Modern.az

Əmək yarmarkalarında hansı işlər təklif olunur, maaş nə qədərdir...  

Əmək yarmarkalarında hansı işlər təklif olunur, maaş nə qədərdir...   

İqtisadiyyat

14 Dekabr 2017, 09:02

“Bu ilin ötən dövründə respublikamızın 55 rayon və şəhərində Əmək yarmarkaları keçirilib”.

Bunu Modern.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri  Elman Babayev  deyib. O bildirib ki, bu yarmarkalarda işsiz və işaxtaran vətəndaşlara 1766  müəssisə üzrə 16 754  boş (vakant) iş yeri təqdim edilib:


“Aktiv məşğulluq tədbirlərindən biri olan Əmək yarmarkaları işaxtaran və işsiz vətəndaşların münasib işlərlə təmin olunmasında mühüm rola malikdir. Əvvəlki illərdə olduğu kimi, cari ildə də Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən respublikamızın rayon və şəhərlərində  Əmək yarmarkalarının təşkili işləri davam etdirilib.

Belə ki, bu ilin ötən dövründə respublikamızın 55 rayon və şəhərində (Abşeron, Daşkəsən, İsmayıllı, Şəki, Xızı, Qəbələ, Xaçmaz, Qax, Quba, Neftçala, Goranboy, Şamaxı, Masallı, Siyəzən, İmişli, Ağsu, Oğuz, Hacıqabul, Kürdəmir, Saatlı, Şirvan, Tərtər, Lerik, Astara, Göygöl,  Biləsuvar, Şabran, Naftalan, Ağcabədi, Ağdam, Bərdə, Ucar, Samux, Tovuz və s.) Əmək yarmarkaları keçirilib.

Bu yarmarkalarda işsiz və işaxtaran vətəndaşlara 1766  müəssisə üzrə 16 754  boş (vakant) iş yeri təqdim edilib”.

E.Babayev  əmək yarmarkalarında təqdim edilən iş yerlərindən də söz açıb:

“Təqdim edilən vakant iş yerləri əsasən fəhlə və qulluqçu peşələri üzrə iş yerləri olub. Onlarda əmək haqları hər bir iş yerindən, əmək funksiyasından  asılı olaraq fərqli olub. Vakant iş yeri təqdim edən müəssisələrin nümayəndələri də həmin tədbirlərdə iştirak edib, işsiz və işaxtaran vətəndaşlarla onların birbaşa əlaqəsi təmin olunub.

Yarmarkalar zamanı işsiz və işaxtaran şəxslərə seçdikləri vakant iş yerlərinə göndərişlər verilib. Peşə və ixtisası olmadığına görə münasib iş yeri seçməkdə çətinlik  çəkən,  yaxud peşə vərdişlərinə uyğun gələn iş olmadığı üçün öz peşəsini dəyişməsi zəruri olan şəxslər əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı kurslarına cəlb olunub,  ayrı-ayrı vətəndaşlar isə ödənişli ictimai işlərə göndərilib”.

Nazirlik rəsmisi qeyd edib ki, əmək yarmarkalarının təşkili işləri qarşıdakı dövrdə də davam etdiriləcək:

 

“Sonuncu dəfə Əmək yarmarkası 2017-ci il 24 noyabr tarixində Gəncə şəhərinin Nizami rayonunda təşkil olunub və 44 müəssisə üzrə 310 vakant iş yeri təqdim olunub .

Respublikamızın bölgələrində əmək yarmarkalarının təşkili işləri qarşıdakı dövrdə də davam etdiriləcək”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!