Modern.az

Azərbaycanda botoks etdirən xanımların yaşı cavanlaşıb

Azərbaycanda botoks etdirən xanımların yaşı cavanlaşıb

14 Dekabr 2017, 12:44

Botoks əvvəllər göz tənbəlliyi və çəpliyin əməliyyatsız həlli, bəzi boyun spazmlarının aradan qaldırılması kimi vəziyyətlərdə istifadə edilirdi. Botoksun üz qırışıqlarını aradan qaldırmaq üçün istifadə edilməsinə isə 10 il  əvvəl başlanıb və bu günə qədər milyonlarla adam botoksun bu təsirindən faydalanır.

İnsanın yaşı artıqca, mimika əzələlərindən istifadə sayı da çoxalır. Ona görə də zamanla sifətin bəzi bölgələrində qırışlar yaranmağa başlayır. Bəzən yaşdan əlavə, genetik faktorların gətirdiyi qırışlar da xanımları narahat edir. Bu zaman qadınlar daha erkən yaşlardan bu proseduru həyata keçirmək üçün müraciət edirlər. Botoksun təsiri 6 aya qədər davam edir.

Botoks, botulinum toksinindən əldə edilən kimyəvi bir maddədir. Həmin kimyəvi maddə zəhər sayılır. Buna görə də bu prosedurun özlüyündə risk faktoru hər zaman var. Peşəkar həkim tərəfindən həyata keçirildiyində isə bu zərərlər maksimum səviyyədə azaldıla bilir.Ən çox rast gəlinən yan təsiri həmin bölgədə yaranan şişliklər, yara izləridir. Bununla yanaşı, prosedurdan sonra görülən baş ağrısı, halsızlıq, burun axıntısı, boğaz ağrısı kimi əlamətlərə də rast gəlinə bilər. Botoksu işin peşəkarına etdirmək mütləqdir. Çünki yanlış edilən prosedur sonrası bəzi problemlər ortaya çıxa bilər. Məsələn, Göz qapaqlarının düşməsi, qaşların əyriləşməsi, gülüşün əyriləşməsi, gözlərdə quruluq və ya tam əksinə, gözlərin tez-tez sulanması kimi...

Nadir risk faktoru olsa belə, botulinum toksininin başqa bölgəyə sıçraması nəticəsində bir növ qida zəhərlənməsi baş verə bilər. Bu əlamətləri hiss edənlərin təcili olaraq həkimə müraciət etmələri məsləhət görülür:
Bütün vücudda yaranan əzələ zəifliyi, görmə problemləri, danışanda və yeməyi  çeynəyəndə çətinlik çəkmək, nəfəs almaqda çətinlik, idrar saxlaya bilməmək, səsin qalınlaşması, ciddi dəri soyulması və qaşıntı, çox sürətli, çox yavaş və ya normal olmayan ürək ritmi, sinə ağrısı, qol və çiyinlərdə ciddi dərəcədə halsızlıq hissi.

Hamiləlik zamanı botoks etdirmək məsləhət deyil. Psixoloqlar botoksun psixolojik olaraq bağlılıq yaratdığını təsdiqləyir.

Məsələ ilə bağlı Modern.az-a danışan plastik və estetik cərrah Günel Bayramova insanların  daha çox alın və göz ətrafı nahiyələrin qırışlarının açılması üçün müraciət etdiyini vurğulayıb.

“Botoks əzələləri iflic edən preparatdır. Əzələlərin hərəkətini dayandırır. Bu preparat  müalicəvi məqsədlə də istifadə olunur.  Urologiya, travmatologiya və başqa sahələrdə. Alın nahiyəsinin, qaş arasının, göz ətrafının, gülərkən yaranan qırışların, eyni zamanda ağız ətrafı və boyun nahiyəsinin qırışlarının açılması üçün müraciətlər olur”.


Botoksda yaş həddinin 18-20 yaşa enməsi bir qədər mübahisəlidir. Bəzi həkimlər 20 yaşında birinin botoks etdirməsinin heç bir zərərinin olmadığı və əksinə erkən etdirdiyiniz təqdirdə gələcəkdə qırışların yaranma ehtimalının az olduğu qənaətindədir. Bəziləri isə botoksa daha erkən başlanıldığı təqdirdə həmin şəxsin 40-50 yaşlardakı görüntüsündə mənfi dəyişikliklərin meydana gəldiyi fikrini müdafiə edir”.

Günel Bayramlının sözlərinə görə, genetik faktorla gənclərdə müəyyən nahiyələrdə qırışlar olsa belə, 30 yaşdan yuxarı şəxslərin istifadə etməsi daha məsləhətlidir.

“18 yaşdan yuxarı botoks vurduran pasiyentlər də olur. Genetik olaraq qaş arasında, alın nahiyəsində kiminsə qırışı tez əmələ gəlibsə, 20 yaş,  25, 30 yaşında da istifadə etmək olar. Amma 30 yaşdan yuxarı istifadə etmək daha məsləhətlidir. Ona görə də daha çox müraciət edənlər 30 yaşla 50 yaş arasındakı pasiyentlərdir”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı