Modern.az

Atası yol qəzasında ölən jurnalist: “Məhkəmədən ədalətli qərar gözləyirəm”  

Atası yol qəzasında ölən jurnalist: “Məhkəmədən ədalətli qərar gözləyirəm”   

15 Dekabr 2017, 16:09

“Dekabrın 20-də növbəti məhkəmə prosesi olacaq. Düzdür, hakim sonuncu prosesdə mənim üç vəsatətimdən heç birini təmin etmədi. Hansı ki o vəsatətlərdən ikisi cinayət işinin obyektiv və hərtərəfli araşdırılmasına, ədalətli qərar qəbul edilməsinə kömək edə bilərdi. Amma buna baxmayaraq mən məhkəmədən ədalətli qərar gözləyirəm”.


Bunu Modern.az-a açıqlamasında tanınmış jurnalist İmdad Əlizadə atası Əli Əliyevin ölümünə səbəb olan sürücü Seymur Qarayevlə bağlı keçirilən məhkəmə prosesindən danışarkən deyib.


“Fakt ortadadı. Sürücü Qarayev Seymur Vidadi oğlu atam Əli Əliyevi avtomobillə vurub və atam 504 gün komada qalandan sonra dünyasını dəyişib. Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rəsmi rəyinə əsasən, atam qəza nəticəsində aldığı xəsarətlərdən dünyasını dəyişib. Bundan başqa, avtotexniki ekspertizanın rəyinə əsasən, sürücü Qarayev Seymur Vidadi oğlunun qəzanın qarşısını almaq üçün texniki imkanları olub, amma bundan istifadə etməyib.Yəni atam avtomobilin qarşısına qəfildən çıxmayıb.

Sürücü onu görüb və əgər vaxtında "tormuz"u bassaymış atamı vurmayacaqmış. Amma bunu etməyib. Bundan başqa, sürücü məhkəmədə ifadə verən zaman günahını boynuna alıb və özünü təqsirli bilib. Bunlar hamısı hüquqi prosesdurlardı və qanunla tənzimlənir”.

İmdad Əlizadə sürücünün onlara kömək etmədiyini də vurğulayıb.

“O ki, qaldı işin mənəvi tərəfinə, yəni sürücünün vurub komaya saldığı xəstənin müalicəsinə kömək etməsinə, Seymur Qarayev bunu etməyib. Qısa olaraq deyim ki, Seymur Qarayevin bizim ailəyə vurduğu ziyan 166 min manatdır. Onun 11270 manatını biz hələ də "Avrasiya" hospitala borcluyuq. Seymur Qarayev bu 504 gündə bizi dəfələrlə aldadıb və onun etdiklərini məhkəmədə də danışmışam. Amma hesab edirəm ki, heç işin mənəvi tərəfini nəzərə almadan belə Seymur Qarayevə törətdiyi cinayətin ağırlığına görə ağır cəza verilməlidir”.

İ.Əlizadənin sözlərinə görə, qəza zamanı "Yol hərəkəti haqqında" qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələbləri pozulub. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməyib. Nəticədə o, ehtiyatsızlıqdan Ə.Əliyevin sağlamlığına ağır kəllə-beyin travması, kəllə əsası sümüklərinin sınığı, baş beynində çoxsaylı lokal qansızma ocaqları, yan mədəcikdə qansızma, burun sümüyünün sınığı, sol baldır sümüklərinin çox qəlpəli sınıqları, ağciyərlərdə kontuziya ocaqları, sağ VI-VII qabırğalarda öndə sınıq, hər iki döş boşluğunda sərbəst yağıntı kimi həyat üçün təhlükəli və ölümü ilə birbaşa səbəbli əlaqədə olan ağır zərər vurmaqla ölməsinə səbəb olan qəza törədib və bu zaman yol nəqliyyatı qaydalarını pozub.

Qeyd edək ki, sürücü S.Qarayev Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma), bu Məcəllənin 263.1-ci  (əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham olunub.

İstintaq dövründə onun barəsində həbs qətimkan tədbiri seçilməyib.

2016-cı ilin fevral ayının 14-də baş vermiş qəzadan sonra Ə.Əliyev 7 ay Mərkəzi Klinikada, 8 ay 17 gün isə "Avrasiya Hospital"ında müalicə alıb. Daha sonra o, Bakı Sağlamlıq Mərkəzinə köçürülüb. 504 gün komada qalan Ə.Əliyev 2017-ci ilin iyul ayının 2-də dünyasını dəyişib.  

Xatırladaq ki, Ə.Əliyev erməni işğalı nəticəsində ata-baba yurdundan didərgin düşmüş ziyalılardan biri olub. Laçın rayonu işğal olunana qədər Oğuldərə kənd məktəbində ədəbiyyat müəllimi işləyib. Ə.Əliyev 1993-cü il martın 30-dan mayın 23-nə kimi Laçın və Kəlbəcər rayonları ərazisində erməni mühasirəsində qalıb. Ə.Əliyev və onunla birgə mühasirədə qalmış 18 nəfərin əzablı günlərindən bəhs edən "54 gün mühasirədə” adlı sənədli film çəkilib. O, həmçinin "54 gün erməni mühasirəsində” kitabının müəllifidir. 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır