Modern.az

“Whatsapp”da yayılan dini mesajlara İNANMAYIN! - XƏBƏRDARLIQ

“Whatsapp”da yayılan dini mesajlara İNANMAYIN! - XƏBƏRDARLIQ

Aktual

15 Dekabr 2017, 16:07

Bu gün Azərbaycanda kifayət qədər  “Whatsapp” istifadəçiləri var. Bu şəbəkə vasitəsilə mütəmadi olaraq məlumatlar paylaşılır. Həmin məlumatların əsas hissəsini dini mövzular təşkil edir.  Məsələn, bu yaxınlarda “kim azan oxunan vaxtı mahnıya qulaq asarsa,  ölüm anında şəhadət kəliməsini gətirməyə gücü çatmaz” tipli məlumat istifadəçilər arasında sürətlə yayıldı.

Ümumiyyətlə “Whatsapp”da yayılan məlumatları kimin, necə göndərdiyi məlum deyil. Amma fakt odur ki, çox zaman bu informasiyaların əsası olmur. Bu cür hallar, bir növ dini gözdən salır.

 

Bununla bağlı  ilahiyyat üzrə fəlsəfə doktoru Elşad Mahmudov Modern.az-a açıqlamasında bildirib ki, qarşımıza çıxan hansısa məlumatın doğruluğunu araşdırmaq məcburiyyətindəyik:

 

“Texnika-texnologiya, xüsusilə də informasiya texnologiyaları inkişaf etdikcə, gündəlik məlumat bolluğunun meydana gəldiyinin şahidi oluruq. Lakin bu inkişafın müsbət tərəfi olduğu kimi mənfi tərəfləri və zərərləri də var.  Müsbət tərəflərindən biri odur ki, biz qısa zamanda ehtiyacımız olan və ya olmayan məlumatı əldə edə bilirik. Mənfi tərəfi isə odur ki, bu məlumatın nə qədər doğru və ya sağlam olduğunu bilmirik. Dini mövzuda da vəziyyət eynidir. Əgər qarşımıza çıxan bir məlumatın doğru olub-olmadığını bilmək istəyiriksə, onu araşdırmaq məcburiyyətindəyik. Dinimiz bizim mənəviyyatımız və ruhaniyyatımız üçün çox mühüm məsələdir. Bu baxımdan dini məlumatları özümüz mötəbər qaynaqlardan, sağlam mənbələrdən və etibarlı mütəxəssislərdən öyrənsək, çox yaxşı olardı. Araşdırmaq, tədqiq etmək, mütəxəssisdən soruşmaq və bunun nəticəsində qərar vermək və ya bizə gələn məlumata inanmaq daha məqsədəuyğundur. Əks təqdirdə dinə dindən olmayan çox şey qarışır və bu da öz mənfi nəticəsini göstərir”.

 

E.Mahmudov qeyd edib ki, din  mənəvi və insan üçün zəruri olan bir ehtiyacdır:

 

“Buna görə də mütləq təbliğ edilməlidir. Bu sahədə boşluğa yol vermək çox mənfi nəticələr meydana gətirir. Ona görə bu sahədə müasir dövrün tələblərinə uyğun olaraq və informasiya texnologiyalarından da istifadə edərək maarifçilik işi aparılmalıdır. Günün tələbi nədirsə, onu etməliyik. Lakin bu iş səlahiyyətli qurumlar, təlim və təhsil müəssisələri, etibarlı, savadlı kadrlar tərəfindən, etimad edilən, sağlam və mötəbər qaynaqlara müraciət edilərək yerinə yetirilsə, daha gözəl nəticələr əldə etmək mümkündür”.

 

Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, “Məşədi Dadaş” məscidinin imam-camaatı Hacı Şahin Həsənli bildirib ki, “Whatsapp” kimi şəbəkələrdə yayılan məlumatlar etibarlı deyil:

 

“Ümumiyyətlə sosial şəbəkələrdə müxtəlif məlumatlar yayılır. Təbii ki, bu, insanların hüququdur və bundan istifadə edə bilərlər. Bu məlumatların içərisində doğru-dürüst məlumatlar da ola bilər, yanlış da. Təəssüf ki, bu gün istər sosial şəbəkələrdə, istərsə də “Whatsapp” və digər vasitələrlə dini məlumatlar sürətlə yayılır.  Xüsusilə də bunlar “bu məlumatı paylaşmasan, səni bəla gözləyir” yaxud “məlumatı göndərsən, şad xəbər alacaqsan” tipli olur. Bir çox hallarda dini məlumatlar həqiqəti əks etdirmir. Bu, insanların inancından sui-istifadə etməkdir. Bəzən dini gözdən salmaq, insanları inanc barədə bədbinliyə düçar etmək üçün belə məlumatları kimlərsə məqsədli şəkildə paylaşa və yaya bilər”.

 

Hacı Şahin Həsənli düşünür ki, din haqqında istənilən məlumatı səlahiyyətli şəxslərdən eşitmək daha doğru olar:

 

“Təbii ki, bu cür manipulyasiyalar edilir. Din hər zaman aktualdır və bu baxımdan insanların dini inanclarında istifadə edən dairələr də var. Bəzən dinin mahiyyətinə zidd olan bilgilər din adı altında təqdim olunur.

 

Bu halları qadağan etmək mexanizmi yoxdur. Amma insanlar oxuduqları məlumatı dəqiq təhlil etməli və məlumatın həqiqətə uyğunluğunu yoxlamalıdır. Sosial şəbəkələr ümumiyyətlə etibarlı mənbə deyil. Din haqqında istənilən məlumatı səlahiyyətlə şəxslərdən eşitmək daha doğru olar”. 

Twitter
Sizə yeni tvit var
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi