Modern.az

Fərasətinə, bərəkallah

Fərasətinə, bərəkallah

16 Dekabr 2017, 13:42

Azad Müzəffərli

(hekayə)

      
Ta körpəlikdən basıb-bağlamaqda pərgardı. Reklam agentliyində çalışmağa həvəsi də, elə, o zamanlar pöhrələnmişdi. İndi buna peşiman deyildi. Qazancı başından aşırdı. Kreativ, təsirli, cəlbedici və emosional reklam mətnlərinin ustasıydı. İstənilən məhsulu qısa müddətdə mataha, brendə çevirirdi. Bu işə başlayandan əzbər bilirdi ki, reklamla biznes əkiz qardaşdır. Axı, dünyanın ən tanınmış transmilli şirkətlərinin başına at təpməyib ki, reklama külli miqdarda xərc çəksinlər. Bəyəm, onlar ətək-ətək pullarını heç nədən havaya sovurarlar? 

       
Bu sahədə əməlli-başlı ad çıxarmışdı. İş adamları onu əlbəəl gəzirdilər. Çalışmaqdan tamam əldən düşəndə arada-bir özünü naza qoymağı da vardı. Reklam işinə o qədər aludə olmuşdu ki, Filip Kotler, onun marketinqin, reklam işinin atası saydığı Devid Oqilvi və digər məşhur iqtisadçılar yuxularından əskik olmazdı. İmicini qorumaq üçün dəridən-qabıqdan çıxardı, nəinki işdə, evində də dörd-bir tərəfə nəzəriyyə kitabları səpələnmiş olardı. Bəzən yer tapmadığından yastığın içinə dürtdüyü pul-paranı məhz həmin yastığın altından əskilməyən kitablar hesabına qazanmışdı. Klassik nəzəriyyəçilərə rəğbəti isə tükənməzdi.

       
Yenə başını qaşımağa belə vaxtı yoxdu. Yenicə fəaliyyətə başlayan quşçuluq fabriklərindən birinin sahibi işini irəli aparacağı təqdirdə ona bir ətək pul boyun olmuşdu. Gecəsini gündüzünə qatmışdı. Ötən illərdə inkubator fərələrindən, toyuqlarından o qədər uydurmuşdu ki, bu dəfə yazmağa yeni nəsə tapa bilmirdi. Beyninə güc gəlməkdən əldən düşsə də, babat bir şey alınmırdı ki, alınmırdı. Ondan say-seçmə reklam istəyən fabrikin müdiri ilə söhbətindən tutmuşdu ki, kişi arif, peşəkar iş adamıdır. Savadına, işgüzarlıq bacarığına söz ola bilməzdi. Bu halda, ortabab reklamı ona sırımaq da mümkün deyildi.  Əslində, o,  heç bunu özünə də rəva bilməzdi. Tərslikdən, neçə illərdi doğma yurda yolu düşmədiyindən kənd çolpasının dadı damağından getmişdi. Yoxsa, adicə tilişkəni nataraz dirəyə çevirməkdə tayı-bərabəri yoxdu. Fürsət tapıb əsl kənd toyuğundan dada bilsəydi, əmindi, reklam mətnini bir göz qırpımındaca düzüb-qoşardı. Təzəcə işə düşən  quşçuluq fabrikinin məhsullarının  reklamı Yeni il yolkası kimi bərq vurardı. Reklam cəhənnəmə ağzı sulandı, kənd çolpası üçün burnunun ucu göynədi.

       
Evrika!!! Qəflətən fikrindən keçdi ki, bu qədər məşəqqətə qatlaşana qədər üz tutsun kəndlərinə sarı, çolpalardan doyunca basışdırıb, həm gödənini otarsın, həm də onu soyuqluqda günahlandıran qohum-qardaşın söz-sovuna son qoysun. Bu minvalla reklam məsələsi də tez bir zamanda araya-ərsəyə gələrdi. Necə deyərlər, həm ziyarət, həm də ticarət. Bir daha götür-qoy edəndən sonra qənaətində qətiləşdi.

     
Günortadan sonra kənddəki qohum-qardaşına bazarlıq üçün yolunu beş addımlıqdakı supermarketə sarı saldı. Bu ticarət mərkəzinə yaxınlaşar-yaxınlaşmaz köhnə “Qaz-24”ün baqajındakı  çolpalara və yumurtalara tərif yağdıran kəsin qıy-qışqırığı onun da diqqətini cəlb elədi.


-      Gəl, ay müştəri, gəl... “Nənəmin hini” firmasının məhsulları yolunu gözləyir. Bircəcəyini yedin, dadından barmaqlarını yalayacaqsan... İkinci dəfə fənərlə məni gəzəcəksən...

     
Bir də onda ayıldı ki, özünün də xəbəri olmadan səsindən həlimlik yağan o gəncin qənşərini kəsdirib.


-      Çolpaları neçəyə deyirsən?

-      Birini beş manata.

-      Nədən bilim ki, bu əsl kənd məhsuludur?

-      Lap xatirimə dəydiniz, mənə yaraşar yalan danışmaq, bir parça çörək üçün hər gün  kənddən bura gör nə qədər yol ölçürəm.

-      Mən nəsə təhqiredici söz dedim ki?

-      Bu cür sapsarı, çim yağ daman çolpalara şəkk gətirməyə başqa nə ad vermək olar?

       
Deməyə bir söz tapmayan Rasim çolpaları o üz, bu üzünə çevirməkdəykən satıcı yenə də səsinə güc verdi:


-      Gəl, ay müştəri, gəl... Nənəmin öz əlləri ilə dənini, suyunu verdiyi cücələrin bircəciyinin tamına bax, onda kəndin qədrini biləcəksən... Birini aldın, dadındı, barmaqlarını sovuracaqsan, ikinci dəfə mənimlə alver edəndə isə lap barmaqlarını dişləyəcəksən...  İlk dəfə məndən bircəcik çolpa alan növbəti dəfə üç-üç, beş-beş daşıyır, sonrasını daha dilimə gətirmirəm...

       
Ətrafdan ötüşənlərdən qımışanlar da az deyildi. Həqiqətən də, satıcı dilli-dilavərdi. Onun bu şax-şux əhvalı Rasimin də sinəsinə yatmışdı.


-      Dost, and-aman eləyirsən ki, bu əsl kənd çolpasıdır, bu qədər satlıq fərə üçün gör nə qədər toyuğunuz qırt yatmalıdır? Nəsə, inandırıcı gəlmir?

-      Qardaş, sən bircəcəyini al, apar evdə bişirtdir, ye, işdi, kənd çolpası çıxmasa, gəl, pulunu apar... buna nə sözün?!.

         
Rasim tutulub qalmışdı, nə edəcəyini bilmirdi, qarşısındakı rəfin üstə düzülən toyuqlar doğrudan da kənd çolpasına bənzəyirdi.  Gödəni də ona yamanca güc gəlirdi. Neçə gündü, reklamla bağlı fikri-zikri çolpadaydı. Ağzının da suyu əskilmirdi.


-      Gəl, ay müştəri, gəl, qızıldandı dişləri... Məndən bircəcik çolpa alan barmaqlarını yalamaqla çətinki qurtara, işdi ikinci dəfə kimsə bu sevdaya düşsə, nağd üç-üç, beş-beş aparasıdır, özü də bu dəfə barmaqlarını yalamaq nədir, dişdək-dişdək eləyəsidir... Hələ məndən on-on çolpa aparanlardan danışmıram...

        

Bu dəmdə beş addımlıqdakı digər bığıburma ağsaqqal satıcı dilə gəldi:


-      Ə, gədə, bəs döyür, səsini başına atdın? Bizdə baş-qulaq qoymadın, sən canın, bir hovur kirisinə?

-      Əhliman dayı, başına dönüm, reklamsız da, alver gedər. Heç, sən bilirsən ki, reklam, elə, qıy-qışırıq deməkdir?  Dədə canı, belədir, goplamıram ha ...

      
Uğunmaqdan özünü güclə saxlayan Rasim üzünü yaşlı satıcıya sarı tutub deyiləni təsdiqlədi:

-      Ağsaqqal, həqiqətən, belədir. Mən bunu dəqiq bilirəm. Latın sözü olan “reklamare”nin mənası “qışqırmaqla məlumat vermək” deməkdir. Qədimlərdə Avropa ölkələrində varlılar öz mallarını satdırmaq üçün bu işi carçılara həvalə edərdilər.

-      Halal olsun, bax, oxumaq belə şeydi... – deyə cavan satıcı köynəyinin yaxalığına əl gəzdirməyi də unutmadı.

-      Yaxşı, sənə inandım, mənə bir çolpa ver, işdi, yaxşı çıxsa, olacam daimi müştərin...

-      Canla-başla, halal xoşun, dadına söz ola bilməz, nənəmin qadasını alım,  bir evin dirəyidi, dirəyi...

       
Ətrafdakıları da, Rasimi də dəli bir uğunmaq tutdu. O, şad-xürrəm evə döndü. Əlindəkinin əsl kənd çolpası olduğuna şübhəsi yoxdu. Əmindi, yəqinki, heç kəndə yol ölçməyə də ehtiyac qalmayacaqdı.

       
Gümanında yanılmamışdı. Axşam evlərində toy-bayramdı. Ən çox da ona sevinirdi ki, nəhayət, uşaqlarına da  həqiqi kənd çolpasının dadına baxmaq qismət olmuşdu. Bu hələ harasıdır, az qala, axşam-axşam onu yenidən çolpa dalınca göndərələr.  Damağı fit çalan Rasim reklam məsələsini də sabaha saxlamadı, daxili dünyasından qaynaqlanan “Kənd çolpası” musiqisinin sədası altında bir mətn hazırladı ki, gəl, görəsən. Qısa müddətdə inkubator toyuqlarına kənd çolpasının yarlığını bəndlədi.

      
Səhərisi bu reklamla tanış olan quşçuluq fabrikinin yiyəsi artıq günortaya qonorarın bir hissəsini Rasimə çatdırmışdı. Cibləri əməlli-başlı şişmişdi. Axşam evlərində yedikləri çolpaya iş yerində nə təhər maya qoymuşdusa, həmkarları bu maldan zənbil-zənbil daşımağa köklənmişdilər. Həmin gün yaxın dostlarından birinin ad günü idi. Xanımına zəng edib, kənd çolpasından bir neçəsini  alıb  dostugilə göndərmək niyyətini dilə gətirdi. Həyat yoldaşı onun ideyasını alqışladı, hələ, əlavə elədi ki, bu lap yerinə düşər, axı, həmən kəs ləzzətli təamların ölüsüdür.

     
Tezcənə özünü verdi toyuq satanın yanına. Bəh-bəhlə üç çolpa özləri, üç çolpa da dostugil üçün götürdü. Halallıq naminə əlavə bir beşlik də satıcıya ərmağan etdi. Fikirləşdi ki, bu Allaha da xoş gedər. Necə olmasa, cibindəki bir kopa pulun qazanılmasında bu kəsdən aldığı “kənd çolpası”nın “xidməti” də kifayət qədərdi.

     
Gecə dostunun doğum günü mərasimindən evə dönəndə bıçaq vursaydın Rasimin qanı çıxmazdı. Günorta bağrına basmağa hazır olduğu çolpa satan kəsi indi “uf” demədən ayağının altına salıb tapdalayardı.  Bir çətən dost-tanışın yanında onu xar eləmişdi. Bişirilən çolpalardan qopan toyuq yeminin, süni vitaminlərin kəskin qoxusu dostugilin evinin divarlarına nə təhər hopmuşdusa, adamın ürəyi ağzına gəlirdi. Qonaqlığa yığışanlar ar eləməsəydilər, dabanlarına tüpürüb aradan çıxmağa hazırdılar. Hamı sanki iynə üstə oturmuşdu. Ev yiyələri də dilxorçuluqlarını büruzə verməməyə çalışsalar da, bu heç cür alınmırdı. Rasimin və həyat yoldaşının nə çəkdikləri isə heç dilə gətiriləsi deyildi.  

     
Xoruz banını belə gözləməyə səbri çatmayan Rasim səhərin alaqaranlığında  çolpa satan kəsin  alver etdiyi məkandaydı.  Bir azdan tısbağa yerişli “Qaz-24” öz yerini tutdu. Satıcı avtomobilindən düşər-düşməz hövsələsi daralan Rasim onun başının üstünü kəsdirdi. Ona “salam”a belə macal vermədi, bir nəfəsə “zəhərini” boşaltdı.

- Ayıb deyil, heç utanmırsan, gop eləyə-eləyə kənd çolpası adıynan inkubator toyuqlarını camaata sırıyırsan?

-      Qardaş, başa düşmədim, mən harda yalan danışmışam, dədə canı, yanılırsan.

-      Sənin nəfəsin də yalanla gedib-gəlir...

-      Bircə dəqiqə hövsələni bas, zəhmət olmasa. Üst-başından, üz-gözündən mədəni adama oxşasan da, ağızına yiyəlik eləyə bilmirsən... Mənə təhqirlər yağdirmağa sənin haqqın yoxdur...

-      A kişi, məni el içində biabır elədiyin bəs deyil, hələ nəsə danışmağa dilin də var...

-      Bircə dəqiqə, dediklərimi bir daha sözbəsöz təkrarlayıram... Diqqət ver, gör, mən bircə dənə də olsun yalan danışmışam... Mən həmişə deyirəm ki, məndən ilk dəfə bir çolpa alanlar dadından barmaqlarını yalayır, elədirmi? Sonra   isə deyirəm ki, növbəti dəfə məndən üç-üç, beş-beş toyuq alanlar barmaqlarını dişlək-dişlək eləyir, goplamıram ki ?!. Mən belə demişəm, ya yox?!.

-      Nəsə anlamadım...

-      Burda anlamalı nə var ki, ilk dəfə mənimlə alver edənlərə sözümü tutub nənəmin bəslədiyi, ütüb-təmizlədiyi çolpalardan verirəm, sonra həmin kəslər mənimlə təkrar alverə gələndə onlara üç-üç, beş-beş fabrik toyuqları satıram... Mən də bu yolla başımı dolandırıram... Bu qədər bəsit, mən ki, yalan danışmıram, sözümü əvvəlcədən dəqiqliyi ilə deyirəm...

-      Yenə də utanmırsan, bununla özünə haqq qazandırmağa çalışırsan, söz oyunu ilə camaatı aldatdığın bəs deyil, hələ bir dil-dil də ötürsən?

-      Dost, ticarətinki reklamdır, bu da bir növ reklamdı da... Harda görünüb ki, təmiz kənd çolpasının cəmi 5 manat dəyəri ola... A, kişi, bu, inkubator toyuğu deyil ki, iki-üç aya satlıq hala gələ, özü də külli miqdarda. Həyətində ilnən üç-beş cücə bəsləyib onu fabrik toyuğu ilə eyni qiymətə satmaq olar, onun gəliri heç xərcini ödəyər? Dillən də? Axı, məndən 15-20 manata kim çolpa alar, kasıbları qoyaq qırağa, lap olsun varlılar? Hamı deyinərək gedib, bilə-bilə, ölü cəmdək dadan o toyuqlardan alacaq, amma əsl mala bahadır deyib kimsə yaxın durmayacaq?!. İmkanı çatan da, çatmayan da... Qəribədir, heç olmasa bircə dəfə də olsun damaqlarını dada gətirdiyimi o dəqiqə hamı yadından çıxarır...

-      Hələ bizi borclu da çıxarırsan... Maraqlı adamsan?!. Sənin kimilər üçün deyiblər, e, utanmasan, oynamağa nə var ki?!.

-      Əşi, sizin sözünüzə qalsa, onda gərək, planetdə tək-tük sahibkar sağ qala, bəyəm, malların az bir qismini çıxmaq şərtilə qalanları reklam olunduğu kimidir? Millətin qazancının çoxunu beləcə aldadıb əlindən almırlar? Heç onlara “gözünün üstə qaşın var” deyən tapılır? Lap, mənimkinə oxşar bir başqa misal çəkim... Qardaş, götürək, elə, Bakının əksər küçələrini. Pal-paltar mağazalarının çoxunun girişində “Şok endirim. Bütün mallara qiymətlər 5 manatdan başlanır” reklamını gözə soxmurlar? Həmin reklamların “5 manat” yazılan hissəsi yəqinki ən hündür adama da boy verməz, di gəl, “başlanır” sözünü isə zərrəbinlə bəlkə oxuya biləsən, ya yox? Buna sözün nədir? Hələ, mən bu çeşidbəçeşid reklamları hazırlayanları demirəm, onda gərək, onları bir-bir çarmıxa çəkəydilər!!! Nə qədər adam bu hesaba evinə heç nəyi vecinə də almadan çörək aparır? Bəlkə, düz demirəm?  Hamı gəlib yapışır mən fəqirin yaxasından? Guya ki, marketlərdən aldıqları toyuqlarla məndən ikinci dəfə aldıqları başqa-başqadı, axı, heç olmasa, mən birinci dəfə sizə ucuz qiymətə təmiz mal verirəm, insafınız olsun da...  

     
Söhbətin bu məqamında Rasimin halı özündə deyildi. Nə deyəcəyini kəsdirə bilmirdi, qıpqırmızı pörtmüşdü. Satıcının gülləsi hədəfə tuş gəlmişdi. Sanki, yerlərini dəyişmişdilər, indi, o, hakim qarşısında gözünü döyən müqəssirə bənzəyirdi. Kişinin sözündə böyük həqiqət vardı. Handan-hana özünə gəlib dilləndi:


-      İndi başa düşdüm, sizdən xahişim var, olar?

-      Buyurun, eşidirəm?

- Mən hər ikinci alverimizdən sonra sizin yeni müştəriniz ola bilərəm?

     Söhbətin belə gözlənilməz axar almasından diksinən satıcı bir anlığa karıxdı. Azca keçmiş birnəfəsə dilə gəldi:

-      Əlbəttə, kor nə istər; iki göz, biri əyri, biri düz...

    
Ona 20 manat uzadan Rasim bu dəfə kənd çolpasını özü seçdi. Keçən dəfədən təmiz çolpaların yerini bələdləmişdi. Satıcı 15 manat qalıq pulu ona sarı uzadanda Rasim gülə-gülə onun əlini geri qaytardı:


-      Gəl, şərtimizi bir az da dəqiqləşdirək... Mümkündürmü, mən bundan sonra bu qiymətə hər dəfə sizin yeni müştəriniz olum?!. Necə deyərlər, toplananların yerini dəyişəndə cəm dəyişmir, mənsə əlavə edirəm ki, toplananların yerini dəyişəndə, cəm dəyişməsə də, keyfiyyət mütləq qaydada dəyişir... Bir də ki, nənənin əllərinə sağlıq, həqiqətən, o təbii tamın əvəzini heç nə ödəyə bilməz.  

       
Satıcı nə baş verdiyini yetərincə anlamaqda çətinlik çəkdiyindən duruxmuşdu. O, vəziyyətin nə yerdə olduğunu bir də Rasim gözdən itməkdəykən tutdu. Tələm-tələsik selofan torbaya dürtdüyü kənd çolpalarından birini qoltuğuna vurub müştərisinə sarı götüldü. Rasim ha  çalışsa da, satıcı yalvar-yaxar istəyinə yetdi. Hələ bu azmış kimi and-aman elədi ki, Rasim ondan hər dəfə bu qiymətə kənd çolpası alanda, mütləq tanıdığı fəqir-füqarəyə inkubator toyuqlarından üçünü pay göndərəcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...