Modern.az

QHT Şurası dövlət və millət üçün çalışan QHT-lərə böyük dəstək oldu

QHT Şurası dövlət və millət üçün çalışan QHT-lərə böyük dəstək oldu

14 Dekabr 2017, 14:25

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaranmasından 10 il ötür.  Bu müddət ərzində Şura öz fəaliyyətini vətəndaş cəmiyyətinin inkişafı, Azərbaycan reallıqlarının dünyaya çatıdırılması, dövlət orqanları ilə QHT-lər arasında münasibətlərin təkmilləşdirilməsi istiqamətində qurub və bir çox uğurlara imza atır.


QHT Şurasının işinə qiymət verən “Konstitusiya” Araşdırmalar Mərkəzinin rəhbəri, hüquqşünas Əlimməmməd Nuriyev Modern.az-a deyib ki, ölkə başçısının 27 iyul 2007-ci il tarixli Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyasının qəbulu ilə bağlı sərəncamı QHT-lər üçün bir yol xəritəsidir:

“O zamana qədər QHT-lərə bəzi qurumlar və şəxslər tərəfindən fərqli davranış nümayiş etdirilirdi. Bir sıra hallarda belə düşünürdülər ki, QHT-lər dövlətə, cəmiyyətə qarşı olan yad  bir qurumdur. Cənab prezident  2007-ci il dekabrın 13-də Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası yaradılması haqqında Fərman imzaladı. 2008-ci ilin aprelində isə Şuranın üzvləri seçilərək təyin edildi. Bununla da dövlət QHT-lərə müsabiqə əsasında qrantların verilməsi işini tənzimlədi. Buna qədər də İctimai sektorun inkişafı üçün zəruri hesab olunan məqsəd və hədəflər, prioritetlər davamlı şəkildə aparılmış geniş müzakirələr nəticəsində müəyyən edilərək daha da zənginləşdirilmiş və bu sahədə beynəlxalq təcrübə diqqətlə öyrənilmişdi. Bu qənaətə gəlinmişdi ki, ölkədə müstəqil vətəndaş cəmiyyətinin fəaliyyətini təmin etmək, gücləndirmək üçün belə bir təsisata ehtiyac var”.

Ə.Nuriyev deyir ki, Şuranın fəaliyyətinin həyata keçirilməsində bütün qərarların kollegial qaydada qəbulu QHT sektorunun inkişafında şəffaflığın, demokratikliyin və hesabatlılığın təmin edilməsi məqsədi daşıyır.  O bildirib ki, Şuranın fəaliyyət ilə Azərbaycanda vətəndaş cəmiyyəti institutlarına ixtisaslaşmış dövlət dəstəyinin həyata keçirilməsi sahəsində yeni idarəetmə modeli meydana gəlib.
 

“Bu gün ictimai həyatın bütün sahələrində QHT-lərin aktivliyi, o cümlədən onların dövlət qurumları ilə əsas tərəfdaş qismində faydalı əməkdaşlıq münasibətləri müşahidə olunmaqdadır.

Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ölkədə vətəndaş cəmiyyətinin inkişafına böyük töhfə verir.  Bu çox uğurlu formatdır. Bu format ötən 10 ildə özünün fəaliyyətli ilə bir daha onu nümayiş etdirir ki, Azərbaycanda bütün istiqamətlərdə dayanıqlı inkişafa töhfə verməkdə Şuranın fəaliyyəti davam edir və Prezidentin apardığı siyasətdə milli maraqları təmin edir. Eyni zamanda, cəmiyyətdə və dövlət orqanlarda olan problemlərin aşkar edilməsi və həlli istiqamətində konstruktiv addımların atılmasını dəstəkləyir”. 

 

Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə deyib ki,Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı zamanın tələbidir. 

“Bütün demokratik inkişaf yolu seçən bütün sivil dövlətlərdə vətəndaş cəmiyyəti institutları aparıcı mövqe sərgiləyirlər. Azərbaycan Avropaya inteqrasiya etdiyi üçün ölkəmizdə də  vətəndaş cəmiyyətinin inkişafı zərurətə çevrilib. Sevindirici haldır ki, dövlət siyasəti də bunu dəstəkləyir.  QHT Şurası Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının inkişafına layiqli töhfələr verir. Aydın məsələdir ki, Azərbaycanda QHT-lərin sayı çoxdur və Şuranın onların hamısının ideyalarını gerçəkləşdirməyə maddi imkanı yetmir. Bu da müəyyən qədər narazılıqlara səbəb olur. Dəfələrlə bizim təşkilatyın da Şuraya verdiyi layihələr dəstəklənməyib. Bu da təbiidir və belə xırda amillər qurumun fəaliyyətinə kölgə salmamalıdır. Mən də QHT rəhbəri kimi arzu edirəm ki, gələcəkdə Şuranın büdcəsi ən azı 2 dəfə artırılsın. Ümid edirəm ki, Şuranın büdcəsi artırılsa, ölkədə vətəndaş cəmiyyətlərinin inkişafına daha da layiqli töhfə verə bilər”. 

 

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı deyib ki, QHT-lərə Dövlət Dəstəyi Şurasının yaradılması zərur idi.

“Bu qurumun yaradılması ilə QHT-lərə diqqət daha da artırıldı. Bildiyimiz kimi, QHT-ləri ələ almaq üçün müxtəlif beynəlxalq mərkəzlər, güclər hər zaman səy göstəriblər. Ölkənin daxilində də QHT-lərə maliyyə dəstəyi verilməyən vaxtlarda istər-istəməz xarici mərkəzlər onları nəzarətə götürürdü. Xüsusilə də milli mövqedə olan QHT-lərə həmin mərkəzlər maliyyə vermirdilər. Ona görə də hesab edirəm ki, Şuranın yaradılması hərtərəfli müsbət addımdır. Şura 10 il ərzində çox böyük işlər görüb. Azərbaycanda artıq dövlət, millət üçün çalışan QHT şəbəkəsi yaradılıb. Hesab edirəm ki, bu dəstək davamlı şəkildə olmalıdır”. 

 

Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu bildirib ki, Azərbaycanda QHT-lərə Dövlət Dəstəyi Şurası kimi təşkilatın yaradılması bütün vətəndaş cəmiyyəti təmsilçilərinin alqışlanır.

 

“Qurumun yaradılması ilə Azərbaycanda QHT-lərin sayı da artdı. Bu təşkilat həm maliyyə dəstəyi oldu, həm də insanların biliyini artırdı. Şura Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının inkişafına layiqli töhfələr verir. İstərdim ki, QHT-lərin gələcəkdə qeydiyyta alınması prosessi daha da asanlaşsın.
QHT-lər jurnalistlər kimi Azərbaycan dövlətinə kömək edirlər. QHT-lərin sırasında kifayət qədər gənclərimiz fəaliyyət göstərir. Ona görə də mənzili olmayan gənclərimizin jurnalistlər kimi medalla təltif və evlə təmin olunmasını arzu edərdim.
Mən QHT-lərə Dövlət Dəstəyi Şurası yaradılmasının 10 illiyi ilə münasibətilə millət vəkili Azay Quliyev başda olmaqla onun bütün işçilərini təbrik edirəm”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi