Modern.az

Azərbaycanın diaspor quruculuğunda ələnmə gedir – Deputatdan AÇIQLAMA

Azərbaycanın diaspor quruculuğunda ələnmə gedir – Deputatdan AÇIQLAMA

9 Dekabr 2017, 09:39

Dünya təcrübəsi göstərir ki, dövlətçiliyin inkişafında diaspor amili mühüm yerlərdən birini tutur. Bu, dövlətin beynəlxalq aləmdə nüfuzunun artması və təsir imkanları əldə etməsi ilə bağlıdır. Bundan əlavə, beynəlxalq münasibətlər sistemi diasporu özündə siyasət, mədəniyyət, cəmiyyətlər, birliklər və s. birləşdirən institutlaşmış funksional tərkib kimi qəbul edir.

 

Azərbaycan da beynəlxalq aləmin tərkib hissəsi olduğuna görə, diaspor amili dövlətçiliyimizin inkişafı və Azərbaycanın dünyadakı nüfuzunun və təsir imkanlarının artması yönündə mühüm əhəmiyyətə malikdir.

 

Bəs diaspor təşkilatları müstəqil fəaliyyət göstərməlidir  yoxsa dövlət  dəstəyi vacibdir?

 

Bununla bağlı Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Sahib Alıyev  Modern.az-a  danışıb:

 

“Hələ  ölkəmizdə diaspor fəaliyyətinə yeni başlanılıb.  Buna görə də təbii olaraq dövlət dəstəyi lazım idi və bunu hamıdan yaxşı bilən ulu öndər Heydər Əliyev fərman imzaladı. Yəqin ki, müəyyən vaxtdan sonra diaspora təşkilatlarının dövlət dəstəyinə ehtiyacının olub-olmadığı məlum olacaq.  Amma ehtiyac  olmasaydı, hər halda ulu öndər belə bir qərar verməzdi.

 

Digər tərəfdən  xarici ölkələrdəki diaspor təşkilatlarının fəaliyyəti insanların öz istəklərindən asılıdır. Əgər bir insanda Azərbaycan sevgisi varsa, o, istər-istəməz diasporun fəal üzvlərindən olacaq. Bu, dövlətin istəyindən asılı olmayaraq  reallaşacaq. Amma məsələ burasındadır ki, bizim dünyadakı diaspor təşkilatlarımızın fəaliyyəti hələ tam formalaşmayıb.  Özlərini Azərbaycanın ayrılmaz hissəsi hesab edənlərin təşkilatlanmasında təbii ki, dövlət müəyyən yardımlar etməlidir”.

 

Deputat düşünür ki, ictimai-siyasi baxımdan daha hazırlıqlı adamlar diaspor işində fəal olmalıdır:

 

“Müstəqil fəaliyyət göstərən diaspor təşkilatları da var. Ümumiyyətlə diaspor fəaliyyətindən söhbət gedirsə, burada müstəqil və ya qeyri-müstəqil məsələsi olmamalıdır. Əsas söhbət diaspor təşkilatlarının Azərbaycanın maraqlarını nə qədər peşəkarlıqla, nə qədər hissiyatla qorumaqları, ölkəmizi necə təmsil etməkləridir. Onlar öz vətənləri üçün  nə qədər gərəklidirlər? Önəmli olan budur.

 

Diaspor təşkilatları sadəcə orta statistik adamlardan ibarət deyil. Diasporlarda imkanlılar da, maddi  səviyyəsi zəif olanlar da var.  Təbii ki, bu məsələdə adətən imkanlı soydaşlar ön planda olurlar. Maddiyyatla yanaşı, ictimai-siyasi baxımdan daha hazırlıqlı adamlar diaspor işində fəal olmalıdır. Belə olduğu halda ölkəni daha ləyaqətlə təmsil etmək mümkündür”.

 

S.Alıyev  qeyd edib ki, diaspor təşkilatlarının fəaliyyətini birmənalı qiymətləndirmək olmaz:

 

“Diaspor təşkilatları bu vətənin dərdi ilə yaşamalıdır. Azərbaycan üçün bu dəqiqə təbii ki, bir nömrəli məsələ Dağlıq Qarabağdır. Onlar dövlətimizin istəklərini, maraqlarını beynəlxalq aləmə daha geniş şəkildə çatdırmalıdırlar.

 

Hazırda diaspor təşkilatlarının fəaliyyətini birmənalı qiymətləndirmək olmaz. Çünki onların içində bu işi peşəkar səviyyədə görənlər, fəal olanlar da var. Bu, bir prosesdir. Ümid edirəm ki, getdikcə  bu istiqamətdə təkmilləşmənin şahidi olacağıq.  Mənə elə gəlir ki, diaspor quruculuğunda ələnmə  prosesi gedir və zamanla bütün məsələlər öz həllini tapacaq”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi