Modern.az

Nazir müavini ordu haqda yazılarda həssas olmağa ÇAĞIRDI

Nazir müavini ordu haqda yazılarda həssas olmağa ÇAĞIRDI

15 Dekabr 2017, 13:26

“Ordu ilə bağlı məsələlər barədə  çıxış edərkən bir qədər həssas olmalıyıq. Öncə qeyd etməliyəm ki, biz müharibə şəraitindəyik. Hər bir neqativ hal düşmən tərəfindən bizə qarşı istifadə olunur”.

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisdə “Silahlı Qüvvələr haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxış edən müdafiə nazirinin şəxsi heyətlə iş üzrə müavini, general Kərim Vəliyev deyib.

General bildirib ki, ordu haqqında danışarkən həssas olmaq lazımdır. “Ötən dəfə millət vəkili Qüdrət Həsənquliyev Tərtərlə bağlı səsləndirdiyi mənfi fikirdən sonra mən ona zəng elədim. O, da bildirdi ki, bu haqda kimdənsə eşidib”.

Orduya ictimai nəzarət haqqında danışan general deyib ki, onsuz da tez-tez hərbi hissələrdə komitələrin, deputatların, müxtəlif təşkilatların görüşü təşkil olunur.

“Hərbi hissələrdə keçirilən görüşlərdə iştirak edənlər real vəziyyəti görürlər. 50-ə yaxın media nümayəndəsi Müdafiə Nazirliyində qeydiyyatdan keçib və onlar müraciət etdikləri zaman reportajlar hazırlamaq üçün hərbi hissələrə və ön cəbhəyə buraxılırlar. Təbii ki, bu zaman məxfilik də nəzərə alınır. Eyni zamanda Ombudsman İnstitutu da bu prosesdə iştirak edir”.

Spiker Oqtay Əsədov isə qeyd edib ki, Milli Məclis hərbi məsələlərdə özünü məsuliyyətli sayır.

“Qüdrət Həsənquliyevin çıxışı konteksdən çıxarılaraq, bəzi saytlarda təqdim edilib. Onu yazan jurnalistlərinin neçəsinin Müdafiə Nazirliyində qeydiyyatdan keçdiyini araşdırmaq lazımdır. Bu xəbərləri bəzi bəlli saytlar yayır və onların da mövqeyi məlumdur. Milli Məclis Silahlı Qüvvələrin gücləndirilməsi üçün əlindən gələn dəstəyi göstərməyə hazırdır”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı