Modern.az

İlham Əliyevin də iştirak edəcəyi Qüdslə bağlı toplantıda nələr müzakirə olunacaq?  

İlham Əliyevin də iştirak edəcəyi Qüdslə bağlı toplantıda nələr müzakirə olunacaq?   

11 Dekabr 2017, 13:56

Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Qüds məsələsi ilə bağlı İstanbulda keçiriləcək fövqəladə zirvə toplantısında iştirak edəcək.

 

Belə ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə telefonla zəng edib və İslam Əməkdaşlıq Təşkilatının Qüds məsələsi ilə bağlı İstanbulda keçiriləcək fövqəladə zirvə toplantısına dəvət edib.

 

Prezident İlham Əliyev dəvəti minnətdarlıqla qəbul edib.

 

İslam Əməkdaşlıq Təşkilatının  fövqəladə zirvə toplantısında nələr müzakirə olunacaq?

 

Politoloq Qabil Hüseynli Modern.az-a açıqlamasında bildirib ki, Azərbaycanın bu konfransa dəvət olunması təbiidir:

 

“Azərbaycan İslam aləminə qırılmaz tellərlə bağlıdır.  İslam Əməkdaşlıq Təşkilatı da hər zaman Azərbaycana öz diqqətini bildirib. Bu nöqteyi-nəzərdən  İslam Əməkdaşlıq Təşkilatının VI zirvə toplantısında Azərbaycanın ərazi bütövlüyü dəstəklənib, Ermənistanın təcavüzkar siyasəti isə pislənib. Bundan başqa İslam Konfransı Təşkilatının hər bir iclasında  Dağlıq Qarabağa dair mütləq bir maddə ilə də olsa, yekun qətnaməsində ölkəmizin işğala məruz qaldığı, ərazilərimizin 20 faizinin zəbt olunduğu həmişə qeyd edilir.

 

Buna görə də fövqəladə zirvə toplantısına  prezident İlham Əliyevin dəvət edilməsi  ölkəmizin  İslam dövlətləri arasında söz sahibi olduğunun göstəricisidir”.

 

Q.Hüseynli qeyd edib ki,  bu toplantıdan gözləntilər çoxdur:

 

“Çünki toplantıda Trampın qərarına qarşı mövqe sərgilənməlidir və bu da ediləcək. Fövqəladə sammit olsa da, onun icrasında İslam dövlətlərinin əksəriyyətinin rəhbərləri iştirak edəcəklər.

 

Üç dinin müqəddəs məkanı olan Qüdsün birdən-birə Amerika tərəfindən İsrailin paytaxtı kimi tanınması dünya sivilizasiyalarına meydan oxumaq kimi bir şeydir.

 

Yəqin ki, zirvə toplantısında bu qərarı pisləyən ciddi qətnamə qəbul edilə bilər. Eyni zamanda İslam dövlətlərinin uyğun  addımları da orada müzakrə ediləcək”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!