Modern.az

Nakam taleli bakılı rəssam Almaniyada vəfat etdi - PORTRET - FOTOLAR

Nakam taleli bakılı rəssam Almaniyada vəfat etdi - PORTRET - FOTOLAR

11 Dekabr 2017, 00:43

“Bakının artıq yeni tikililəri ilə çevrələnmiş Əhmədli kəndinin tarixi çox qədimlərə gedib çıxır. 1955-ci ildə göz açdığım dünya ora olub. Sonradan ağlım kəsənə qədər, dünyanın müqayisə olunmaz böyüklüyünün fərqinə varınca, oranın qapısını açdım”.

 

Bu sözlərin müəllifi uzun müddət idi ki, Almaniyanın Velbert şəhərində yaşayan rəssam Gündüz Əlizadədir. Onun üçün dünyaya qapı 1955-ci ildə köhnə Bakı məhəlləsində açıldı, dünən isə həmin qapı uzaq Almaniya qəsəbəsində yumuldu.

Modern.az-ın məlumatına görə, Gündüz Əlizadə dostlarının da sosial şəbəkələrdə yazdığına görə, dekabrın 9-da dünyasını dəyişib.

 

Həyatı boyu ən səmimi müsahibələrindən birini ölümündən bir neçə il əvvəl Modern.az saytına vermişdi. Elə öz istəyinə görə, yazının adını “Metrolu kəndinin nağılı” qoymuşduq. Deyirdi ki, çox darıxıram o kənd üçün... ömrünün  acı günləri orada keçmişdi, amma yenə də həmin kənd üçün darıxırdı:

 

“Üçüncü sinifdə oxuyurdum. Atamla anam arasında tez-tez düşən dava-dalaş məni məyus edirdi. Səbəbini bilmirdim. Təkcə onu bilirdim ki, nəsə çox ciddi məsələdir. Sonradan anladım ki, atamın təkidi ilə ayrılmaq istəyirlər. İçim qan ağlayırdı, gözlərimin yaşı da qurumuşdu. Hər gün qohum-qardaş yığışıb bu işə əngəl olmağa çalışardılar. İş isə çox düyünə düşmüşdü. Və... bir gün anam məni və qardaşımı götürüb dayımgilə apardı. Dayım isə təqsiri anamda görürdü. “Tök daşı ətəyindən geri qayıt”, - deyib dururdu. Nə isə bizi yatırtdılar. Amma atam gecə vaxtı taksi ilə gəlib anama “sənə uşaq düşmür”,- deyib bizi götürdü. Anamı boşadığına görə atamı əvvəlcə kənd soveti sədrliyindən, sonra partiyadan xaric etdilər. Amma istədiyini etdi. Dörd uşağın hamısını özündə saxladı və biz daha anamızı görmədik.

 

 

Bu acı göynəmənin nə olduğunu bilənlər bilir, bilməyənlərə isə heç zaman arzulamazdım. Çarəsiz idim, heç kim anama haqq qazandırmırdı. Nənəm, bibilərim, əmim və sadalamaq istəmədiyim bir çoxları. Bütün Ağalı həyəti bu işə çox biganə idi. Təkcə babamdan başqa. Onun da yatağından qalxmağa belə,  taqəti yox idi. Çarpayının aşağı başından bağlanmış kəndirdən  tutub qalxmağa gücü yox idi. Oturmaq istəyəndə ya məni, ya da qardaşım Pirəlini səsləyərdi. Pirəlini daha çox istəyirdi, atasının adını qoymuşdu ona. Mənim də başımı sığallayıb deyərdi: “Döz bala, döz, pis hünün ömrü az olar”.

 

"Çətin günlər isə gündən- günə daha dözülməz olurdu...”

 

 

Gündüz Əlizadənin uşaqlığı bu cür ağrılı göynərtilərlə keçib. Yuxarıdakı xatirələri də  vaxtilə bu sətirlərin müəllifinə ürəkağrısı ilə danışmışdı. Amma sınmamışdı. Rəssamlıq Akademiyasını bitirmiş, elə sevdiyi işlə də məşğul olmuşdu. Heç zaman baş verənlərə laqeyd qalmamışdı. Çünki uşaqlıqdan özünə və kiçik bacı-qardaşlarına qarşı olan laqeydliklər onu çox əldən salmışdı. Həm karikaturaçı rəssam, həm də ictimai fəal kimi dövrün əsas problemlərinə kəskin münasibət bildirmişdi. Bu səbəbdən də, əsas mövzuları "20 Yanvar" və Qarabağ hadisələri idi. Haqq səsinə hay verən əsgər, üsyankar ruhlu döyüşçü onun əsərlərinin əsas qəhrəmanı idi. Gündüz Əlizadə bu rəsmlərdə əslində, gizli qalan özünü çəkməkdə idi. Elə son gününə qədər də gizli qaldı. İnternetdə axtarış verdik, ölümü barəsində bircə yerdə də məlumat görmədik. Amma əksər media nümayəndələri, 1990-cı illərin jurnalistika nəsli onu çox yaxşı tanıyırdı. Bir neçə qəzetdə və dövrün ən məşhur “Gənclik” jurnalında karikaturaları ilə çox tanınmışdı. Amma indi bir neçə dostundan başqa kimsə onun ölümü haqqında bilmir...

 

 

Qısa bir haşiyə...

Gündüz Əlizadənin dilindən:

“Fəridə mənim üçün uşaqlıq illərimin əzabına şirinlik qatan yeganə varlıq və həzin bir xatirə idi.

 

Qənirsiz gözəlliyi, ötkəmliyi, çalışqanlığı, hazırcavablığı və ən çox da şirindən şirin ilıq münasibəti ilə. Bu münasibət üçüncü sinifdən başlamışdı. O vaxt biz bir parta arxasına keçdik və səkkizinci sinfə qədər yerimizi dəyişmədik. Amma daha real, daha güclü bir sevgim də var idi - rəsm çəkmək sevgisi.

 

 

Hətta dərs zamanı belə müəllimin nəzərlərindən yayınıb oğrun-oğrun yanımda oturan Fəridənin rəsmini çəkirdim. O bundan xoşlanar, çatma qaşları altından məna  dolu baxışlarla baxardı.

 

Atam mənim istedadıma qarşı diqqətsiz qalmadı. Qaqarin adına Pionerlər Sarayının rəsm bölməsinə yazdırdı. O vaxtdan qalan ömrümün mənasına çevriləcək bir sənətin işığıma doğru yol aldım. Bu yol nə qədər enişli-yoxuşlu olsa belə, uzaqda məni bir işığın gözlədiyinə inanmaqda idim. Məşğələlərdə çox çalışqan idim. Müəllimi razı salmaq üçün dəridən-qabıqdan çıxırdım və zəhmətim də yerdə qalmırdı. Bir neçə dəfə respublika uşaq sərgilərində birinci yerin qalibi olmuşam. Hətta medal da almışdım. Həmin medalı bir vaxtlar əsgər papağından düşən ulduzla bərabər bir qutuda saxlayırdım, amma həmin ulduzu atama vermədim, verə bilmədim. Ananın rəsmini cırdığına görə, onu həyatımdan sildiyinə görə...

 

 

Qarşıda isə məni böyük sənət məbədi sayılan Azərbaycana neçə-neçə böyük rəssamlar bəxş etmiş Əzim Əzimzadə adına Rəssamlıq Akademiyası gözləyirdi...

 

Elə ona qalan bu rəssamlıq oldu. Bir gün sevdiyi insanlardan da ayrılıb qürbətə gedəndə özü ilə ancaq rəssam Gündüzü  apardı. Son illərdə elə sifariş rəsmlər çəkirdi. Özü də qrafik rəsmlər.... Həm almanlar, həm də başqa millətin nümayəndələri onun əsərlərini çox bəyənirdi.

 

 

Xatırlayıram, onunla son söhbətimizi belə bitirmişdik:

“- İndicə bura iki amerikalı gəlmişdi. Rəsmlərini çəkdim. Azərbaycandan olduğumu bilib heyrətləndilər. Mənə dedilər ki, bizdən Azərbaycana salam çatdır. Mən də o salamı çatdırmağı səndən xahiş edirəm.

 

- Gündüz müəllim, çatdıraraq.

 

- Bir də, indi Bakıda havalar necədir?”

 

P.S. Gündüz müəllim, indi yəqin ki, həsrətini çəkdiyi dogma Bakıda və onun metrolu şəhərindədir…

 

-Burada hava necədir, Gündüz müəllim?...

 

E.Nihad

Twitter
Sizə yeni tvit var
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...