Modern.az

Yol qəzalarına səbəb olan heyvanların sahibləri necə cəzalandırılır...

Yol qəzalarına səbəb olan heyvanların sahibləri necə cəzalandırılır...

16 Dekabr 2017, 10:21

Avtomobil yollarında, xüsusilə də regionlardakı kəndlərdə baş verən qəzaların bir hissəsi yola çıxan heyvanlar səbəbindən baş verir. Belə hallarda heyvan sahibləri məsuliyyətə cəlb olunur. Bəs bu məsuliyyət nə cür olur?

DİN Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Modern.az-a bildirib ki, bununla bağlı dəfələrlə heyvan sahiblərinə müraciət edilib:

““Yol hərəkəti haqqında” qanunun 39-cu maddəsində  mal-qara ötürənlərin vəzifələri müəyyən edilib və hətta bununla bizim əlaqəli animasiyamız da var. Qanunda göstərilir ki, sahibləri mal-qaranı asfalt və sement-beton örtüklü yollarla, sutkanın qaranlıq vaxtında və məhdudiyyətli görünmə şəraitində, dəmir yollarından, yolların, küçələrin, meydanların və bu məqsəd üçün xüsusi olaraq ayrılmayan yerlərindən, habelə yolun hərəkət hissəsindən ötürməməlidirlər.

Mal-qaranın ötürülməsi üçün yalnız xüsusi yerlər var. Bilirsiniz, o da müvafiq yol nişanları ilə təchiz olunur. Həmin ərazilərdə sahibləri mal-qara sürüsünü son dərəcə diqqətli, nəzarət etməklə ötürməlidir. Əks halda, onların bu hərəkətləri hər hansı bir  yol nəqliyyat hadisəsinin baş verməsinə səbəb olarsa, əlbəttə, mal-qara sahibləri də məsuliyyət daşıyırlar”.

K.Əliyev heyvan sahiblərini gözləyən məsuliyyətdən də söz açıb:

“Bununla bağlı İnzibati Xətalar Məcəlləsinin  338-ci maddəsində məsuliyyət nəzərdə tutulub. Belə ki, mal-qaranın yolda nəzarətsiz qoyulmasına, asfalt və sement-beton örtüklü yollarla ötürülməsinə görə, 40 manat məbləğində cərimə nəzərdə tutulur. Hadisə şəxslərin alkoqol, narkotik vasitələr və ya digər psixotrop maddələrin  təsiri altında olması nəticəsində sərxoş vəziyyətində törədilirsə, bu halda 70 manat məbləğində  cərimə olunur. Amma həmin  əməllər nəticəsində hər hansı bir hərəkət iştirakçısı ağır xəsarət alıbsa və ya ölümə səbəb olursa, təbii ki, belə hallarda həmin şəxslər cinayət məsuliyyəti daşıyırlar”.

 

Müsahibimiz qeyd edib ki, heyvan sahibinin müəyyən edilməsi üçün müəyyən addımlar atılır:

“Heyvanı həbs etməklə onu ağıllandırmaq olmaz. Heyvanı nəzarətsiz buraxdığına görə  onun sahibi məsuliyyət daşımalıdır. Yəni sahibi dərk etməlidir ki, heyvan hansısa yol qəzasının baş verməsinə səbəb ola bilər və bunun məsuliyyəti də onu üzərində olacaq. Bu baxımdan biz dəfələrlə maarifləndirmə tədbirləri keçirmişik. Digər tərəfdən, yolda maşın heyvanı vurubsa, hər zaman sürücü günahkar deyil.

Heyvan sahibinin müəyyən edilməsi üçün atılan addımlar ola bilər. Axı hansısa heyvanın sənədi yoxdur ya da onun üstündə sahibinin kim olduğu yazılmayıb. Ona görə  heyvanlar yollarda nəzarətsiz qalıbsa, sahiblərini müəyyənləşdirmək üçün saxlanıla bilər”.

 

Baş Dövlət Yol Polisi İdarəsinin sözçüsü  2017-ci ildə heyvanların səbəb olduğu yol qəzalarından da söz açıb:

“Heyvanların vurulması ilə bağlı respublikada son 11 ayda  4 yol nəqliyyat hadisəsi qeydə alınıb. Ölüm halları olmayıb və 6 nəfər xəsarət alıb”.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...