Modern.az

NASA astronavtı Bakıda jurnalistlərlə GÖRÜŞDÜ: “Kosmosda qutunun arxasınca tullanmaq istədim”

NASA astronavtı Bakıda jurnalistlərlə GÖRÜŞDÜ: “Kosmosda qutunun arxasınca tullanmaq istədim”

11 Dekabr 2017, 12:45

ABŞ Hərbi Dəniz Qüvvələrinin 1-ci dərəcəl ikapitanı və NASA  astronavtı Haydi Payper  Azərbaycanda səfərdədir.

 

Modern.az saytının məlumatına görə, Payper bu gün Azərbaycan Amerika Mərkəzində media nümayəndələri ilə görüşüb və onların suallarını cavablandırıb. Sual-cavab şəklində keçən görüşdə Payper öz təəssüratlarını jurnalistlərlə bölüşüb.

 

O bildirib ki, 33 saata yaxın vaxtı açıq kosmosda olub:

 

“Biz gəmidən çıxıb müxtəlif işlər həyata keçirmişik. Həmin zaman ərzində kosmonavtın o qədər də vaxtı olmur ki, oturub bura necə gəldiyini fikirləşsin. Çünki bizim çox sıx cədvəlimiz var. Hər dəqiqəmiz, hər saniyəmiz planlaşdırılıb.

 

Müəyyən mənada dayanıb ətrafa nəzər saldığımız olur. Çox gözəl mənzərədir. Kosmosdan yer çox mavi görünür. Artıq  texnologiya o dərəcədə inkişaf edib ki, o qədər biliklərə yiyələnmişik ki, səmada kosmik stansiya inşa etmişik. Və burda insanlar yaşayır”

 

Payperin sözlərinə görə, kosmonavt olmaq üçün NASA-nın birinci tələbi texniki sahədə ali təhsildir.

“Kosmosun xüsusi cazibəsi var. Mən özüm çox sayda insan tanıyıram ki, Marsa getmək istəyir. Onlar bilirlər ki, Marsa getsələr belə onların yerə qayıtmağa ömrü çatmayacaq. Bizim kosmosa uçmağımız da kosmosun cazibəsindən irəli gəlir”.

Jurnalistin kosmosda başına gələn olayla bağlı sualına Payper belə cavab verib:

 

“Kosmosda işləyərkən başıma belə bir iş gəldi. Lazımlı bir qutu uçdu getdi kosmosa. Hədsiz pis oldum. Bizim stol ölçüsündə qutularımız olur və həmin qutuların içinə kiçik qutular yığırıq. Hər bir qutu iri qutunun içinə qarmaq vasitəsi ilə bərkidilir. Uçan qutu bərkidilməmişdi. Qutu gedəndə düşündüm ki, qutunun arxasınca tullanıb onu tutum. Amma sonra fikrimi dəyişdim. Çünki məsələni daha da qəlizləşdirə bilərdim. Əməliyyat mərkəzi ilə əlaqə saxladım. Və ehtiyat ləvazimat qutusu köməyimizə gəldi”.

 

Payper eyni zamanda professional dalğıcdır. O suyun altı ilə kosmosu belə müqayisə edib:

 

“Suyun altında da,kosmosda da xüsusi geyimdə olursan.  Suyun altında gəzmək daha asandır. Kosmosda isə mütləq hardansa tutmalısan. Suyun altında suyun sıxlığı hərəkətə çətinlik törədir, amma kosmosda heç bir sıxlıq yoxdur və hərəkət daha sürətlidir. Suda ağırlıq daha çox hiss olunur, kosmosda isə ağırlığı hiss eləmirsən”.

 

Qeyd edək ki, Payper dekabrın 10-da Azərbaycana gəlib. Payper səfəri çərçivəsində  öz hekayəsini Azərbaycan ictimaiyyəti ilə bölüşür.

 

Və xüsusilə texniki və riyazi sahələrlə məşğul olan gənc qadınlarla karyera və imkanlar barədə danışacaq.

Kapitan Payper həmçinin yerli gənclərlə Kürdəmir şəhərindəki Amerika Guşəsində görüşüb, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasında təqdimat keçirəcək.

 

Azərbaycan Milli Elmlər Akademiyasında, ADA Universitetində, Bakı Mühəndislik Universitetində və Azərbaycan Dövlət Neft və Sənaye Akademiyasında görüşlər təşkil edəcək.

 

Səfər dekabrın 12-də yekunlaşacaq. 

 

Nəzrin RÜSTƏMOVA

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir