Modern.az

Nizamini Azərbaycan şairi kimi dünyaya necə tanıtmalı? - TƏKLİFLƏR

Nizamini Azərbaycan şairi kimi dünyaya necə tanıtmalı? - TƏKLİFLƏR

Ədəbi̇yyat

8 Dekabr 2017, 13:09

UNESCO-nun hazırladığı Qeyri-maddi Mədəni İrs Siyahısı iki gündür ki, bütün dünyanın diqqətindədir. Həmin siyahıda əsasən, dolma Azərbaycana aid qədim yemək növü, kamança isə qədim musiqi aləti kimi (İranla birlikdə) təsdiqlənib.

Amma onlardan da önəmli olan tarixi şəxsiyyətlərimizdir ki, dünyanın bir neçə ölkəsi onları öz adlarına çıxmaq istəyirlər. Bu şəxsiyyətlərin önündə isə XII əsrin  böyük mütəfəkkiri Nizami Gəncəvi gəlir. Dövrün ədəbi mühitinin tələbinə uyğun olaraq əsərlərini farsca yazan şairi dünyanın bir neçə ölkəsi özünə aidmiş kimi təqdim etmək istəyir.

Bəs, biz onun türk mütəfəkkiri olduğunu dünyaya rəsmi surətdə çatdırmaq üçün nələr etməliyik?

Məsələn, UNESCO-da Nizami ilinin keçirilməsi və orada onun Azərbaycana aid olduğunu göstərən mötəbər mənbələrlə çıxış edilməsi mümkün idi. Amma bu, yeganə çıxış yolu deyil.

Dünya Gənc Türk Yazarlar Birliyi Məsləhət Şurasının başqanı, şair Əkbər Qoşalı  Modern.az-a bu istiqamətdə bir neçə iş görülməsini təklif edir:

 

“Xalqların Nizamini öz adlarına çıxmaları bizim zəifliyimizdən deyil,  Nizaminin böyüklüyündən qaynaqlanır. Böyük olmayanı kim və  niyə öz adına çıxmaq istəsin ki?! Bununla belə, söz nəhənginin Azərbaycan, türk şairi olduğunu sübut etmək zorunda qalmağımız, əlbəttə, yaxşı hal deyil. Bunun bir səbəbi də, rəhmətliyin özündən irəli gəlir – günümüzə gəlib çıxan, yaxud, elmi müstəvidə etiraf olunmuş əsərlərinin farsca olduğu bəllidir. Çalışmaları Azərbaycanla bağlı olan Nizaminin bizim olduğunu sübut etmək imkanları da rəhmətliyin sözündən irəli gəlir. Nizaminin işlətdiyi zərb-məsəllərin, ata sözlərinin çoxu farscada olmayıb, farslarda olmayıb. Digər tərəfdən, onun çağdaşları olan fars şairləri Nizami üslubunda, intonasiya və ritmində yazmayıb. Nizami farsca yazsa da, farslara, fars mədəniyyətinə yaddır. Yaradıcılığının mahiyyəti etibarı ilə də, bu belədir. Etiraf edim, mən farscanı bilmirəm, bu dediklərimi də, fikirlərini mötəbər sandığım görkəmli alimlərdən eşitmişəm, oxumuşam. Bununla belə, məntiq var və məntiq elə bir kateqoriya  sayılır ki, dil bilib-bilməməyindən, qədimdə yaşayıb-yaşamamağından asılı olmayaraq, sağlam fikir yürüdə bilirsən.
Bəyəm, başqa dildə yazan yalnız Nizamidirmi? – Onda hər başqa dildə yazanı öz xalqına deyil, dilində yazdığı xalqa aid eləsək, nə qədər avropalı fransız, fars, türk ərəb, lap elə qırğız rus sayılmalıydı... Elə günümüzdə də, başqa dildə yazıb-yaradan tanınmış şair-yazıçılar vardır və Şeyx  Nizami kimi, onlar da, milli mənsubiyyətlərindən imtina etməyiblər. Elə deyilmi?

Qaldı, dünyaya necə tanıtmaq məsələsinə, nizamişünaslarımızın əsərləri xarici dillərə kütləvi tirajlarla çevrilməli, dünya kitabxanalarınca yayılmalı, eləcə də, elektron kitabxanalara qoyulmalıdır. Nizamişünasların uluslararası konfransları düzənlənə, Uluslararası Nizami  Ödülü təsis edilə və 2-3 ildən bir, konstruktiv mövqeli araşdırmaçılara, alimlərə verilə bilər. Bir də, deyə bilmərik ki, uyğun qurum-quruluşlarımız heç bir iş görməyir. Məgər o səbəbdən dünya Nizamini bizim şair kimi qəbul etmir?! Nizamini bizim şair kimi qəbullananlar da var, dövlət oraqanlarımızın, səfirliklərimizin, ictimai birlik və media məsublarımızın, əlbəttə, AMEA-nın uyğun profilli institutlarının bu sahədə xidmətləri, çalışmaları da var. Nə qədər lazımsa, o qədər, nə qədər zaman çəkəcəksə, o qədər, özü də usanmadan, bezmədən, geri durmadan Nizamini anladacaq, öyrədəcək, öyrənəcək, mədəni-mənəvi təxribatları yerinəcə və tutarlı şəkildə cavablandıracağıq. Biz haqlıyıq və Haqq bizim tərəfdədir. Yəqin bu sırada Yaxın Doğuda, Hindistanda, Rusiyada, Avropada müxtəlif muzeylərdə yeni tədqiqatlar stimullaşdırılmalı, Nizaminin öz türkcəmizdə əsərlərinin axtarışı yönündə çaba göstərilməlidir”.

AMEA-nın əməkdaşı, professor, şair Vüqar Əhməd Nizaminin Azərbaycan türkü kimi tanıdılması üçün yerli alimlərimizin müəyyən işlər gördüyünü konkret faktlarla qeyd edir:

“Nizami Gəncəvinin türklüyü ədəbiyyatşünaslıqda artıq sübut olunub. Dünyanın ədəbi-elmi ictimaiyyəti də bunu bu cür qəbul edir. Bu yaxınlarda ABŞ-da bir alim konfransda onun farslaşdırılması ilə bağlı çıxış etdi.  Guya “Nizamini sovet dövründə  farslaşdırıblar” kimi sübutsuz mülahizə irəli sürdü. AMEA-nın müxbir üzvü, professor Nüşabə Araslı onun cavabını verdi. Əvvəllər bir çox dəyərli  nizamişünas alimlərimiz bu istiqamətdə faydalı işlər görüblər.  AMEA-nın  Ədəbiyyat İnstitutunun Nizamişünaslıq şöbəsinin müdiri Nüşabə Araslı, Əlyazmalar İnstitutunun elmi katibi Əzizağa Nəcəfli Nizaminin türklüyü barəsində elmi iş yazıb, çox mötəbər mənbələrə, məxəzlərə söykəniblər.

Həmçinin, akademiklər Teymur Kərimli, İsa Həbibbəyli, Nizami Cəfərovun  bu barədə gözəl araşdırmaları var. Mahirə Quliyeva Nizaminin Gəncədə doğulması, türk kökənli  olmasını göstərən, türk dili, türk toponimlərinə aid beytlərinin əks olunduğu kitab yazıb.

Nizami haqqında bir cümlə işlətmişdim, sonradan bir çox adam ondan istifadə etdi: “Nizami türk soylu, türk ürəkli, fars qələmli böyük Azərbaycan şairidi”.

Xanımı Afaq da qıpçaq türkü olub. Məzarı hazırda Gəncədə-Azərbaycan torpağındadır. Məşhur Şeyxzamanovlar nəsli Nizaminin nəsli hesab olunur. Böyük aktyorumuz Məmmədrza Şeyxzamanov da onun şəcərəsindəndir.

Ortada sadəcə bir dil amili var: O dövrün poeziya dili fars dili olduğu üçün o da farsca yazıb. Dünyada və Azərbaycanda bu cür ənənələr hər zaman olub. Füzuli, Nəsimi, Xətai də bir neçə dildə yazıb. İndi də Xalq yazıçısı Çingiz Abdullayev əsərlərini rusca yazır. Amma o, rus yazıçısı deyil ki!

Bildiyim qədərilə, Nizaminin türk dilində yazdığı divan xarici ölkə kitabxanalarında saxlanılır. Amma onu bizə vermirlər. Bizdə onun yalnız fars dilində yazdığı Divan və “Xəmsə”si var.

Bu yaxınlarda Əlyazmalar İnstitutunun direktor müavini Paşa müəllim xarici ölkə kitabxanalarından Nəsiminin bizə məlum olmayan əsərlərini üzə çıxardı. Mən inanıram ki, bir gün Nizaminin də Azərbaycan türkcəsində yazdıqlarını vətənə gətiriləcək”.

 Burada vacib bir faktı deyək ki, bu iş artıq görülüb. Misirin Xədəviyyə kitabxanasında Zəncan Universitetinin professor Nizaminin türkcə Divanını aşkarlayıb. Filologiya elmləri doktoru  Sənan İbrahimov isə həmin Divanı transleterasiya edərək, izahlarla, şərhlərlə çap edib. Bütün bu prosesləri Modern.az saytı vaxtilə işıqlandırıb.

Elə Sənan İbrahimov da açıqlamasında bu barədə dünya ölkələrini məlumatlandırmaqda olduqlarını bildirib:

“Berlində Nizami ilə bağlı rus dilində bir kitabım çıxıb. Türkcə Divanından bəhs etmişəm və həmin Divandan olan türkcə şeirlərini kitabda da vermişəm. Nizaminin Divanında türkcə olan şeirlərini xarici ölkələrdə təbliğ etməyə çalışırıq. Bu yaxınlarda da Hindistana gedib bu barədə məruzə oxuyacağıq. Bir müddət əvvəl Çikaqodan gəlmişdilər. Deyirdilər ki, “biz Nizamini ABŞ-a tanıtmaq istəyirik. Bu məqsədlə də onun “Yeddi gözəl” poemasını səhnələşdirmək fikrindəyik”.

Bu cür işlər görülməlidir. Bütün dünya Nizamini tanıyıb, onun Azərbaycana aidliyini bilməlidir. Bu baxımdan UNESCO səviyyəsində işlərin həyata keçirilməsi çox yaxşı olar”.


E.Nihad

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür