Modern.az

Xarici ölkələrə işləyən azərbaycanlı casuslar AŞKARLANIB

Xarici ölkələrə işləyən azərbaycanlı casuslar AŞKARLANIB

14 Dekabr 2017, 10:55

Dövlət Sərhəd Xidmətinin (DSX) 2017-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunan hesabat müşavirəsi keçirilib.

 

DSX-nin mətbuat mərkəzindən Modern.az-a verilən məlumata görə, müşavirədə Azərbaycan Respublikası Prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərov iştirak edib.

 

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev müşavirədə hesabat məruzəsi ilə çıxış edib, silahlı birləşmələrin və digər struktur qurumların xidməti fəaliyyətini qiymətləndirib, 2018-ci ildə DSX qarşısında duran əsas vəzifə və tapşırıqları qeyd edib.

 

Bu ilin Azərbaycan Sərhəd Mühafizəsi üçün döyüş hazırlığının daha yüksək səviyyədə təmin olunması, dövlət sərhədinin toxunulmazlığının təminatı tədbirlərinin ardıcıl şəkildə davam etdirilməsi, dövlət sərhədinin əməliyyat və texniki yolla mühafizəsinin gücləndirilməsi, beynəlxalq sərhəd əməkdaşlığının genişləndirilməsi ilə əlamətdar olduğu bildirilib.

 

Diqqətə çatdırılıb ki, dövlət sərhədinin mühafizəsinin təşkilində uğurların əldə edilməsi dahi öndər Heydər Əliyevin sərhəd mühafizəsi sahəsindəki ideya və düşüncələrinin əzmlə gerçəkləşdirilməsi, dövlət sərhədinin mühafizəsi məsələlərinə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ali diqqəti nəticəsində mümkün olub.

 

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin yanvarın 13-də və avqustun 24-də DSX Sahil Mühafizəsinin gəmi inşası zavodunda inşası yekunlaşmış üçüncü və dördüncü “Tufan” tipli sərhəd gözətçi gəmilərlə tanış olması, bu tipli daha iki gəminin təməlini qoyması, dəniz sərhədlərinin mühafizəsi və neft-qaz infrastrukturunun mühafizəsi üzrə mühüm tapşırıqlar verməsi, iyulun 5-də Dövlət Sərhəd Xidmətinin strukturunun təkmilləşdirilməsi, DSX-nin tərkibində 4 silahlı birləşmənin yaradılması barədə qərar verməsi, DSX əməkdaşlarını 1 orden, 40 medal, 6 fəxri adla təltif etməsi bütün şəxsi heyət tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanıb.

 

Bildirilib ki, 2017-ci ildə Dövlət Sərhəd Xidməti tərəfindən aşağıdakı əsas nailiyyətlər əldə olunub:

 

-Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti məqsədilə xarici xüsusi xidmət orqanları ilə əlaqədə şübhəli bilinən 10 nəfər, məxfi əməkdaşlığa cəlb olunmuş 1 nəfər müəyyənləşdirilib;

-Xarici münaqişə zonalarında döyüşmüş 30 nəfərin şəxsiyyəti müəyyən olunub. Onlardan 5 nəfər Azərbaycan vətəndaşı, 2 nəfər əcnəbi saxlanılıb, qanunsuz miqrasiya ilə məşğul olan 5 qrup, qaçaqmalçılıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 8 mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib;

-Dövlət sərhədini pozduqlarına görə 503 nəfər, sərhədboyu rejim qaydalarını pozduqlarına görə 12 min 241 nəfər, axtarışda olan 4686 nəfər saxlanılıb;

-13 milyon 72 min manat dəyərində qaçaqmalın, 156 kiloqram 556,6 qram narkotik vasitənin dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısı alınıb;

-Dövlət sərhədindən keçən şəxslərin sənədlərinin yoxlanılması prosedurları optimallaşdırılıb, Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları və Formula-1 yarışlarının təşkili zamanı DSX qarşısında qoyulmuş tapşırıqlar uğurla yerinə yetirilib, Azərbaycana gələn əcnəbilərin dövlət sərhədindən keçidi yüksək səviyyədə təşkil olunub.

-Genişmiqyaslı döyüş atışlı taktiki dəniz sərhəd təlimləri keçirilib, gəmi silahlarının gecə və gündüz şəraitində atışları zamanı bütün təlim tapşırıqları yüksək səviyyədə icra olunub, şəxsi heyət tərəfindən böyük döyüş məharəti nümayiş etdirilib.

-Avqustda Gürcüstanın Borjomi-Xaraqulsk qoruğunda baş vermiş meşə yanğınlarının söndürülməsi əməliyyatlarında Dövlət Sərhəd Xidmətinin iki helikopteri iştirak edib, uçuş heyətlərimiz tərəfindən yüksək peşəkarlıq göstərilib;

-Sərhəd xəttində xüsusi işarəverici texniki komplekslərin, texniki müşahidə məntəqələrinin və videomüşahidə kameralarının quraşdırılması nəticəsində dövlət sərhədinin pozulmasının qarşısının texniki yolla alınması sahəsində önəmli nəticələr əldə olunub;

-Heydər Əliyev Mərkəzinin və Təhsil Nazirliyinin təşkilatçılığı və 44 ali təhsil müəssisəsinin iştirakı ilə keçirilən “Heydər Əliyev və Azərbaycan tarixi” IV ümumrespublika bilik yarışında Dövlət Sərhəd Xidmətinin Akademiyası birinci yerə yüksəlməklə qələbə qazanıb;

-Dövlət Sərhəd Xidmətinin xüsusi məktəbinin yeni korpusunun inşa olunması nəticəsində məktəbdə təhsil alan kursantların sayının üç dəfəyədək artırılması şəraiti yaradılıb;

-Dövlət sərhədinin mühafizəsi infrastrukturunun təkmilləşdirilməsi tədbirləri uğurla davam etdirilib, 119 binadan ibarət tikinti komplekslərinin əsaslı təmir-tikintisi həyata keçirilib;

-Azərbaycan Respublikası Silahlı Qüvvələri tarixində ilk dəfə olaraq Dövlət Sərhəd Xidməti tərəfindən tətbiq olunmuş sərhəd bölmələrində “Valideyn günləri”nin keçirilməsi təcrübəsi uğurla davam etdirilib, hesabat dövründə bu cür 96 görüş keçirilib.

 

Hesabat müşavirəsində Azərbaycan sərhədçilərinin üzərlərinə düşən vəzifələri və Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırıqlarını daim şərəf və ləyaqətlə yerinə yetirəcəkləri vurğulanıb.

 

Müşavirənin sonunda xidmətdə fərqlənmiş hərbi qulluqçulara dövlət təltifləri təqdim olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu