Modern.az

62 yaşlı Mehman Cavadoğlu: “Ömürdü də, gəldi, keçdi..” - Ad günü MÜSAHİBƏSİ  

62 yaşlı Mehman Cavadoğlu: “Ömürdü də, gəldi, keçdi..” - Ad günü MÜSAHİBƏSİ   

11 Dekabr 2017, 12:44

Bu gün tanınmış jurnalist, Müsavat başqanının keçmiş müavini Mehman Cavadoğlunun doğum günüdür. Onun 62 yaşı tamam olub.

Mehman Cavadoğlu 1955-ci il dekabrın 11-də İsmayıllı rayonunun İsmayıllı kəndində anadan olub. 1977-ci ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. "Sovet kəndi" qəzetinin müxbiri və şöbə müdiri, "Müxalifət" qəzetinin redaktoru, “Həyat”, “Azərbaycan”, “Rezonans”  qəzetlərinin  baş redaktoru  kimi fəaliyyət göstərib.


Modern.az
saytı tanınmış jurnalistlə ad günü ilə əlaqədar həmsöhbət olub.


- Mehman müəllim, 62 ili necə analiz edib, qiymətləndirərdiniz?

- Ömürdü də, gəldi, keçdi. Əsas adamın özünün deyil, ətrafındakıların qiymətləndirməsidir. Onu da hər kəs özünəməxsus edir. Bu haqda mən nə deyə bilərəm? Ömürdür, yaşamışıq.


- İndiyə kimi həm  iş fəaliyyətinizdə, həm də şəxsi həyatınızda peşman olduğunuz anlar olubmu?


- Yox. Yəni ağlım kəsəndən qərarları özüm düşünüb vermişəm və buna uyğun da hərəkət etmişəm.


- Ömrünüzün hansı hissəsini  “qızıl dövr” adlandırardınız?


- Adətən ömrün qızıl dövrü gənclik illəri olur. Bu, bütün insanlarda  belədir. Yaşlananda insan nostalji hisslərlə yaşayır. Gənclikdə gələcəyin ümidi ilə, yaşlananda keçmişin nostaljisi ilə yaşayırıq.


- “Həyat”, “Azərbaycan”, “Rezonans” kimi qəzetlərdə baş redaktor olmusunuz, ümumiyyətlə, jurnalist kimi fəaliyyətiniz çox zəngindir.  Bəs hazırkı  jurnalistləri izləyirsinizmi? Sizi qane edir?


- Ümumi mənada bir söz demək çətindir. Amma aralarında xoşuma gələn imzalar var. Sevdiyim imzalara harada rast gəlsəm, mütləq oxuyuram.


- Hansı imzaları mütəmadi olaraq izləyirsiniz?


- Elə imzalar var. Amma indi  bədahətən desəm, kimsə yadımdan çıxa bilər. Ən azı 10-a yaxın imza var ki, harada görsəm, oxuyuram.


- Mehman müəllim, siz jurnalist fəaliyyətinizə görə "Qızıl qələm" və "Müstəqillik dövrünün jurnalisti" mükafatları almısınız. İndi yəqin ki, siz də müşahidə etmisiniz, pul  qarşılığında rahatlıqla mükafat alanlar var. Yaxud həmin mükafatları kimliyindən asılı olmayaraq hər kəsə verə bilirlər.


- Bu, ümumilikdə cəmiyyətdəki deqradasiyanın əlamətidir. Artıq hər sahə bu cür deqradasiyaya uğrayıb. Bir də görürsən ki, hansısa xoş, ülvi məqsədlə yaradılan proses bir müddətdən sonra alver elementinə çevrilib. Çox təəssüf doğurucu haldır və təkcə jurnalistikada müşahidə edilmir. Cəmiyyətimizdə bu cür faktlar  kifayət qədərdir.


- “Qızıl qələm” mükafatını pul qarşılığında almaq,  bu mükafatın əvvəlki sahiblərinə-eləcə də sizə hörmətsizlik  deyilmi?


- Təbii. Ümumiyyətlə, mükafatı vermək üçün müəyyən mexanizmlər olmalı, hansısa qurumun, söz sahibi olanların rəyi nəzərə alınmalıdır. Amma indi mükafatı kimin, hardan, necə verməsi mexanizmi məlum deyil.  Ona görə də qeyd etdiyim kimi, bu sahədə kobud dildə desək, başdan-ayağa hərc-mərclik hökm sürür.


- Hazırda nə işlə məşğulsunuz?


- İndi tərcümələrlə məşğulam. Həmçinin, “Ədalət” qəzetində yazılarım dərc olunur.


- Bəs doğum gününüzü necə qeyd edirsiniz?


- Hələ ki bu haqda heç nə fikirləşməmişəm. Sizin zənginizdən sonra nə edəcəyim haqqında düşünəcəm.

- İndiyə kimi necə keçirirdiniz?


- Dostlardan kimsə zəng edirdi, qeyd edirdik. Yəni əvvəlcədən hansısa planlaşdırılmış bir şey olmurdu.  Düzdür , yubileylərdə nəsə olurdu. Amma adi ad günləri, elə adi də keçir.


- Adətən yaş artdıqca insanlarda qorxu yaranır. Siz necə, yaşlanmaqdan qorxursunuzmu?


- Yaşlanmaq  reallıqdır. İnsan buna daxilən hazır olanda normal qarşılayır. Daxilən hazır olmayan müəyyən adamlar  ömrün getməsindən qorxur. Ömür getməlidir. İnsanlar bəzən 50-60 yaşlarının olacağını fikirləşəndə vahiməyə düşürlər. Amma həmin yaşa çatanda görürsən ki, bu da həyatın normal bir hissəsidir və soyuqqanlı olursan.


- Siz daxilən hazırsınızmı?

- Bəli. Təkcə mən yox, insanların əksəriyyəti buna hazır olur. Ola bilər, müəyyən əndişələr olsun. Amma həyatın bizim iradəmizdən asılı olmayan qaydaları ilə barışmaq lazımdır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...