Modern.az

2017-ci il Azərbaycan mediasında nə ilə yadda qaldı…

2017-ci il Azərbaycan mediasında nə ilə yadda qaldı…

Media

13 Dekabr 2017, 09:38

2017-ci il bitmək üzrədir. Bu il ölkəmizdə bir sıra sahələrdə önəmli hadisələr baş verdi.

Bəs 2017-ci il Azərbaycan mediasında nə ilə yadda qaldı?

Modern.az  saytı bu sualla bir neçə tanınmış jurnalistə müraciət edib.

“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, deputat  Hikmət Babaoğlu:

“2017-ci ildə mediamız mətbuat işçilərinin cənab prezident İlham Əliyev tərəfindən məişət problemlərinin həll olunması, onlara mənzillərin verilməsi ilə yadda qaldı. Düşünürəm ki, bunu sadəcə jurnalistlərə ev verilməsi hadisəsi kimi qiymətləndirmək lazım deyil. Bunu daha dərindən dəyərləndirməliyik. Bu, Azərbaycan prezidentinin mətbuata qayğısı kimi qiymətləndirilməlidir. Hər şeydən öncə bu, jurnalist peşəsinin təbliğ olunması, yeni intellektual nəsil üçün jurnalistikanın cazibə mərkəzinə çevirilməsidir. İkinci mühüm hadisə şübhəsiz ki, Azərbaycan jurnalistlərinin  artıq beynəlxalq media qurumları ilə işləmək , ölkəmizdə həyata keçirilən beynəlxalq tədbirləri işıqlandırmaq təcrübəsini əldə etməsidir.
2017-ci ildə Azərbaycan jurnalistikası bir daha milli mətbu ənənələrimizə sadiq qalaraq İslam Həmrəyliyi oyunlarını lazimi keyfiyyətdə işıqlandırmağı bacardı. Hesab edirəm ki, bu da önəmli hadisələrdən biridir.

2017-ci il media üçün əsas hadisələrdən biri milli təhlükəsizlik məsələlərində Azərbaycan jurnalistikasının və jurnalist fəaliyyətinin cilalanması ilə xarakterizə edə bilərik. Çünki Azərbaycan mediası müəyyən hərbi-strateji məsələlərlə bağlı işləmək təcrübəsi əldə etdi. Nəhayət 2017-ci ildə mediamız təsdiq etdi ki, hadisələri milli təhlükəsizlik konteksində qiymətləndirə bilir. Bu da jurnalistikamızda yeni keyfiyyət göstəricisi kimi səciyyələndirilə bilər.

Digər tərəfdən, jurnalist ixtisasının qəbulunda edilən dəyişikliklər 2017-ci  ildə nəticələrini göstərməyə başlayıb. Jurnalistlər artıq yığdıqları ballara görə, təsadüfən bu ixtisasa düşmürlər. Onlar düşünərək, məqsədyönlü şəkildə jurnalist peşəsinə yiyələnirlər. Əminəm ki, bu da Azərbaycan jurnalistikasında yeni keyfiyyət dəyişikliklərinə gətirib çıxaracaq. Bütün bunlar Azərbaycan prezidentinin jurnalistika inkişafına göstəridiyi diqqət və  qayğının nəticəsi kimi meydana çıxıb. Ümumilikdə  2017-ci il mediamız üçün uğurlu oldu”.

"APA Holding"-ın baş direktoru Vüsalə Mahirqızı:

Jurnalistlərə ev verilməsi  2017-ci il mediada baş verən yaxşı hadisə kimi yadımda qaldı. Azərbaycanda doğurdan da ehtiyacı olan  xeyli jurnalistlər evlə təmin olundu. Hətta bunların arasında bir çox jurnalist ailəsi, həmçinin bizim əməkdaşlarımız  da var idi. Bu baxımdan bu il mənim üçün media ilə bağlı əsas hadisələrdən biri jurnalistlərin evlə təmin olunması və cənab prezidentin də açılışda iştirak etməsidir. 256  jurnalist yurd-yuva sahibi oldu. 

Digər tərəfdən, bu il düşünürəm ki, internet media bir az da inkişaf etdi və ölkənin internetləşməsindən istifadə edərək bizim  sosial şəbəkələrdə oxucu sayımızı daha da çoxaldı. Mobil yayım imkanlarımız artdı. Yəni biz daha çox oxucuya çata bildik. 2017-ci ildə yeni televiziya kanalına lisenziya verildi. Digər televiziya kanalları ilə bağlı müsbət addımlar atıldı, xeyli sayda saytlar açıldı. Ümumi halda düşünürəm ki, əsas hadisələr bunlar idi.

Təbii ki, bu il pis hadisələr də baş verdi. Bir neçə tanınmış həmkarlarımızı itirdik. O cümlədən bizim şirkət üçün ilin ən böyük itkisi tanınmış kriminal jurnalist, APA TV-nin əməkdaşı Natiq Qədimovun itkisi idi”.

Tanınmış jurnalist  Qulu Məhərrəmli:


“2017-ci il Azərbaycan mediası demək olar ki, heç nə ilə yadımda qalmayıb. Bir onu bilirəm ki, media öz mövqelərini xeyli zəiflədib, cəmiyyətə təsir gücünü itirib. Bəzi tanıdığım parlaq jurnalistlər dünyasının dəyişib. Hesab edirəm ki, 2017-ci ildə mediamızda önəmli bir hadisə olmayıb”.

“Teleqraf  Holding”in rəhbəri Aynur Camal:

“Mənim üçün ən yadda qalan hadisə jurnalistlərin evlə təmin olunması oldu. Onlar cənab prezidentin sərəncamı ilə tikilmiş məlum binada mənzil sahibi ola bildilər. Düşünürəm ki, bu, bizim mediamız üçün çox böyük uğurdur”.

Tanınmış jurnalist  Elçin Şıxlı:

“2017-ci il mediamız heç nə ilə yadımda qalmayıb. Yəni 2017-ci ildə Azərbaycan mediasında pozitiv bir şey görməmişəm. Yəqin ki, nəsə olub, amma mənim gözümə çarpmayıb. Bəlkə də kifayət qədər əhəmiyyətli, sanballı bir şey olmadığı üçün media heç nə ilə yadımda qalmayıb”.

“Kaspi” qəzetinin baş redaktoru Ilham Quliyev:

“2017-ci ili fərqləndirəcək  hadisə xatırlamıram. Amma iyulun 22-si ərəfəsində 256 jurnalist ailəsinin evlə təmin olunmasını xüsusi qeyd etmək istərdim. Bu, 2017-ci ildə dövlətin mətbuata  qayğısı çərçivəsində atılmış, diqqətçəkən hadisə oldu. Ümumilikdə peşəkar müstəvidən yanaşsaq, zaman-zaman mediada müəyyən problemlər gündəmə çıxarıldı və bu istiqamətdə müzakirələr aparıldı. Qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində, xüsusilə reket jurnalistikası ilə bağlı müəyyən addımların atıldığını xatırlayıram. Daha sonra ilin sonunda qəzet kağızlarına tətbiq olunan ƏDV-nin ləğv olunması sevindirici hal idi”.


“Ölkə.az” portalının baş redaktoru Məmməd Gülməmmədov:

“Təbii ki, 2017-ci ildə Azərbaycan mətbuatı üçün əsas əlamətdar hadisə ölkə başçısı tərəfindən 256 jurnalist ailəsinə mənzillərin hədiyyə edilməsi idi. Bu hadisəyə görə bütün ev alan jurnalistlər kimi, mən də şad oldum. İnşallah həmin jurnalistlər 2018-ci ili öz mənzillərində qarşılayacaqlar, Yeni ili jurnalist qonşuları ilə həmrəy qeyd edəcəklər. Dünyada elə bir dövlət yoxdur ki, jurnalistlərə pulsuz mənzil hədiyyə etsin. Ancaq müstəqil və demokratik Azərbaycan dövləti dünyada bu cür müsbət addımı ilə də öz sözünü demiş oldu. Yəqin ki, növbəti illərdə digər dövlətlər də Azərbaycan nümunəsindən yararlanaraq, öz jurnalistlərini mükafatlandıracaqlar. Azərbaycan Prezidenti tərəfindən mənzil hədiyyə olunan jurnalistlər arasında hökuməti tənqid edən kifayət qədər KİV nümayəndələri var. Buradan bir daha aydın olur ki, Azərbaycan dövləti müstəqil və sağlam medianın inkişafında maraqlıdır. 

Növbəti yaddaqalan hadisələrdən biri kimi reket mətbuatla mübarizəni qeyd etmək istərdim. Jurnalistikanın nüfuzuna xələl gətirən  bu kimi halların qarşısının alınması üçün vacib addımlar atıldı.

Sonda isə ümid edirəm ki, onlayn mətbuata dövlət dəstəyi olaraq maddi vəsaitin ayrılması ilə bu ili yekunlaşdıracağıq”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!