Modern.az

Gənclər Rəşid Behbudovu necə TANIYIR...

Gənclər Rəşid Behbudovu necə TANIYIR...

14 Dekabr 2017, 16:30

Bu gün unudulmaz sənətkarımız, xalq artisti Rəşad Behbudovun doğum günüdür. Rəşid Behbudov tarixi şəxsiyyətlərimizdən biridir və onu tanımaq, tanıtmaq hər bir Azərbaycan vətəndaşının borcudur. Bəs gənclərimiz Rəşid Behbudovu nə dərəcədə tanıyır?

 

Azərbaycan Dillər Universitetin ikinci kurs tələbəsi Rəhilə Abdullayeva Modern.az-a bildirib ki, Rəşid Behbudov haqqında məlumatları çox genişdir:

 

“Mən Rəşid Behbudovu çox yaxşı tanıyıram. Rəşid Behbudov Azərbaycan musiqisinə öz töhfəsini verən dahi insan olub. Vokal sənətində olan xidmətləri xüsusilə vurğulanmalıdır .O,1915 -ci ildə  dünyaya göz açır, lakin heç də başqaları kimi şanslı insan olaraq dünyaya gəlmir. Ailəsində olan maddi çətinliklərə görə 12 yaşında işləməyə başlayır və ailəyə yardım etməyə çalışır. Bildiyimə görə, Rza Təhmasibin təklifi ilə 1945- ci ildə “Arşın mal alan” filmində Əsgər adlı tacir roluna çəkilir və bu rol ona dünya şöhrəti gətirir. Hətta özü də qeyd edib: “Mən müğənni olsam belə bu kinodan sonra artıq insanlar məni Əsgər roluma görə tanıyır və buna görə alqışlayırlar”.

 

Məncə o,səsindən əlavə, oxuduğu mahnılarda hisslərini mimikaları və gözləri ilə o qədər gözəl ifadə etməyi bacarırdı ki, oxuduğu mahnı ilə baxışları uyğunluq təşkil edirdi .Mahnıdakı əsas məğzi gözləri ilə tamaşaçıya çatdırmağı bacarırdı”.

 

Turizm yazarı Rəhim Qədirov da Rəhilə xanımdan heç də geri qalmır. O, Rəşid Behbudovu unudulması mümkünsüz sənətkar adlandırır: 

 

“Rəşid Behbudov Azərbaycanın ən görkəmli müğənnilərindən biri olub. Özü-özlüyündə bir tarixdir. SSR-nin xalq artisti, bir çox mükafatların laureatı kimi tanıyıram. Səhv etmirəmsə həm də Sosialist Əməyi Qəhrəmanıdır. Bununla yanaşı rol aldığı Bəxtiyar filmi ilə də könüllərdə taxt qurub. Mahnıları isə indi də dillər əzbəridir. “Küçələrə su səpmişəm”, “Gözəlim sənsən”, “Sənə də qalmaz”, “Bakı”, “Azərbaycanım”, “Sevgilim” və sair mahnılarla. Bununla yanaşı bir şeyi də deyim ki, Rəşid Behbudov 8-dən çox kinoda çəkilib”.

 

Bakı Dövlət Universitetinin tələbəsi Günel Quliyeva Üzeyir Hacıbəyovla Rəşid bəyin tanış olduğu anları xatırlatdı:

 

“Üzeyir bəy “Arşın mal alan” operasını oynamaq üçün baş obraz axtarırdı və ona bildirirlər ki, Rəşid adında bir insan var və  çox gözəl səsi var.  Behbudovu çağırırlar ki, gəlib baş rolu ifa etsin. İndi Rəşid Behbudovun ailəsinə  məxsus ev elə o zaman Stalin tərəfindən o rola görə verilib. Mahnıları çox xoşuma gəlir, səsi birbaşa insanın qəlbinə toxunur, retro mahnıların mahir ifaçısıdır”.

 

21 yaşlı Gülər Rəsulova Rəşid Behbudovun səsindən həzz aldığını deyir: “Rəşid Behbudovu əlbəttə ki, tanıyıram. Səs tembri fərqli olsa da mənə çox xoş təsir bağışlayır. Oxuduğu ifalar sanki onun səsində can tapır.

Fikirləşirəm ki, bir daha dünyaya Rəşid Behbudov gələ bilməz. Kimsə onun əsərlərini onun kimi insanın ruhuna toxunaraq ifa edə bilməz”.

 

5 saylı “ ASAN xidmət” mərkəzinin məzun könüllüsü Səbuhi Vəlizadə deyir ki, Azərbaycanı öz gözəl səsi ilə dünyada tanıdan az insan var ki, biri də Rəşid Behbudovdur:

 

“Onun ifalarını böyük zövqlə dinləyirəm, tez-tez onun ifalarına qulaq asıram. Onun kimi sənətkarlar, karifeylər heç vaxt unudulmamalıdır. Gələcək nəsillər onu tanımalıdır, necə ki, mənə, sizə çatdırılıb, biz onu tanıyırıq. Eləcə də gələcək nəsillərə də onun haqqında məlumatların verilməsi, tanıdılması vacibdir. Çünki o bizim tarixi şəxsiyyətlərimizdən biridir. Həmçinin o sadəcə müğənni olmayıb,onun aktyor kimi canlandırdığı obrazları da çox bəyənirəm”.

 

Azərbaycan dili və ədəbiyyatı müəllimi Ayla Hacızadə belə düşünür ki, gənclərimiz Rəşid Behbudova lazımi qiyməti vermirlər:

 

“Allah rəhmət eləsin. Rəşid Behbudov böyük sənətkardır. Amma çox təəssüf ki, bu gün sorğu keçirsəniz gənclərimizin çoxu  bu suala cavab verə bilməyəcək. Çünki bayağı mahnılara daha çox aludəçilik yaranıb. Rəşid Behbudov gözəl səsi olan, gözəl səhnə mədəniyyəti olan şəxsiyyət idi. Onun oxuduğu mahnıları  bu gün ifa edənlər var, amma avaz onunku kimi ola bilməz”.

 

Əbülfəz Kərimov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir