Modern.az

Yaponiyalı mütəxəssis: Bakı “Expo-2025”ə ən perspektivli namizəddir

Yaponiyalı mütəxəssis: “Bakı “Expo-2025”ə ən perspektivli namizəddir”

14 Dekabr 2017, 08:39

Bakı möhtəşəm şəhərdir və Expo-2025 sərgisinin təşkili üçün ən perspektivli namizəddir.

Bu sözləri AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbirinə müsahibəsində “KZ İnternational” şirkətinin meneceri Serqey Zarubin deyib.

Moskvada doğulsa da artıq uzun müddətdir Yaponiyada yaşadığını bildirən S.Zarubin qeyd edib ki, dörd il əvvəl Bakıda keçirilən Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutu (MDBƏİ) məzunlarının I Ümumdünya Forumuna qatılıb və səfər zamanı Azərbaycan paytaxtı ilə yaxından tanış olub.

S.Zarubin deyib: “Bakı mənim çox xoşuma gəldi. 2025-ci ildə keçiriləcək Ümumdünya sərgisi “Expo-2025”-i təşkil edəcək namizəd şəhərlər arasında Bakının adını eşidəndə heç də təəccüblənmədim. Bilirəm ki, namizəd şəhərlər arasında Azərbaycan paytaxtı ilə yanaşı Rusiyanın Yekaterinburq, Yaponiyanın Osaka və Fransanın Paris şəhərləri də var. Fikrimcə, Bakı çox möhtəşəm şəhərdir və sərginin təşkili üçün ən perspektivli namizəddir. Mən bu sözləri Bakı şəhəri ilə yaxından tanış olmaq imkanı qazandığıma görə deyirəm. Bakı çox gözəl, modern inkişafa və qədim tarixə malik bir yaşayış məskənidir. Digər tərəfdən bu gün üçün mühüm əhəmiyyətə malik olan cəhət kimi bu şəhərin təhlükəsiz olduğunu, insanlarının isə qonaqpərvərliyini xüsusi qeyd etmək istəyirəm. Mən Bakıda olarkən bu sözləri dünyanın müxtəlif ölkələrindən gəlmiş MDBƏİ-nin məzunlarının əksəriyyətindən eşitdim. Əgər mənim sərginin keçiriləcəyi şəhəri seçmək imkanın olsa idi, Rusiyada doğulmağıma və Yaponiyada yaşamağıma baxmayaraq, mütləq Bakını seçərdim. Çünki, fikrimcə, bu sərginin təşkili üçün Bakı ən layiqli namizəddir”.

Özünün də böyük məmnuniyyətlə sərgiyə qatılmaq niyyətində olduğunu qeyd edən S.Zarubin bildirib ki, yapon dostları ilə müzakirələr zamanı Bakı haqqında xoş sözlər deyəcək və bununla Azərbaycan paytaxtını Yaponiyada təşviq etməyə çalışacaq. İş adamı yaponlara bu şəhərə səfər etməyi və sərgiyə qatılmağı tövsiyə edəcəyini də bildirib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?