Modern.az

Xanım deputatlar Salyanda 5 qadının qətlindən şoka düşüblər: “O ata adam deyil, manyakdır”  

Xanım deputatlar Salyanda 5 qadının qətlindən şoka düşüblər: “O ata adam deyil, manyakdır”   

Parlament

8 Dekabr 2017, 15:03

Son zamanlar  məişət zorakılığı zəminində ölümlə nəticələnən cinayətlər çoxalıb. Bu cinayətlərin əksər qurbanları isə qadınlar olur.  Ən son hadisə barədəki məlumatlar - Salyanda ana və 4 qızının dəhşətli qətlinin üstünün açılması demək olar ki, bütün ölkəni şoka salıb.
Salyanda 3 il əvvəl törədilmiş dəhşətli qətlin 5 qurbanı indiyədək itkin sayılırmış.  Mehparə Əliyeva və qızları - Ümidə, Rəqibə, Sevda və İradə ailə başçısı Fərhad Əliyev tərəfindən qətlə yetiriliblər. Bu tükürpədici əməldə F.Əliyevə onun oğlu Fəqan Əliyev də kömək edib. Aparılan istintaq tədbirləri nəticəsində cinayətin üstü açılıb. Ata və oğlu saxlanılıb. Faktla bağlı araşdırılma aparılır.
 

Ailə-məişət zəmində cinayətlər niyə çoxalıb, bunun qarşısnı almaq üçün hansı addımlar atılmalıdır? Qanunvericiliyə daha ağır cəza tədbirlərinin əlavə olunmasına ehtiyac varmı? 


Modern.az-ın
əməkdaşı bu suallarla Milli Məclisin bir neçə qadın deputatına müraciət edib.

Gövhər Baxışəliyeva ailə-məişət zəmində cinayətlərin artmasından çox narahat olduğunu vurğulayıb:

“Mən ailə-məişət zəmində cinayətlərin artması ilə bağlı bir neçə dəfə də çıxışlar etmişəm. Bunlar dəhşətli faktlardır. XXI əsrdə Azərbaycanda belə hadisələr baş verməməlidir. Hesab edirəm ki, belə hadisələr iki səbəbdən baş verə bilər. 
Birincisi, bu cinayəti törədən şəxslərin bəziləri psixi xəstə olur.  Elə xəstələr  yanındakılara işgəncə verməyə, qətl törətməyə başlayırlar. Bu zaman çox diqqətli olmaq lazımdır. Elə insanlar barəsində həkimlərə tez xəbər vermək, müalicəyə cəb etmək və psixi xəstəxanalara yerləşdirmək lazımdır.  Həmçinin, hüquq-mühafizə orqanlarına xəbər vermək vacibdir. Ailələri bu cür insanların zorakılığından qorumaq lazımdır.
 İkincisi, biz müsəlman xalqıyıq. XXI əsrdə nə qədər müasirləşsək , inkişaf yolu keçsək də, mentalitetimizdə kişinin qadından üstün olmağı qalır”.

 

Deputat deyib ki, bir çox ailələrdə oğlan uşaqlarına körpəlikdən elə tərbiyə verilir ki, “sən kişisən, nə dedinsə o olmalıdır! Ailədə mütləq üstünlüyə sən maliksən!” kimi... bu da düzgün deyil.

 

“Həmin adamlar da ömür boyu o fikirlə yaşayırlar ki, “mən kişiyəm, düz də desəm, səhf də etsəm qadın tabe olmalıdır!”. Qadın tabe olmayanda da belə zorakılıq halları baş verir.  Mən düşünürəm ki, orta məktəblərdə ya ayrıca fənn, ya da hansısa fənnin daxilində uşaqlara ailə etikası haqqında dərslər keçrilməlidir. Sivil boşanma, bir-biriləri ilə yola getmə məsələləri insanlara öyrədilməlidir. Nə qədər şahidi oluruq ki, kişi qadından ayrılır, daha sonra bunu özünə sığışdırmır və hardasa həmin qadını tapıb qətlə yetirir. Bizdə belə hadisələr çox olur”.
 

G.Baxışəliyeva Salyandakı qətl hadisəsindən də danışıb. 


“Bu dəhşətli bir hadisədir. Bu insan manyak imiş. Bildiyimiz kimi, manyaklar psixi xəstələr olurlar.  Bir insanın yoldaşını və 4 qızını dəhşətlə öldürməsi heç bir çərçivəyə sığmır. Psixi insanlar ailədən və cəmiyyətdən təcrid olunmalıdır. Dözün, dözünlə düzələr deyil... Mən cəmiyyətimizdə bu cür zorakılıq hallarının baş verməsinə çox acıyıram.  Bu bizim cəmiyyətimizdə olmamalıdır. Belə hallara qarşı bütövlükdə mübarizə aparmalıyıq”. 

 

Məlahət İbrahimqızı deyib ki, istənilən halda qadına  qarşı ən kiçik zorakılıq belə, cinayət sayılır: 


“Salyandakı məlum qətl hadisəsi isə insanlığa sığmır. Bir ata necə qəddarlıqla həyat yoldaşını və qızlarını öldürə bilər? Bu insanlığa sığmayan əməldir. Bu ən ağır cinayətdir və sözün bitdiyi yerdir. Onu deyə bilərəm ki, qadına qarşı zorakılığın hər bir növü cinayətdir. Bununla bağlı Azərbaycan qanunvericiliyi

çox təkmilləşib. Cəmiyyətin maarifləndirilməsinə çox böyük ehtiyac var. Qadınların kişilər üzərində nə qədər məsuliyyət daşıdığını kişilər bilməlidir. Hesab edirəm ki, insanlığa sığmayan belə cinayətlərə qarşı hüquq-mühafizə orqanları ən kəskin qərarlar verməlidir”. 

 

Jalə Əliyeva bildirib ki, elə məsələlər var ki, onunla bağlı hansısa tədbir görmək hələ hər şey demək deyil.

 

“Məsələn, son zamanlar məişət zorakılığı hallarının  sayının artması kimi hadisələr. Belə məsələlərin fəlsəfəsinə baxsaq görərik ki, insan oğlu yaradılışdan bəri kimliyindən və harada və hansı zamanda yaşamasından asılı olmayaraq, hər zaman cəmiyyətdə güclünün gücsüz üzərində zorbalığı mövcud olub. Bu gün təkcə bizim cəmiyyətdə deyil, dünyada baş verən tendensiya onu göstərir ki, kişilərin qadınlar , böyüklərin uşaqlar üzərində zorakılığı halları var. Burada da söhbət güclünün gücsüz üzərində güc nümayişindən söhbət gedir. Milli Məclisdə “Məişət zorakılığının qarşısının alınması haqqında” qanun da qəbul edilib. Azərbaycan müstəqillik əldə edəndən sonra bir çox beynəlxalq konvensiyalara qoşulub.  Azərbaycanda dövlət səviyyəsində bu sahədə məqsədyönlü siyasət  aparılır.  Bununla bağlı Azərbaycanda xüsusi qurumlar fəaliyyət göstərir. Özünü ziyalı və cəmiyyətin bir parçası sayan hər bir şəxs bu kampaniyaya qoşulub. Amma bütün bu təbliğatlara baxmayaraq, hələ də belə hadisələr baş verir”. 


Deputat bildirib ki, bəzi şəxslər belə hadisələr baş verərkən cəmiyyəti, məktəbi, ətraf mühiti günahlandırırlar. 


“Amma mən düşünürəm ki, həmin şəxs yetkinləşənə qədər hansısa bir ailədə doğulur. Özündə bir gen daşıyır. Düşünürəm ki, birinci növbədə problemi ailənin kökündə  axtarmaq lazımdır. Ya bu gendən gəlmə bir şey olur, ya düzgün verilməyən tərbiyə, ya da gördüyü pis şeylərlə bağlı olur. Hər bir ana oğlan övladına tərbiyə verərkən mütləq deməlidir ki, “oğlum, özndən gücsüzə, böyüyə, qadınına, bacına, övladına, anana əl qaldırsan südümü sənə halal etmərəm”.

 

Biz mental düşüncələrimizə, kökümüzə, ənənələrimizə çox bağlı olan xalqıq. Düşünürəm ki, bir oğlan uşağı ailəsindən davamlı olaraq bu şəkildə tərbiyə görərsə, gələcək həyat üçün daha yaxşı formalaşar. Ailələr övladının kimlərlə oturub-durmağına da diqqət yetirməlidirlər. Biz şahidi oluruq ki, belə hadisələrin çoxunun adını namus məsələsi qoyurlar. Axı bu çıxış yolu deyil. Bunun üçün hüquq-mühafizə orqanları var. Həmin orqanlara müraciət edərək, məsələni sivil yolla həll etmək olar.

 

Hesab edirəm ki, məişət zorakılığı halları ilə bağlı daha geniş təbliğatlar aparılmalıdır. Biz daha ucqar bölgələrdən, rayonlardan başlamalıyıq.  Bu istiqamətdə bizim ən böyük dəstəyimiz Kütləvi İnformasiyalar Vasitələridir. Biz Milli Məclisdə də təklif etdik ki, televizya kanalları bir neçə dəqiqəlik çox təsirli sosial çarxlar çəksinlər. Burada məişət zorakılığının nələrə gətirib çıxardığı öz əksini tapa bilər. Təəssüflər olsun ki, hələ də bu problem öz həllini tapmayıb”.


Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir