Modern.az

Səhv ardınca səhv - Donald Tramp ABŞ-ın Qorbaçovu ROLUNDA

Səhv ardınca səhv - Donald Tramp ABŞ-ın Qorbaçovu ROLUNDA

Dünya

14 Dekabr 2017, 14:03

ABŞ prezidenti Donald Tramp prezidentliyinin ilk ilinin tamamında antirekordları təzələməkdə davam edir. Son rəy sorğuları cəmi 37% amerikalının Trampı dəstəkələdiyini göstərir ki, bu da son 70 ilin ən pis nəticəsidir.

 

Bu mənada Tramp Harri Trumendən sonra reytinqi bu qədər aşağı düşən ilk prezidentdir. 59% amerikalı Trampa etibar etmədiyi halda, cəmi 37% sadə amerikalı onu dəstəkləyir.

 

Donald Tramp prezidentliyə namizəd olarkən Hillari Klintonu həbs edərək həbsxanaya göndərəcəyini, Meksika ilə sərhəddə qanunsuz mühacirlərə qarşı divar hörəcəyini, Paris iqlim razılaşmasından ABŞ-ı çıxaracağını, Barak Obama dövründə bağlanmış mədənlərin yenidən açılacağını, vergi siyasətinə yeniliklər gətirəcəyini, bəzi müsəlman ölkələrindən mühacirəti dayandıracağını, Qüdsü İsrailin paytaxtı kimi tanıyacağını vəd etmişdi.

 

Trampın ilk işlərindən biri Meksika ilə sərhəddə hündürlüyü 4 metrə çatacaq və bütün 1600 kilometrlik ABŞ-Meksika sərhəddini əhatə edəcək divarın tikintisi idi. Tramp tikinti işləri üçün lazım olan 12-15 milyard dollar vəsaiti Konqresdən istədi və həmin vəsaitin Meksika dövləti tərəfindən hissə-hissə ödəniləcəyini dedi. Prezident Meksika məhsulları üçün gömrük rüsumunu 20% artırmaqla büdcədən ayrılan vəsaitin yerinə qaytarılacağını vəd etdi. Cavabında isə Meksika prezidenti Enrike Nyeto ABŞ-a planlaşdırılan səfərini təxirə saldı və ölkəsinin bu divara görə vəsait ödəməyəcəyini bildirdi.

Hazırda Meksika ilə sərhəddə yerləşən San-Dieqo şəhərində divarın hörülməsinə başlanılsa da, layihənin gələcəyi tam bəlli deyil.

 

Donald Trampın təklif etdiyi yeni vergi islahatı da öncədən bəyan edildiyi kimi, orta təbəqənin maraqlarına deyil, varlı şəxslərin və iri korporasiyaların maraqlarına xidmət edəcək. Bu mənada vergi islahatları illik gəliri 59 min dolardan çox olan şəxslərə ilk aylarda 33%-lik vergi güzəştləri versə də, sonrakı illərdə bu güzəştlər vergi yükünün artması ilə nəticələnəcək.

 

ABŞ prezidentinin daha bir qalmaqallı qərarı ölkəsini Paris iqlim razılaşmasından çıxarması ilə bağlıdır. Bu razılaşma havaya atılan zərərli qazların azaldılmasına və dünyada orta temperaturun stabil saxlanılmasına xidmət edir. Lakin Donald Tramp Barak Obamadan fərqli olaraq, dünyada illik temperaturun artmasını zərərli qazların fəaliyyəti ilə əlaqələndirmir və hesab edir ki, əslində hər şey Çinin ABŞ-dan daha üstün sənaye ölkəsi olmasına hesablanıb. Bu səbəbdən 2017-ci il iyunun 1-dən ABŞ Paris razılaşmasından çıxıb. Maraqlıdır ki, məhz ABŞ və Çin zəhərli CO2 qazının havaya atılmasına görə dünya liderləridir.

 

Biznesmen-siyasətçi hələ seçki təbliğatı dövründə müsəlman ölkələr barədə sərt açıqlamalar vermişdi. Ağ Evə gəldikdən sonra isə Donald Trampın ilk sərəncamlarından biri 7 müsəlman ölkəsindən mühacirəti qadağan etməsi oldu. Trampın İran, Suriya, Yəmən, Sudan, Liviya, İraq və Somali vətəndaşlarının ABŞ-a girişinə qadağa qoyan qərarı növbəti gün federal prokurorlar tərəfindən dayandırıldı. ABŞ hüquq sistemi Trampın qərarlarının ölkə konstitusiyasındakı dini ayrı-seçkiliyin qadağan olunması barədə bəndlə zidiyyət təşkil etdiyini bildirdi. Hazırda Tramp öz sərəncamına Venesuela məmurları və Şimali Koreya vətəndaşlarını əlavə etsə də, 7 müsəlman ölkəsinin vətəndaşlarının ölkəyə gəlməsini qadağan edən qərar hələ də qəbul olunmayıb. Ağ Ev sərəncamın icrası üçün ABŞ Ali Məhkəməsinə müraciət edib.

 

Bundan başqa, Tramp aztəminatlı ailələr üçün Barak Obama dönəmində qəbul edilmiş “Obamacare” proqramını ləğv etməyi, ölkədəki 10 milyon qanunsuz mühaciri, o cümlədən 750 min azyaşlı mühacir övladını deportasiya etməyi qarşısına məqsəd qoyub.

 

Avtoritet ekspertlər Donald Trampın dünyanı təhlükəli nöqtəyə gətirdiyi qənaətindədir. “Stratfor” mərkəzinin fikrincə, Trampın Şimali Koreya problemini hərbi yolla həll etmək niyyəti regional və qlobal təhlükəsizlik üçün ən ciddi təhlükədir. Bundan başqa, Rusiya ilə gizli əlaqələrinin olması barədə liberal mətbuatda çıxan yazılar, Çinə qarşı iqtisadi müharibə başlamaq niyyətləri Trampa ölkə daxili ilə yanaşı, xaricində də xeyli düşmən qazandırıb. Bu fonda Avropadakı ənənəvi dostları da yeni prezidentlə dialoq qurmaqda çətinlik çəkir.


Paralel olaraq, Qüdsü İsrailin paytaxtı kimi tanıyaraq ABŞ səfirliyini də ora köçürmək qərarı Ağ Ev sahibinin İslam dünyasında ciddi nifrət qazanmasına rəvac verib.

Bütövlükdə, Donald Trampın 13 aylıq prezidentliyi dövründə ABŞ-ı qeyri-müəyyən təhlükələrı sövq etdiyini demək olar. Tramp müəyyən məqamlarda ABŞ-ın Mixail Qorbaçovunu xatırladır. O da böyük ümidlərlə və yeni ideyalarla hakimiyyətə gələrək, nəhəng imperiyanın çöküşünə səbəb olmuşdu.   

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır