, erməni-müsəlman münasibətlərini misli görünməyən həddə çatdırmışlar. Bu mənada Üzeyir Hacıbəylinin “Erməni-müsəlman sülh məclisinə dair” felyetonundan bir məqam:


“Belə bir-birinin iç və çölünü biləcək dərəcədə yek-digərinə yaxın olan qonşular, bir-birinin ehtiyacatı həyatiyyəsini rəf etməkdə heç bir müzayiqədə bulunmayan, münasibəti-düstanə sayəsində ömürlərinin bir qədərini daim müzayiqə, müsahibə, mülatifə, mülabəsə və sairləri kimi səmimi dostluq və xeyirxahlığı izhar edən hüsni müamilədə keçirməkdə olan iki həmcivar tayfa öz içlərindəcə peyda olan ləin, bəğiz və xəbəis nakəslərin hərəkatı-şeytanətkaranasinə uyub, xah-naxah bir-birinə yağı oldular”. Üzeyir Hacıbəyli elə məsələlərə toxunur ki, tarixboyu həmin məsələlər təkrar olunub, yenə də xəbis nakəslər öz istəklərinə nail olaraq erməniləri qızışdırıb salıblar ortalığa. Hər dəfə erməni-müsəlman münaqişəsi ermənilərin haqsız iddiaları ilə başlayıbdır. Hər dəfə ermənilər onları öyrədənlərin fitvasına gediblər. Hər dəfə ayılanda görüblər ki, başqalarının əllərində alət və vasitə kimi istifadə olunurlar. Ancaq bununla belə, olan olur, tərəflər itki verir, insanlar əziyyət çəkirlər. Hisslər o qədər çoşur ki, hətta bir-birinin kökünü kəsmək dərəcəsində qızışırlar. Axı bu qızışmalar zamanı yenə də ermənilər başqaları tərəfindən alət kimi istifadə olunur, başqaları tərəfindən öyrədilir, müsəlmanlara qarşı qərəzli və məkirli əməllərini həyata keçirirlər. Tarixboyu erməni-müsəlman münaqişəsində tökülən qanın səbəbkarı ermənilər olub. Onlar həmişə birinci başlayıb, ədalətsiz və haqsız məqsəddə bulunublar. Ancaq müsəlmanları münaqişəyə cəlb edən ermənilərin tökülən qanların günahkarı olduqları barədə hələ də az yazılıbdır. Yenə də 1905-ci ildə erməni-müsəlman münaqişəsində tökülən qan, hər iki tərəfin çəkdiyi əzab və əziyyətlə bağlı Üzeyir Hacıbəyli “Erməni-müsəlman sülh məclisinə dair” felyetonunda yazır: “Bəs deyil, bir-birini tələf və yox etməyə bel qurşadılar... Top və tüfəng səsi asimanə bülənd oldu, iki dost bir-birinə atırdı, tığ və xəncər parıltısı göz qamaşdırırdı. İki qonşu bir-birini doğrayırdı. Kəndlərdən, şəhərlərdən od və duman qalxır, hər yeri bir kuhi-atəşfişanə döndərirdi. İki həmcavar tayfa bir-birini atəş içində yandırırdı... Göz yaşı qana qatışdı, qan qursağa çıxdı... Belə bir misli görünməmiş müdhiş faciə bir ildir ki, davam etməkdədir və bundan sonra da davam etsə, bu iki tayfanın biri bilmərrə fövt olub, yer üzündə bir adı qalacaq desəm xəta etmərəm, zənn edirəm”.


Üzeyir Hacıbəyli erməni-müsəlman münaqişəsindəki tökülən qanların günahkarını insanları sevməyən, fasıx xarakterli adamlarda görürdü. Belələrinin ucbatından erməni-müsəlman münaqişəsinin yarandığını qeyd edirdi. Erməni-müsəlman münaqişəsinin qarşısını almaq üçün əlac axtarırdı. O yazırdı: “Lakin bəs bütün bu bir tayfanın bir takım ləin, insansevməz, fasiq və fasidlər ucundan badi-fənaya getməsi rəvamıdır? Bunu vicdanımız qəbul etməz və etməsin gərək və illa məsum və bigünah tökülən qanların günahı, yanmış ciyərlərin ahı bizi nahaq qoymaz. Buna bir əlac lazımdır”. Üzeyir Hacıbəyliyə görə, əlac belədir: “Əlac isə bu qital və qırğının müsəbbiblərini tapıb yox etməkdir. Bu müsəbbiblər də müxasimədə bulunan bu iki tayfanın hansı birində olduğu indi, hamıya məlumdur”.

Üzeyir Hacıbəyli erməni-müsəlman münaqişəsində ermənilərin günahkar olduqlarını da açıq şəkildə demişdir: “Və bunu da bilməlidir ki, sadəlövh müsəlmanlar heç bir vaxtda və heç bir halda qonşuları ermənilərlə dava etmək fikrində deyildilər. Çünki belə bir nagüvarə iş icrasına müsəlmanları vadar edəcək bir məqsəd yoxdur”. Üzeyir Hacıbəyli müsəlmanların ermənilərə qarşı heç bir məqsədi və pis məqsədi olmadığını deməklə erməni-müsəlman münaqişəsinin ermənilər tərəfindən məqsədli həyata keçirildiyini açıq şəkildə bəyan etmişdir. O, müsəlmanlar barədə ironiya ilə belə demişdir: “Və bir də müsəlmanlar – sözün açığı – elə bir mənəvi nəşvü-hüma və tərəqqi dərəcəsinə çatmayıblar ki, bir məqsəd və yaxud bir fikir ilə ağılları məşğul ola”. Bundan başqa, o, müsəlmanların erməni-müsəlman münaqişəsinə bais olmadıqlarına əmin olduqlarını, ermənilərə qarşı qəlblərində pis bir fikir olmadığını da demişdir: “Min adam min söz desin – müsəlmanlar bu hadisati-müəssəfənin başlanmasına bais olmadıqlarından əmindirlər və ermənilər əleyhinə qəlblərində bir pis fikir pünhan deyildi”. Üzeyir Hacıbəyli erməni-müsəlman münaqişəsində müsəlmanların sülhə hazır olduqları, ermənilərin isə sülh niyyətlərinin qeyri-qətiliyi barədə belə demişdir: “Bununla belə, həməvaxt, sülhə talib idilər (yəni müsəlmanlar – B.X.), ermənilər dəxi nə mərtəbə sülhə nail olduqlarını bu məclisdə (erməni-müsəlman sülh məclisindən söhbət gedir – B.X.) izhar edərlər”.

Üzeyir Hacıbəylinin “İrşad qəzetinin 1906-cı il 26 mart tarixli 77-ci nömrəsinin 4-cü səhifəsində “Filankəs” imzası ilə çap etdirdiyi “Ordan-burdan” felyetonunda rüşvətxorluq, mədəniyyətsizlik ifşa olunur, xalqlar arasında dostluğa çağırış səslənir. Bununla yanaşı, Üzeyir Hacıbəyli iki böyük yaranın adını çəkir: biri mədəniyyətsizlik, ikincisi isə erməni-müsəlman davasıdır. O bu yaraların sağalması üçün vasitələrin lazım olduğunu da dilə gətirir. Rəfiqi Ə.Əşrəfə müraciət edərək deyir ki, bu iki böyük yara bizim hamımızı “nervinni” (əsəbi) edibdir. Elə bil bu gün üçün söylənilibdir. Doğrudan da erməni-müsəlman davasında, ümumiyyətlə, bu davanın yaranmasında erməni əməli göz qabağındadır. “Ordan-burdan” felyetonunda yazılan bu məqamlar diqqəti özünə çəkən məqamlardır: “Bizim birinci böyük yaramız mədəniyyətsizlik idi. İkinci böyük yaramız da erməni-müsəlman davası oldu. Bəs bu yaraları görə-görə göz yumub kor və qulaq örtüb kar olmaq mümkündürmü, əcəba? Cənab Ə.Əşrəf! İltifat edin, sənət-filan hamısı bizim bu yaraların sağalmağına bağlıdır. Və sağalmaq üçün də vasitələr lazımdır. Vasitə tapmaq üçün dəxi deyib danışmaq, arıyıb axtarmaq lazımdır. Və illa, vasitə öz başına yerdən çıxmaz, bu əyyamda sehr-filan yoxdur... Doğrusu, cənab Ə.Əşrəf, bu iki böyük yara bizim hamımızı “nervinni” edibdir. Odur ki, yaralarımıza əl vurulanda açığımız tutur, elə deyilmi?” Doğrudan da, erməni-müsəlman davası elə bir yaradır ki, hər bir kəsi həm əsəbiləşdirir, həm də ağrıdır. Bu yara hər bir müsəlmanın həyatında iz buraxıbdır. Tarixən də belə olub, indi də belədir.

 

Buludxan Xəlilov,
filologiya üzrə elmlər doktoru, professor

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir