Modern.az

Rəsulzadənin təxirə saldığı qanun layihəsi- Cümhuriyyət parlamentinin ilk iclası

Rəsulzadənin təxirə saldığı qanun layihəsi- Cümhuriyyət parlamentinin ilk iclası

Ədəbi̇yyat

12 Dekabr 2017, 00:18

Modern.az Azərbaycan Cümhuriyyətinin yüzillik yubileyi münasibətilə silsilə yazılarına davam edir.

Bu gün yenə də Cümhuriyyətin əsas siması olan parlamentdən danışacağıq.

 

Bildiyimiz kimi, parlamentin ilk iclası 1918-ci ilin 7 dekabr tarixinə təsadüf edir. O zaman ilk çıxışı Milli Şuranın sədri Məhəmmədəmin Rəsulzadə edir. O, tarixi çıxışında parlamenti Şərq tarixində ən böyük hadisələrdən biri hesab edir.

 

Daha sonra isə baş nazir Fətəli Xan Xoyski parlament qarşısında hesabat verir. Üstəlik, özü başda olmaqla Cümhuriyyət hökumətini istefaya yollayır.

 

Daha sonra isə parlamentə sədr seçilir. Böyük diplomat Əlimərdan bəy Topçubaşov bu etimada layiq görülür. Lakin Bakıda olmadığı üçün onu parlamentə sədr müavini seçilən Həsən bəy Ağayev əvəzləyir.

 

İndi keçək, ilk iclasdakı bəzi məsələlərə. Birinci iclasda parlamentin komissiyaları və komissiya üzvləri təyin edildi. Xəyalən də olsa, 1918-ci ilin 8 dekabrına səfər edək. Özü də birbaşa iclas zalına: (Cümhuriyyət parlamenti ilə bağlı stenoqramlara istinad edərək, natiqlərin dil-üslubu qorunub saxlanılıb)

 

Məmməd Əmin: Təklif edirəm ki, hökumət təşkilinə vəkil şimdiki hökumət iş başında qalsın.

 

Sədr: Buna etiraz edən yoxdur? Deməli təklif qəbul olunur. Əfəndilər! Üç komisyon intixabini təklif edirəm: Etimadnamə komisyonu, Tərtibat və ləvazimat komisyonu, Nizamnamə komisyonu. Hər komisyona neçə üzv intixab edilməsi barəsində rəyinizi deyiniz.

 

Camalbəyov: Hər firqədən bir nəfər.

 

Səfikürdski: Hər komisyon beş nəfərdən ibarət olmalıdır.

 

Məmməd Əmin: Hər firqədən birər, "Müsavat" və bitərəflərdən isə ikişər nəfər intixab olmağını təklif edirəm. Zatən "Müsavat" firqəsi ən böyük firqədir.

 

Miryəqub: Hələlik şəkli-fraksiyon məlum olmadığından naşi hər firqədən bir nümayəndə, əyalət, şəhərlər nümayəndələrindən isə bir nəfər üzv təklif edirəm.

 

Məmməd Əmin: Mən təklifimdə israr etmirəm.

 

Səfikürdski: Mən təklifimi geri götürürəm.

 

Sədr: Deməli "İttihad" firqəsinin təklifi qalır. Rica edirəm, namizədlərinizi göstəriniz.

 

Bu namizədlər təklif edilir: "Müsavat" və bitərəflərdən: Şəfi bəy Rüstəmbəyov Mandat komisyonuna, Məmməd Yusif Səfərov Nizamnamə komisyonuna, Kazımzadə Tərtibat və ləvazim komisyonuna;

 

Sosialistlər ittifaqı tərəfindən: Məhərrəmov Mandat, Səfikürdski Nizamnamə, Hacınski Tərtibat və ləvazim komisyonuna;

 

"Hümmət" firqəsindən: Qarayev Etimadnamə, Camalbəyov Tərtibat və ləvazim, Şeyxülislamov Nizamnamə komisyonuna!

 

“İttihad” firqəsindən Vəzirov Zeynal bəy Etibarnamə, Məhəmmədbəyov - Tərtibat və Ləvazim, Qarabəyov Nizamnamə komisyonuna;

 

Sədr: Buna etiraz edən var isə əlini qaldırsın! Deməli, təklif qəbul olunur.

 

Daha sonra çox maraqlı bir qanun layihəsinin müzakirəsinə başlanılır. Lakin Rəsulzadə ilk iclas olduğundan həmin məsələnin müzakirəsini təxirə salır:

 

Qarabəyli: Məclisi-Məbusanına güşadı münasibəti ilə "İttihad" firqəsi siyasi məhbuslar üçün əfvi-ümumi elanını təklif edir.

 

Şeyxülislamov : "Hümmət" firqəsi "İttihad"ın arzu etdiyi təklifi qəbul və təbrik edir. Bu məsələni fraksiya da qaldırmaq istəyirdi. Fəqət bugünkü iclasda müzakirə edilməyəcəyini nəzərə alaraq qaldırmadı. Bu məsələni firqələrin deklarasiyasında oxunmasına təsir etdik. Hər halda əfvi-ümumi əleyhinə heç kəs etiraz etməz. Biz təbrik və "İttihad"a təşəkkür edirik.

 

Məmməd Əmin: Təbiidir ki, Məclisi-Məbusan yığıldığı zaman əfvi- ümumidən sərfi-nəzər etməyəcəkdir. Şübhəsiz ki, Məclisi-Məbusan əfvi-ümumi məsələsinə yanaşacaqdır. Fəqət, bunu hər fraksiya öz deklarasiyasında bildirəcəkdir. Bununla belə, mən "Müsavat" və bitərəflər namindən "İttihad" firqəsinin işbu təklifini təbrik edirəm. Əfvi-ümumiyə heç kəs etiraz etməz. Fəqət, hələ bu xüsusda qəti bir qərarnamə qəbulundan sərfi-nəzər ilə bəyannamələrin nəşrinə təkin bu məsələni təxir edəlim”

 

E. Nihad

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır