Modern.az

Heyvanlara ŞİDDƏT - Din xadimləri GÜNAHLANDIRILDI  

Heyvanlara ŞİDDƏT - Din xadimləri GÜNAHLANDIRILDI   

14 Dekabr 2017, 09:15

İstər dünyada, istərsə də Azərbaycanda heyvanlara işgəncə edənlərin sayı kifayət qədərdir. Nəsil artıra bilməsin deyə əməliyyat etdirmək və ya dərmanlar vermək, küçə heyvanlarını döymək, qorxutmaq, maşınla vurub arxaya belə baxmadan keçib getmək və digər nümunələr heyvanlara şiddət göstəriciləridir.

Bəzi ölkələrdə heyvanlara şiddət qanuni sayılır. Məsələn, Bolqarıstanda yerli adətə görə itləri asırlar. İspaniyada buğaların buynuzları yandırılaraq xalq arasına buraxılır. Daha sonra isə həmin buğa öldürülür. Yaponiyada balina və yunus ovu qanunidir və bütün iradlara rəğmən, onlar bu adətlərindən əl çəkmirlər. Dünyanın bəzi zooparklarında zürafə, zebra kimi heyvanlar sayca daha çoxdursa, onları şirlərə yem edirlər. Çində kərtənkələ, qurbağa kimi heyvanları öldürüb brelok kimi istifadə etmək məşhur adətdir. Köpəkbalıqlarının üzgəclərini kəsib suya atırlar. Nəticədə üzə bilməyən heyvan suyun dibinə bataraq digər balıqlara yem olur.


Asiyada məşhur yemək yemə şəkli mövcuddur. İnsanlar balıq və digər dəniz heyvanlarını canlı-canlı yeyir.


Bəzi ölkələrdə isə elm naminə heyvanları partlatmaq belə qanuni sayılır. Əfqanıstan və Yaponiyada itlərin bir-biriylə döyüşdürülməsi adi bir haldır. Flippinlilər toyuqları döyə-döyə öldürürlər. Damarları qanla, vücudu isə yarayla dolanda ətin daha ləzzətli olduğuna inanırlar. Bəzi heyvanların, xüsusilə pişiklərin pəncələri çıxarılır. ABŞ-da marallar insanlar yaşayan bölgələrə gələ bilməsin deyə yerlərə elektrikli tellər döşənir. Bir çox heyvan bu səbəbdən ölür. Ördək və qazlar lüks restoran sahibləri tərəfindən ətləri daha ləzzətli olsun deyə çox yedizdirilərək öldürülür.


Dində də qurban olaraq heyvan kəsilməsi Hz. İbrahimin adıyla bağlıdır. “Saffat” surəsində qeyd edilən məlumatlardan anlaşıldığına görə, Hz. İbrahim Allahdan bir uşaq istəyib, duası qəbul olub bir övlad bəxş edildikdə də onu qurban etməklə imtahan edilib. İslam alimlərinin əksəriyyətinə görə, qurban edilmək istənən İsmayıldır. İbrahim oğlu İsmayılı kəsməyə başladıqda, ona imtahandan müvəffəqiyyətlə keçdiyi bildirilib və oğlunun əvəzində böyük bir qoç qurban verilib.

Qurani-Kərimdə möminlər üçün qurban kəsməyi əmr edən açıq bir hökm yoxdur. “Kövsər” surəsindəki, “Rəbbin üçün namaz qıl və qurban kəs!”ayəsindəki “namaz”, bayram namazını, “qurban kəsmək” də, qurban bayramı günlərində kəsilən qurbanları ifadə edir. Başqa bir ayədə də qurbanlıq dəvələrdən belə bəhs olunur: “Biz qurbanlıq dəvələri də Allahın nişanələrindən (Onun haqq dininin əlamətlərindən) etdik”. 


İlahiyatçı Nəriman Qasımoğlunun sözlərinə görə, qidalanmaq üçün heyvanların kəsilməsi normal haldır.

“Cütdırnaqlı heyvanların insanlar üçün halal olması ayələrdə qeyd olunur. İmkanı olan şəxslərin isə qurban kəsməsinə aid hansısa zəruri qayda  Quran ayələrində ifadə olunmur”.

Canlı Aləmin Mühafizəsi İctimai Birliyinin sədri Mənsurə Rəsulzadə Modern.az-a verdiyi açıqlamada heyvanlara aqressiyanın yaranmasında bəzi din xadimlərini günahlandırır.

“Heyvanları insanlar üçün Allahın yaratdığını təbliğ edən, dini həqiqətən düzgün anlamayan din xadimləri də aqressiyanın səbəbidir. Kütləvi İnformasiya Vasitələrinin də bu işdə payı az deyil”.

Mənsurə Rəsulzadə heyvanlara aqressiyanın digər səbəblərini də açıqlayıb:

“Ailədə və cəmiyyətdə tərbiyələnmə olmayanda uşağın öyrənməyə mənbəsi qalmır. Aqressiyanın səbəbi böyüdüyü, tərbiyə aldığı ailə və cəmiyyət, eyni zamanda da boşluğu doldura bilməyən təlim-tədris ocaqlarıdır. Məktəblərdə müəllimlər bu sahədə heçnə bilmir. Ona görə də uşaqlara heç nə öyrədə bilmirlər. Çox nadir hallarda uşaq özü bu sahəyə maraq göstərir,özü düşünür və mərhəmətli insan kimi böyüyür. Əsasən uşaqlar aqressiyaya alışır. Anadan olanda körpənin iki xüsusiyyəti olur. O həm aqressiv ola bilər, həm mərhəmətli. Tərbiyə prosesində uşaq ikisindən birini daha çox seçir və  o istiqamətdə tərbiyələnir”.

Müsahibin sözlərinə görə, heyvanlara cəmiyyətdə münasibəti dəyişmək üçün qanunvericiliyimiz düzgün işləməlidir.

“Maarifləndirici qurumlar öz mövqeylərindən sui-istifadə edirlər. Səbəbi isə qurumların başında duranların özlərinin maariflənməməsidir. Nəticədə də zəif təbəqə həmişə əziyyət çəkir. Hansısa millətin mənəvi dəyərlərini qiymətləndirmək istəyirsinizsə, onun ən zəif, aciz canlılarına verdiyi qiyməti nəzərdə saxlamaq lazımdır. Mükəmməl cəmiyyət zəifi həmişə qaldırır. Bu qurumlar üzərinə düşən vəzifəni yerinə yetirmədiyi, ümumiyyətlə vəzifəyə düzgün seçilmədiyi üçün cəmiyyətdə həmişə zəif varlıqlar əziyyət çəkir. Qanunvericiliyimiz düzgün işləməlidir, qanunlarımız zəifin haqqını qorumalıdır”.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi