Modern.az

Professor İsmayıl Vəliyev vəfat etdi

Professor İsmayıl Vəliyev vəfat etdi

9 Dekabr 2017, 13:20

Bakı Dövlət Universitetinin Kitabşünaslıq və nəşriyyat işi kafedrasının professoru, Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi İsmayıl Vəliyev vəfat edib.

 

Bu haqda Modern.az-a BDU-dan məlumat verilib.

 

O, insultdan dünyasını dəyişib. 

 

Qeyd edək ki, İsmayıl Vəliyev 1951-ci il martın 18-də Ermənistan SSR-nin Allahverdi rayonunun Böyük Ayrım kəndində anadan olub.

 

1968-ci ildə isə orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra Şınıq sovxozunda və Ağtala Tikinti Məmulatları Kombinatında fəhlə işləyən İ.Vəliyev Bakıda 8 nömrəli texniki-peşə məktəbini fərqlənmə diplomu ilə bitirib. Daha sonra "Leninneft" trestinin Neft və Qazçıxarma İdarəsində elektrik montyoru peşəsində çalışıb. 1970-1975-ci illərdə Azərbaycan Dövlət Universitenin jurnalistika fakültəsinin əyani şöbəsində təhsil alıb. 1975-ci ildən Azərbaycan Dövlət Nəşriyyatında korrektor və sonra kənd təsərrüfatı ədəbiyyatı şöbəsində aparıcı redaktor vəzifəsində işləyib.

 

1978-ci ildən "Yazıçı" nəşriyyatında ədəbiyyatşünaslıq və publisistika redaksiyasında redaktor, incəsənət və klassik ədəbiyyat redaksiyasında müdir, 1980-ci ildən Azərbaycan Dövlət Nəşriyyat, Poliqrafiya və Kitab Ticarəti İşləri Komitəsində Nəşriyyatlar İdarəsinin rəisi, 1984-cü ildən Azərbaycan KP Mərkəzi Komitəsinin təbliğat və təşviqat şöbəsi müdirinin mətbuat məsələləri üzrə müavini (1987-1989) vəzifələrində işləyib.

 

Azərbaycan Sovet Ensiklopediyası Baş redaksiyasında baş redaktorun birinci müavini (1989-1991), baş redaktor (1991-1992), Azərbaycan-Türkiyə birgə müəssisəsi "Göytürk" Nəşriyyat, Poliqrafiya və Ticarət Şirkətinin Baş direktoru (1991-1992) olub. 1993-cü ildən 2004-cü ilin aprelinədək "Azərbaycan Ensiklopediyası" Nəşriyyat-Poliqrafiya Birliyinin Baş direktoru və Baş redaktoru olub.

 

Allah rəhmət eləsin!

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır