Modern.az

Fransanın azərbaycanlı vəkili: “Burda hər adam vəkil işləyə bilmir” - MÜSAHİBƏ  

Fransanın azərbaycanlı vəkili: “Burda hər adam vəkil işləyə bilmir” - MÜSAHİBƏ   

Müsahibə

8 Dekabr 2017, 12:06

Fransanın ilk azərbaycanlı vəkillərindən biri, Strasburq Universitetinin hüquq elmləri doktoru  Dilbadi Qasımov Modern.az saytına müsahibə verib.

-Dilbadi bəy, Fransada vəkil kimi çalışmaq heç də bir azərbaycanlı üçün asan deyil. Hazırda işləriniz necədir? Fransada vəkil olmağın üstünlükləri və çətinlikləri nədən ibarətdir?

- Fransada sadəcə azərbaycalı üçün yox, hər kəs üçün vəkil olmaq çətindir. Bu həqiqəti bu gün bütün Avropa ölkələrinə aid etmək olar. Hazırda Fransada vəkillik institu ən çətin anını yaşayır. Bunu biz gənc vəkillər demək olar ki, yaşlı vəkillərlə söhbətimizdə hər dəfə eşidirik.

- Dəqiq olaraq hansı çətinliklərdən söhbət gedir

- Yaşlı nəslin üzləşdiyi ən böyük problemlər yeni qaydalara uyğunlaşmaq və yeni texnologiyalardan istifadədir. 30 il bundan öncə Fransada vəkil aldığı qonorar üçün çox az vergi verirdi və əhalinin varlı təbəqəsinə aid idi. Bu gün isə Fransada 65 min vəkil var. Onların 25 mini Parisdə, qalan hissəsi isə regionlardadır. Strasburq barosunda 20 il bundan öncə 150 vəkil var idisə, bu gün 1000-dən çox vəkil fəaliyyət göstərir və sayımız hər il çoxalır. Bu da amansız rəqabətə gətirib çıxarır və yaşlı nəsil yeni qaydalarla oynamağa çətinlik çəkir. Amma çətinliklər yeni nəsilə də aiddir, çünki gənc və təhsilini yeni bitirmiş vəkillər üçün fəaliyyətini inkişaf etdirmək çoxda asan deyil.
Bundan əlavə, Fransada prosessual qaydalar çox qəliz olduğundan vəkillər daim diqqətli və ayıq olmalıdırlar. Bu deyildiyi zaman asan görünə bilər, amma haqiqətdə insanı yoran, fiziki və psixoloji enerjisini tükədən bir prosesdir.
Fransada müvəkillər daha ayıq və haqlarını tələb edəndirlər. İşində səhvə yol verən vəkilin özü məhkəməyə verilmək təhlükəsi  yaşayır. Gündəlik üzərinə düşən iş yükündən əlavə, vəkilin həm də daimi olaraq yeniliklərdən xəbərdar olmaq öhdəliyi var.
Vəkil üçün təhlükəli vəziyyətlərdən biri qəbul etdi işin yaxşı tanıdığı sahəyə aid olmasıdır. Misal üçün bir müddən əvvəl tamamladığı işə oxşar bir iş qəbul edən vəkil bu sahəni yaxşı bildiyini düşünərək, əlavə araşdırma aparmırsa, işi məhkəyə yollayandan sonra onun iddiası hansısa yeni qəbul olunmuş və onun xəbər tutmadığı qaydaya uyğun olmadığı üçün rədd oluna bilər. Bu zaman müvəkkil işi uduzur və vəkilə qarşı şikayət edir. Bu səbəblərdən hər il Fransada minlərlə vəkil baronu tərk edərək, başqa işlə məşgul olur. Təxmini olaraq gənc vəkillərin 20-30 faizi baroya yazıldıqdan sonra 5  il ərzində işin çətinliyinə və stressə tab gətirməyib baronu tərk edirlər. Yerdə qalanlar sadaladığım çətinliklərə tab gətirən hətta onlardan müəyyən mənada xoşlananlardır.
 

- Hüququn sizin həyatınızdakı yeri nədirʔ


-15 ildən artıqdır ki, hüquq elmi gündəlik həyatımın bir hissəsidir. Hüquq elminin maraqlı tərəfi ondadır ki, o bütün sosial münasibətləri əhatə edir. Buraya şəxslərarası münasibətlərdən əlavə siyasi, iqtisadi, iş münasibətləri və. s. daxildir. Qaydalarla nizamlanan bütün cəmiyyət və toplumlar hüquq normalarına itaət edirlər. Bu səbəbdən hüquqşünaslar siyasətlə də məşğul olur, şirkətlərə rəhbərlik edir, dövlət vəzifələrini yerinə yetirirlər. Misal üçün, Fransa prezidentlərinin, nazirlərinin və başqa dövlət xadimlərinin əkssəriyyəti keçmiş vəkillərdir.

- Fransada vəkilin gündəlik iş rejimi necə təşkil olunurʔ

- Vəkil ilk öncə müvəkilini kabinetdə qəbul edib, işi ilə əlaqədər söhbət edir. Müvəkkili dinləmək, işin məğzini öyrənib başa düşmək, toplanan məlumatlardan ümumi nəticə çıxarmaq, işin hazırlıq hissəsini təşkil edir. Vəkil sadəcə deyiləni dinləməməli, həm də müvəkkili vadar etməlidir ki, deyilməyəni də desin. Vəkillik işinin üstünlüyü ondan ibarətdir ki, vəkil istədiyi işi qəbul edib, istəmədiyindən imtina edə bilər. O, əsasən bacardığı və xoşladığı sahəyə aid işlərə üstünlük verib, digərlərini bu sahəni yaxşı bilən həmkarlarına yönləndirə bilər. Vaxtın digər hissəsi kabinetdə hüquqi tədqiqatlar apararaq, şikayət ərizələrinin və məhkəmə işlərinin yazılmasına sərf olunur. İşin ən yorucu və maraqlı hissəsi məhkəmə zallarında baş verir. Burada müdafiə etdiyin işdən başqa həmkarlarla, hakimlərlə, prokurorlarla söhbət etməyin, növbəni gözlədiyin zaman başqa işlərə qulaq asmağın zövqu başqadır. Vəkillər xususi uniforma geyindiyi üçün publikadan fərqlənir və məhkəmələrə konturolsuz girib-çıxma, qapalı keçirilən məhkəmə zallarına daxil olmaq imkanları var. Amma Fransada bütün vəkillər məhkəmə qarşısına çixmırlar. Onların bəziləri kabinetdə işləyib hüquqi məsləhət verməyi üstün tuturlar. Məhkəmə qarşısına çıxan vəkillər isə bunu həqiqətən sevənlərdir və bunu sadəcə vəzifəsini yerinə yetirmək üçün yox həmçinin imtelektual mübarizədən zövq almaq üçün edirlər.

- Hansı sahə üzrə vəkillik edirsinizʔ

- Fransada vəkil üçün bir sahə üzrə mütəxəsis olub, sadəcə o sahəyə aid işləri qəbul etmək asan deyil. Bunu etdiyi zaman vəkil başqa sahələrə aid işləri itirmiş olur. Mən də bu qaydaya müstəsna olmadığım üçün fərqli sahələrə aid işlərə baxıram. Misal üçün cinayət işlərinə məhz bu sahəni sevdiyim və məhkəmə qarşısında çıxış etməyimdən zövq aldığım üçün baxıram. İnsan hüquqlqrına və beynəlxalq hüquqa aid işləri təhsilimin əsas hissəsini bu sahədə aldığım üçün  baxıram. İctimai və inzibati işlərə yazılı hüquqi arqumentləri və hüquqi tədqiqatı sevdiyim üçün baxıram. İmmiqrasiya işlərindən istəsəm də, imtina edə bilmərəm, çünki adımın və soyadımın əcnəbi olduğu görən bir çox qaçqınlar məhz bu səbəbdən mənə müraciət edirlər və xarici əslli olduğun üçün onları daha yaxşı müdafiə edəcəyimə inanırlar.

- Fransada müvəkkil necə qazanılırʔ Təhsil, çevrə və dil kimi faktorlar vacibdirmiʔ


- Əlbəttə, bunlar hamısı vacib faktorlardı. Misal üçün, Fransada öncədən əsasən vəkillərin və tanınmış şəxslərin övladları vəkil olurdu. Vəkil övladları valideynlərinin qurduğu kabineti davam etdirir, yerdə qalanlar isə vəzifəli və ya zəngin valideynlərinin hesabına işlərini qururdular. Bu gün isə vəkillik peşəsinə yiyələnmək hər kəs üçün mümkün olsa da, işini qurub kabinetini genişləndirmək heç də asan deyil. Bu da gənc vəkillərin bir neçə il işləyəndən sonra vəkillikdən imtina edib məsələn, bankda və ya sığorta şirkətində hüquqşunas kimi işləmələrinin səbəblərindən biridir. Gənc vəkillərin bir hissəsi isə özünü tanıtdırana qədər bir neçə il başqa bir vəkilin köməkçisi kimi işləyirlər. Biz 2014-cü ildə məhkəmə qarşısında vəkil andı içərkən 60 nəfərə yaxın idik. 4 il sonra onların bir neçəsi baronu tərk edib, çox hissəsi hansısa vəkil yanında köməkçi kimi işləyir, bir neçəsi vəkil valideyninin kabinetində sığınacaq tapıb, yerdə qalanlar isə yəni mən də daxil olmaqla 7-8 nəfər öz şəxsi fəaliyyətini qurub və sərbəst işləyir. Müvəkkillərin qazanılması bir neçə şərtə bağlıdır, onlardan ən əsası məmun müştərinin vəkili reklam etməsindir. Rus və türk dillərinin də köməyi keçir, amma bu əsas faktor deyil.

- Vəkillik avantajları və dezavantajları sizə görə  nələrdirʔ


- Bu işin ən böyük avantajı müstəqillik, hansısa patrondan asılı olmamaqdır. Vəkil öz işinin ağasıdır və işlərini istədiyi kimi təskil edir. Dezajavantajlar isə odur ki, o, bu işdə məsuliyyəti daşıyan yeganə şəxsdir və atdığı hər addımın, verdiyi hər qərarın nəticələrini öncədən ölçüb-biçməlidir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır