Modern.az

Jurnalist Etibar Cəbrayıloğlu ilə FOTOSÖHBƏT  

Jurnalist Etibar Cəbrayıloğlu ilə FOTOSÖHBƏT   

11 Dekabr 2017, 09:10

Modern.az saytı tanınmış jurnalist Etibar Cəbrayıloğlu ilə FOTOSÖHBƏT layihəsini təqdim edir.

Etibar Cəbrayıloğlu 1967-ci il dekabrın 11-də Lənkəran şəhərində anadan olub. 1985-ci ildə Həzi Aslanov adına şəhər 3 saylı orta məktəbi bitirib. Bir müddət N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında yardım heyətinin aktyoru, rejissor assistenti kimi çalışıb. Teatrın komsomol təşkilatının katibi olub.
1986-88-ci illərdə hərbi xidmətdə olub.
1991-96-cı illərdə Mədəniyyət və İncəsənət Universitetində pedaqoq-təşkilatçı ixtisası üzrə təhsil alıb.

1991-ci ildən mətbuat sahəsində fəaliyyət göstərir. Qeyri-leqal çap olunan “Çeşmə” qəzeti ilə fəal əməkdaşlıq edib. “Elin səsi” qəzetində müxbir, “Lənkəran” qəzetində redaktor müavini olub.
1996-ci ildən Bakıya köçdükdən sonra “Press-fakt” qəzetində müxbir, şöbə müdiri, “Bu gün” qəzetində baş redaktor müavini, “Yeni Müsavat” qəzetində informasiya şöbəsinin müdiri, “Yeni Yüzil” və “Cümhuriyyət” qəzetlərində baş redaktor müavini, “Politika” qəzetində baş redaktor, “Üç nöqtə” qəzetində şöbə redaktoru, “Hesabat” jurnalında koordinator, “Gün səhər” qəzetində şöbə redaktoru, baş redaktor müavini, “Biz+” jurnalında baş redaktor müavini, “Haqqın nuru” qəzetində baş redaktor müavini vəzifələrində çalışıb.

2007-ci ildən “Ədalət” qəzeti ilə əməkdaşlıq edir. Qəzetin şöbə müdiri, köşə yazarı olub.

2010-cu ildən Qafqaz Müsəlmanları İdarəsində çalışır.

2011-ci ildə Amerika-Azərbaycan Təhsil Şurasının proqramı ilə ABŞ-da təcrübə keçib.

2012-ci ildə “Həsən bəy Zərdabi” mükafatına layiq görülüb.

“Ədalət”, “Hetrik-news”, qəzetləri, Modern.az və Qol.az saytları ilə sıx əməkdaşlıq edir.

Ailəlidir, 1 oğlu və 1 qızı var.     




Həzi Aslanov adına 3 saylı orta məktəbi Lənkəranda hamı “İsrafil müəllimin məktəbi” kimi tanıyırdı. Jurnalist olmaq həmin illərdə heç ağlımın ucundan belə keçmirdi…



Atam Cəbrayıl kişi. Bədii ədəbiyyata, teatra, kinoya, futbola maraq atamdan keçib. 



Rəisə anam. Hələ də balaca uşaq kimi nazımı çəkir. Hər görəndə deyir ki, saçların niyə belə tez ağarıb?



Böyük qardaşım Vəfadar. Nə ozü 50 yaşa çatdı, nə mənim yubileyimi görə bildi…



İndi onların imzasını çoxları tanıyır- Etibar və Hüseyn Cəbrayıloğlu qardaşları.



General qızının ürəyini oğurlaya bilmədim. Çünki Qazaxıstanda qulluq etdiyim hərbi hissədə general yox idi.

Hə… Artıq mətbuatdayam. 1992-ci ilin oktyabrı, “Lənkəran” qəzetində redaktor müavini yeni təyin olunmuşam. Qarşıda hələ uzun, incə bir yol var.



29 iyul 1999-cu il. İstedadlı həmkarım Şahnaz Bəylərqızı ilə SSRİ-nin xalq deputatı, sabiq nazir Arif Mansurovla Mərdəkandakı bağında müsahibə alırıq. Ömrünün son gününə kimi Arif bəylə dostluq etdik. O, Vətəni sözdə yox, əməldə sevən kişilərdən idi. 



Qüdrətli sənətkar Həsənağa Turabov müalicədən yeni qayıdıb. Seymur Elsevərlə mənə İran təəssüratlarını danışır. 1999-cu il. 



Böyük şairimiz Musa Yaqubla Soçidə. 2002-ci ilin sentyabrı. 



Bu şəkil də Soçidə çəkilib. Rauf Mirqədirov və Toğrul İsmayılla Stalinin Soçidəki bağ evindəyik. “Dahi rəhbər” sağ olsaydı yəqin ki, bizi içəri buraxmazdılar.   



2003-cü il avqustun 4-ü. Adil İrşadoğlu, Tahir Paşa beynəlxalq təşkilatın xətti ilə Ermənistana getmişik. Azərbaycan, gürcü və erməni jurnalistlərinin iştirakı ilə konfransın fasiləsidir. Arxada bizim Goyçə gölüdür.



Həmkarlarımla Azərbaycan Demokratik Cümhuriyyətinin qurucusu Məmməd Əmin Rəsulzadənin Ankarada Əsri məzarlığındakı qəbrini ziyarət edirik. 9 aprel 2004-cü il.



Bu şəkil də həmin gün çəkilib. Türkiyənin 9-cu Prezidenti Süleyman Dəmirəl Bakıdan gələn jurnalistləri Ankaradakı mənzilində qəbul edir.  



Mənimlə şəkil çəkdirən məşhur türk sənətçisi İbrahim Tatlısəsdi. 



Bu şəkil isə tələbəlik illərindən yadigardı...



“Ağ Ev”ə Donald Trampdan tez çatmışam. Vaşinqton 5 may 2011-ci il .


 
Amerikanın Los-Ancelos şəhərinin mənə dar gələn günləridi. 8 may 2011-ci il.



2011-ci ilin mayında Kaliforniya ştatının Qranada Hillz şəhərinə gəlsəydiniz sizi bu evdə qarşılayardım.



Əlimi əminliklə Aqil Abbasın çiyninə qoymuşam. Aqil Abbas və İradə Tuncay boynumda haqqı olan insanlardı. Amma bu məclisdə bütün sözlər “Ədalət” qəzetindəki iş yoldaşımız Məzahir Əhmədzadənin şərəfindədi. 60 illik yubileyinə toplaşmışıq. 


Əflatun Amaşov bizi Mətbuat Şurasının iclasına toplamayıb. Uşaqlıq dostum və qonşum Elçin Mirzəbəylinin oğlunun toy məclisidi. 1 iyul 2017-ci il.



Bircə bacımız Yasəmənə qonaq getmişik.



Qardaşım nəvələridi. Biri atamızın adını daşıyan Cəbrayıldı, biri də Yusif.



“İsrafil müəllimin məktəbinə” gedən il gündən bir yerdəyik. Düz 43 ildi. Uşaqlıq dostlarımın əhatəsində olanda özümü dünyanın ən xoşbəxti hesab edirəm. 


Biz mehriban ailəyik. Məni yəqin ki, tanıyırsınız. Ən çətin anlarda yanımda olan İradə xanım, oğlum Turan və qızım Fatimə.



Bu il bizim ailədə yubileylər ilidi. Mənim 50, ömür-gün yoldaşım İradə xanımın 40, evlənməyimizin isə 20 ili tamam olur.



Vətən Turana “Oğul” dedi!

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...