Modern.az

100-cü bahara doğru

100-cü bahara doğru

15 Dekabr 2017, 20:40

Ramiz Duyğunun 80 illik yubileyinə həsr olunur

 

Hər bir insanın taleyində elə məqamlar olur ki, həmin anı hər zaman unut­mur, yaddan çıxarmır. 1992-ci ilin sentyabr ayı da mənim həyatımda eləcə qa­la­caq. Eh­ti­yat­dan çağırılmış zabit kimi mən, Azərbaycan Res­pub­li­kası Dövlət Sər­hədinin Mü­ha­fizə Komitəsi-Sərhəd Qoşunlarında xidmətə qəbul olduğum gün.

 

Azərbaycan Respublikası müstəqilliyini elan edəndən bir az sonra 1991-ci ilin dekabr ayının 16-da Dövlət Sərhədinin Mühafizə Komitəsi-Sərhəd qo­şun­la­rı­nın yaranması kimi ölkənin həyatında gələcək dəyişikliklərə bir təkan verdi. Amma bir çoxları bunun baş tutacağına əmin deyildi, inanmırdılar. Lakin tarix başqa şeyləri dəyərləndirməkdə idi. Müstəqil Azərbaycanın özünün müstəqil ordusu, müstəqil sər­həd qoşunları mütləq yaranmalı, inkişaf etməli, xalqımızın hüdudlarını göz bəbəyi kimi qorumalı mühafizə etməli idi. Mənə elə gəlir ki, həmin dövrdə Sərhəd Qoşunları komandanı İsgəndər Allahverdiyevin şair, publisist, uzun illər te­le­vi­zi­ya­da bu gün üçün əhəmiyyətini itirməyən "Hünər" verilişinin aparıcısı, hərbi jurnalist polkovnik Ramiz Duy­ğu­nun yeni yaranan qurumun İnformasiya idarəsinə rəis təyin edilməsi doğru-düzgün se­çim olub.  

 

Mən Ramiz Duyğunu həmişə ədəbi-bədii tədbirlərdə çox yaxından iştirak edən, Vətən, sevgi, bütövlük, əhdə sədaqət ruhlu şeirlərini çox eşitmişəm, hətta ya­dım­­da­dır tələbə olan zaman 8-ci kilometr qəsəbəsində yerləşən kitabxanada xalq şairi S. Vurğunun xatirəsinə həsr olunmuş poeziya gecəsi keçirilirdi. O, zaman Ramiz Duy­­ğun da dəvətlilər arasında idi. O yarım saata  qədər böyük şairin ya­ra­dı­cı­lığın­dan danışdı, şerlərindən söylədi. Tədbirin canlı, dolğun keçməsində onun böyük zəh­məti oldu. Sonralar çox böyük zallarda keçirilən tədbirlərdə Ramiz müəllimin gur səsi gəlirdi. Xüsusən xalqımızın sevilən, hər zaman unudulmayan, xatirəsi heç zaman qəlblərdən silinməyəcək, istiqlal şairlərimiz  Xəlil Rza Ulutürk, Zöhrab Tahir olan məc­lis­lərdə Ramiz Duyğun həmişə kürsüdə idi.

 

Qısa zaman kəsiyində yeni yaranan qurumu əhatə edən başqa sahələr kimi informasiya xidməti yüksək peşəkarlıqla fəaliyyətə başlamalı, qarşıda duran çətin və gərgin işlərin öhdəsindən layiqincə gəlməli idi. Ramiz müəllim yorulmadan çalışır, həm təşkilatı, həm də yaradıcılıq məsələlərini həll edirdi. Əsas kadr məsələsi idi. O, zaman mətbuat sahəsində tanınan istedadlı qələm sahiblərini Ramiz Duyğun yanına dəvət edir, söhbətlər aparır, hər kəsə Vətənin bu çətin anında ön sırada dayanmağı söy­lə­yir­di. Xatirimdədir, 1992-ci ilin iyun ayında onunla görüşümüz oldu. Mən qəti qərarımı vermişdim, hərbi xidmətə başlayacaq, Vətənə övladlıq borcumu ödəməli idim. Bax­mayaraq Azərbaycan Bədii Tərcümə və Əlaqələr Mərkəzində sədr müavini və­zifəsində idim. Amma qəti qərarımı vermişdim. Sərhəd Qoşunları komandanı İs­gən­dər Al­lah­verdiyev, qə­rar­gah rəisi Arif Əliyarov məni qəbul edən zaman sanki çaş-baş qal­mış­dı­lar.

 

İ. Allahverdiyev: - Sizə o vəzifəni atıb hərbi xidmətə başlamaq çətin olmayacaq ki, sualına qəti şəkildə: - Yox-dedim.

 

O, zaman Ramiz müəllim: - Cənab komandan, çətinliyə birgə sinə gərəcəyik dedi.

 

1992-ci ilin sentyabr ayı mənim həyatımda yeni bir tarix, yeni bir gün oldu. Xid­mə­tə başlayandan az sonra yəqin etdim ki, qarşıda görülməli o qədər işlər var ki. Ağır yük Ramiz müəllimin çiyinlərində idi. O, çox zəhmətkeş, ciddi nizam-intizam tə­ləb edən, işə son dərəcə vicdanla yanaşan obyektivliyi, yüksək peşəkarlığı və ətra­fın­dakı in­san­lara həssaslıqla yanaşması ilə fərqlənirdi. O zaman dövri mətbuatda im­za­ları ilə tanınan Elşad Qoca, Lətif Şüküroğlu, Mahir Cavadlı, Qardaşxan Əzizxanlı, Mirsaleh Axundov, Zərif Sədi qızı, Xatirə Tağıyevə, Rəbiyyə Şıxəliyeva, Azər İbadov, Füzuli Zəkizadə və foto-müxbir Elxan Bağırovla biz uzun müddət birgə çalışdıq.

 

Ramiz müəllim Sərhəd Qoşunlarının İnformasiya idarəsinin nizamnaməsi, şəxsi heyətin vəzifələrinin nədən ibarət olacağını toplum halında hazırlayıb komandanlığa təqdim etmişdi. Onun hazırladığı layihə bəyənilmişdi. Mətbuat xidməti, operativ çəkiliş, analitik təhlil və işıq üzü görəcək "Sərhəd qəzeti". O həmişə bir məsələni önə çəkirdi: "Azərbaycan öz sərhədlərini özü qorumağa başlayır. Bu çox çətin, amma şərəfli bir yoldur. Keçmiş sovet sərhədçiləri bu yerləri tərk etdilər. Onlar sərhəd- pozuculuq, qaçaqmalçılıq kimi qanuna zidd halların baş alıb getməsinə bilərəkdən şərait yaradırdılar. Buna qarşı çox ciddi mübarizə aparan Azərbaycan sərhədçilərilə birgə olmalıyıq".

 

Ordumuz haqqında əsgər-zabitlərimiz barədə zərərli yazılar yazan qeyri-dəqiq məlumatlar yayan şəxslərə və qələm əhlinə Ramiz Duyğunun obyektiv və sərt möv­qeyi ortada olub. Xatirimdədir 1993-cü ilin yanvar ayının ortaları idi. Lənkəran Sərhəd dəstəsinin Rusiya Federasiyası sərhədçilərindən təhvil-təslim prosessi gedirdi. Və­ziy­yət son dərəcə gərgin idi. Rusiya sərhədçilərinin əksəriyyəti tez-tələsik prosessi başa vurub və­tən­lə­ri­nə qayıtmaq istəyirdilər, amma bəziləri o qədər də bu işin başa çat­ma­sını istəmirdi. Müəyyən bəhanələrlə prossesi uzatmaq, nəsə bir xoşagəlməz vəziyyət yaratmağa çalışırdılar. Hətta Moskvaya yalan və qərəz dolu məlumatlar göndərirdilər. Sərhəd Qoşunlarımızın mətbuat xidməti bu cür yalan və qərəz dolu informasiyanı yayanların cavabını dərhal təkzib edirdi. O zaman Rusiyanın "Vesti" xəbər proqramı  keçmiş sovet məkanında formatına və hadisələri işıqlandırmaqda yeni yanaşma sərgiləyirdi. Xüsusən tanınmış jurnalist, şərqşünas, uzun müddət Əfqanıstanda işləmiş Yevgeni Kiselyovun aparıcısı olduğu verilişlər öz yanaşma tərzinə görə fərqli idi. Əksər aparıcılar ölkəmizdə baş verən  hadisələri birtərəfli və obyektivlikdən  uzaq işıqlandırırdılar. Burada erməni izi öz təsirini göstərməkdə idi. 1993-cü ilin yanvarında "Vesti"nin günorta buraxılışında həqiqətdən uzaq, iftira dolu bir məlumat verildi. Guya Lənkəran Sərhəd dəstəsində rusiyalı sərhədçilər və onların ailə üzvləri yerli əhali və müxtəlif qüvvələr tərəfindən təhdidə məruz qalır, onların ailələrinə hücumlar da olunur. Çox narahatedici, ciddi fəsadlar törədə biləcək bu informasiyanı dərhal təkzib etmək lazım idi. Bakıdan Lənkəran sərhəd dəstəsinin təhvil-təslimi ilə bağlı ən kiçik məlumatlar belə radio və televiziyada işıqlandırırdı.

 

Ramiz Duyğun bu məlumatın təkzibi üçün mənə və operator Azər İbadova Rusiya Federasiyasının səlahiy­yət­li­lə­rindən müsahibə almağı üçün bu faktı "Vesti"yə ötürən şəxsin yalanını ifşa etməyin çox vacib olduğunu bildirdi.

  

Biz nə qədər cəhd etsək də rusiyalı yetkililər müsahibə vermir, bəhanə gətirib sonra deyirdilər.

 

Ramiz Duyğun hər yarım saatdan bir bizi arayır, vəziyyətlə maraqlanırdı. Günorta saatlarında Azərbaycan tərəfi Rusiya nümayən­də­lə­rinin şərəfinə nahar süfrəsi təşkil etmişdi. Qonaqlar qayıdan zaman hiss olunurdu ki, əhval-ruhiyyələr çox yaxşıdır. Təbii burada cənub süfrəsinin zənginliyi özünü gös­tərməkdə idi. Vaxt gedirdi. Nəsə bir şey eləmək lazım idi. Böyük zalı xatırladan ka­bi­netdə başda Rusiya nümayəndəsi əyləşmişdi. Çünki təhvil-təslim başa çatmamışdı. Həm Azərbaycan, həm Rusiya Federasiyasının nümayəndələri səmimi söhbət edir­di­lər.

 

Biz fasilə vaxtı Lənkəran sərhəd dəstəsinin qərargah rəisi Cəlil Xəlilovun ka­bi­ne­tin­də belə bir plan qurmuşduq. Zəng olunur, Rusiya Federasiyasının nü­ma­yən­də he­yə­tinin rəhbəri polkovnik Vladimir Perepadoya ya bu barədə sual ünvanlanır, o sualı mütləq cavab­lan­dır­ma­lı idi.

 

Dəstə rəisi Rasim Canməmmədovun tapşırığı ilə yaxşıca çay süfrəsi düzəlmişdi. Rusiya nümayəndəsi polkovnik Perepado ayaq üstə idi. Telefonçu qız "Vesti"də gedən sujetə münasibət bildirməsini xahiş edir. Rusiyalı polkovnik verilən suala kefi kök halda aşağıdakıları söylədi: - Bütün bunlar yalan və cə­fən­gi­yat­dır. Hər şey dəqiqləşdirilmiş plan üzrə gedir. İstər yerli əhali, istərsə də ha­ki­miy­yət orqanları tərəfindən rusiyalı sərhədçilərə və onların ailə üzvlərinə qarşı heç bir təh­did təhlükə yoxdur. Hazırda mənim yanımda Rusiya Federasiyasının Azər­bay­can Res­­­pub­likasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Valter Şoniya da əyləşib. Azər İbadov çox ustalıqla açıq qapıdan Pe­re­padonun bütün  telefon danışığını lentə aldı. Səfir Şoniya de­yi­lən­ləri razı­lıqla başı ilə təsdiq edir­di. Biz mövcud durum barəsində daxili telefonla Ramiz Duyğunu mə­lu­mat­lan­dırdıq. Ramiz müəllim "Dərhal Bakıya dönün" Aztv-də görüşərik tapşırığını verdi.

 

Biz axşam saatlarında artıq Bakıya çatmışdıq, Ramiz müəllim Aztv-nin qar­şı­sın­da bizi gözləyirdi. Çəkilən sujet montaj olunub, həmin dövrdə yenicə yaranan "215 KL" studiyasının əməkdaşlarının köməyi ilə Moskvaya ötürüldü.

 

Axşam saat 19:45-də "Vesti" xəbərlər proqramı efirə gedəndə hamımız həyəcan içində idik. Ekranda Yevgeni Kiselyov idi. Adəti üzrə çiyninə tökülmüş xınayı düz saç­la­rını üz-gözündən yığışdıraraq xəbərlərin anonsunu verdi. İlk xəbəri söyləyəndə o, bir anlığa çaşdı. "Hörmətli tamaşaçılar... Qəribədir... bir anlığa lopa bığlarını çey­nə­yir­miş kimi susdu. Sonra özünəməxsus halda danışmağa başladı. "Biz Bakıdan təcili xəbər almışıq. Bil­di­yi­miz kimi günorta buraxılışımızda Azərbaycanın Lənkəran şə­hə­rində çətinliklərlə üz­lə­şən Rusiyalı sərhədçilərin ağır durumundan xəbər vermişdik. Lakin indicə ald­ı­ğı­mız xəbər bunun əksini deyir". Ekranda polkovnik Perepadonun açıq-aydın görünüşü və danışığı olduğu kimi səsləndirildi. Polkovnik danışdıqca səfir Valter Şoniya başını yellədərək rusiyalı səlahiyyətlinin dediklərini təsdiqləyirdi. Bəlkə yazdıqlarım bu gün qəribə səslənə bilər.  Amma bunun 1993-cü ilin yanvar ayında baş verməsi əsl sensasiya idi. O zaman öl­kə­mi­zə qarşı təkcə total sürətdə informasiya blokadası getdiyi bir zamanda "Vesti" xə­bər­lər proqramı bu məlumatın həm də gecə buraxılışında da yayınlanması bir uğur idi. Bu xə­b­ərin əks-sədası uzun müddət sürdü. Ramiz Duyğunun həyatı yaradıcı gənclər üçün bir örnəkdir desəm, səhv et­mərəm. O çox səmimi olmaqla ya­na­şı çox ciddi, prinsipial bir şəxsiyyətdir. Obyektiv yanaşma tərzi bəlkə də onun ən başlıca xü­su­siy­yəti idi. Ramiz müəllim Azərbaycanı varlığı qədər sevir, bu hissi baş­qa­la­rına da sevdirə bilirdi. "Sərhəd" qəzetinin səhifələrində olduqca maraqlı məqalələrin çap olunmasında onun başlıca rolu danılmazdır. Cümhuriyyət dövrünün tarixi ilə maraqlı məqalələrin, elmi araşdırmaların təşəbbüskarı idi. Görkəmli elm adamları, şair-yazıçı, mədəniyyət xadimləri, generallar barəsində qəzetdə gedən bir-birindən maraqlı yazılar bu gün də öz aktuallığını itirməyib. Gənclərin yaradıcılığına çox böyük önəm verirdi. Hə­min dövrdə "Sərhəd"in səhifələrində çox maraqlı elmi mə­q­a­lə­lər­lə çıxış edən gənclər bu gün gör­kəmli təhqiqatçılardan sayılırlar. Elə "Sərhəd"in əmək­daşlarının da yetişməsində Ramiz Duyğunun çox böyük zəhməti olub. Həm sərhədin, həm də təhlükəsizlik or­qan­la­rı­nın tarixinin araşdırılması istiqamətində Elşad Qoca, Lətif Şüküroğlu, Mahir Cavadlı, Qar­daş­xan Əzizxanlı maraqlı əsərləri ilə oxucu rəğbətini qazandılar. Bö­yük zəhmət hesabına yazılan kitablar öz elmi, publisistik və bədii dəyərlərinə görə heç za­man oxucu yaddaşlarından silinməyəcək. Ramiz müəllim müstəqil Azər­bay­ca­nın yeni yaranmaqda olan milli ordusunun əsl təbliğatçısı idi. "Sərhəd" qəzeti təkcə Sər­həd Qoşunlarının həyatını əks etdirmirdi. 1992-93-cü illərdə Müdafiə Nazirliyinin or­qanı olan "Xalq Ordusu" qəzetini bağlamışdılar. "Sərhəd" həm də erməni faşi­z­minə qarşı döyüşən milli ordumuzun zabit və əs­gər­lə­rinin qəh­rə­man­lıq­la­rından bəhs edən oçerk, məqalələrlə yaddaşlarda qal­maqdadır. Düşmənə sarsıdıcı zərbələr endirərək Vətən uğrunda canını qurban verən şəhid­lə­ri­miz haqqında yazılan yazılar həm şəhid ruhuna hörmət, həm də onların valideyn­lərinə böyük bir təskinlik idi.  

 

Veteranlar daim "Sərhəd"in qonağı olardı. Onlardan alınan müsahibələr çox ma­raq­la qarşılanırdı. Yaxşı xatırlayıram ge­ne­ral-mayor Mustafa Nəsirov "Neftçala" təlim-tədris mərkəzində sərhədçilərin qonağı ol­muş­du. Hərbi hissənin komandirinə qədər təkid etsə də general qonaq evinə get­mə­miş, eləcə də qərargahda onun üçün  ayrılmış otaqda əsgər çarpayısını üstün tut­muş­du. O əsgərlərlə birgə nahar etmişdi. Gənc sərhədçi əsgərlərlə görüş zamanı məşhur general öz zəngin təcrübəsindən söz açmış, Vətənin göz bəbəyi kimi qorunmasında sərhədçi zabit-əsgərlərin qarşı­sın­da dayanan çətin və məsuliyyətli və­zi­fə­nin olduğunu söyləmişdi. Təlim zamanı general Mustafa Nəsirov gənc əs­gər­lərə ya­xın­laşmış ən çətin idman hərəkətlərini çox ustalıqla yerinə yetirmiş və bununla da gənclərə bir ustad dərsi vermişdi. Generalla görüşdən bəhs edən yazı "Sərhəd"in səhifələrində işıq üzü görəndən sonra Ramiz müəllim mənə məsləhət gördü ki, general Mus­tafa Cəfəroğlunun zəngin həyatı sərhədçi gənclərə bir örnəkdir. Bu barədə bir əsər yaz­maq olar. Sonralar mən "İlk sərhədçi general" adlı sənədli povestimi qələmə alanda re­dak­torumuzun nə qədər haqlı olduğunu bir daha yəqin etdim.

 

Yarım əsrə yaxındır ki, polkovnik Ramiz Duyğun öz yaradıcılığı ilə Vətənin xidmətindədir. Uzun müddət milli te­leviziyada "Hünər" verilişinin həm yaradıcısı, həm də aparıcısı olub. Hərbi və­tən­pərvərlik mövzusunda qələmə aldığı əsərlər yaxşıların yaxşısı kimi dəyərlən­di­ril­mək­də­dir.

 

Polkovnik Ramiz Məlikov üç ilə yaxın Sərhəd Qoşunlarının orqanı olan "Sərhəd" qəzetinin redaktoru, sonra Müdafiə Nazirliyinin Mətbuat Xidmətinə rəhbərlik etdi. Ömrün gözəl çağlarındadır ustad. Geriyə baxanda xeyirxahlıq, nəcib əməllər, Vətənə, dövlətə sədaqətlə xidmət, or­du­muza böyük məhəbbət hissinin dayandığı görünür. Ramiz müəllimin arzusu çin oldu. Bu gün Sərhəd Qoşunlarımız da, Milli Ordumuz da öz xidməti-döyüş hazırlığına görə ən yüksək zirvədədir.

 

Bu gün Azərbaycanın atdığı hər bir uğurlu addım Ramiz müəllimə ruh verir, onu həyata sıx bağlayır.

 

Üzü 100-cü bahara doğru, ustad. Möhkəm cansağlığı, xoşbəxtlik arzusu ilə.

 

İlqar Quliyev

 

Whatsapp
Bizə yazın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər