Modern.az

Rusiyalı baletmeyster Bakıda ustad dərsi keçdi

Rusiyalı baletmeyster Bakıda ustad dərsi keçdi

Aktual

13 Dekabr 2017, 16:33

Rusiya Dövlət Teatr Sənəti İnstitutunun baletmeyster fakültəsinin dekanı, xoreoqrafiya kafedrasının professoru, Bakı Xoreoqrafiya Məktəbinin məzunu Vitali Axundov Bakı Xoreoqrafiya Akademiyasının qonağı olub. 


Bakı Xoreoqrafiya Akademiyasının İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a bildirilib ki, akademiyanın rektoru, əməkdar elm xadimi, professor Timuçin Əfəndiyev qonağı qəbul edərək, tədris olunan ixtisaslar, beynəlxalq əməkdaşlıq, tələbələrin müxtəlif beynəlxalq festivallarda, müsabiqələrdə iştirakı və uğurları haqqında ətraflı məlumat verib. Görüşdə gələcək əməkdaşlıq və perspektiv yaradıcılıq layihələri müzakirə olunub.


Daha sonra qonaq Akademiyanın tələbə və müəllim heyəti ilə görüş keçirib. Görüşdə V. Axundov dünya klassik rəqsinin, balet və müasir rəqsin vəziyyətindən danışaraq, qeyd edib ki, klassik irsə müdaxilə etmək düzgün deyil, amma müasir tendensiyalar mütləq nəzərə alınmalıdır. Görüş zamanı dünyada baş verən proseslər və yeni cərəyanlar haqqında danışılıb.


Həmçinin Vitali Axundov akademiya tələbələri üçün ustad dərsləri keçib. Duet rəqsi, və klassik rəqsin metodika və kompozisiyası üzrə keçirilən ustad dərsləri aktuallığına görə böyük maraqla qarşılanıb.


Məlumat üçün bildirək ki, Azərbaycan SSR və  Rusiya SFSR-in  əməkdar artisti olan Vitali Axundov, Rus balet teatrının art direktoru, duet,  klassik rəqsin, metodika və kompozisiyası üzrə bir neçə əsərin müəllifi və bir çox beynəlxalq müsabiqələrin laureatıdır.


Onu da qeyd edək ki, 2018-ci il 25-27 iyun tarixlərində Bakı Xoreoqrafiya Akademiyasının  təşkilatçılığı ilə keçirilən Qəmər Almaszadə adına II Beynəlxalq rəqs müsabiqəsində münsiflər heyətinin üzvüdür. 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir