Modern.az

Adı işdə, özü evdə olanlar...   

Adı işdə, özü evdə olanlar...    

16 Dekabr 2017, 15:16

Hazırda rəqabətli mühitdə getdikcə qarışıq iş yerlərinin artımı müşahidə olunur. İş yerinə getmədən, sərbəst qrafiklə çalışan işçilərlə də tez-tez qarşılaşırıq. Belə ki həmin şəxslər öz funksiyalarını müvafiq iş yerində deyil,  öz evlərində icra edirlər. Belə işçilər iki qrupa bölünür: bunlardan biri evdə işlərini görərək hazırlanan məhsulu öz adlarına bazara çıxarırı, bir növ şəxsi bizneslə məşğul olurlar. Digərləri isə xidmət haqqı qarşılığında hər hansısa bir şirkət və ya qurum üçün fəaliyyət göstərirlər.

Qeyd etmək lazımdır ki, evdə görülən işlərə təkçə əl əməyindən istifadə ilə hazırlanan məhsullar daxil deyil.


Bəs iş yerinə getmədən hər hansısa qurum üçün evdə çalışan işçilərin hüquqları və onların iş standartlarından faydalanması qanunla necə tənzimlənir?


Hüquqşünas Anar Ramazanov Modern.az-a qeyd edib ki, qanunvericilik iş yerinə getmədən şəxsin öz evində oturaraq, əmək müqaviləsini icra etməsini birbaşa qadağan etməsə də, bugünkü əmək qanunvericiliyi buna yol vermir.


“Əmək qanunvericiliyinə əsasən işçi öz funksiyalarını müvafiq iş yerində ( ofis, idarə, müəssisə, təşkilatlar və s.) həyata keçirməlidir. Əmək müqaviləsi əsasında fəaliyyət göstərən işçilərin işini evdə icra etməsi, mənim fikrimcə, ona görə mümkün deyil ki, orada rejim qaydalarına riayət olunmayacaq. Belə ki hər bir işçi iş rejiminə, müəsisədaxili insan qaydalarına tabe olmalıdır. İşçiyə olunan nəzarət də evdə işləyən işçilər üçün mümkünsüzdür.

Məsələn evdə funksiyasını yerinə yetirən işçinin iş saatında 3-ci şəxslərə vurduğu ziyana görə kim məsuliyyət daşıyacaq? Və ya işin keyfiyyətinə  nəzarət necə aparılacaq? Qanunvericiliyə görə, belə olan vəziyyətdə bəzi hallarda müəssisə rəhbəri , bəzi hallarda isə işçi özü məsuliyyət daşıyır. Lakin bu iş yerinə gəlmədən çalışan işçilər üçün çətin məsələdir”.


Türkiyədə aparılan bir araşdırmaya görə, iş yerinə getmədən evdə işləyən işçilərin 96%-i qadınlardır. Belə ki, kəndlərdə də bu çür işləyənlərin sayı olduqca çoxdur. İstər hər hansısa bir qurum üçün ,istərsə də şəxsi biznes üçün işləyən bu şəxslərin sosial və icbari tibbi sığortası təmin olunmur.


Anar Ramazanovun sözlərinə görə, iş yerinə getmədən icra olunan iş xidmət müqaviləsi əsasında mümkün olur.


“Xidmət müqaviləsinin əmək müqaviləsindən üstün fərqi ondadır ki, həmin şəxs sərbəst olur, hər hansısa işəgötürənə tabe olmur və eyni vaxtda bir neçə qurumla xidmət müqaviləsi bağlamaqla fəaliyyət göstərə bilir. Xidmət müqaviləsində işəgötürən anlayı şı olmur. Şəxslər sifarişçi və icraedici olaraq qeyd olunur. Evdə işləyənlər, adətən, xidmət, tapşırıq və bu kimi müqavilələrlə rəsmiləşdirilməli və xidmət haqqı verilməlidir. Qanuna uyğun olaraq vergilər və sosial sığorta ödənişləri tutulmalıdır.

Əmək müqaviləsinin sosial təminat baxımından üstünlükləri çoxdur. İlkin olaraq əmək müqaviləsi bağlayan şəxsin etibarlı iş yeri olur və həmin şəxs işəgötürən tərəfindən asanlıqla işdən çıxarıla bilmir. Əlavə olaraq tibbi icbari sığortası, məzuniyyəti  və s.  olur. Müəyyən hallarda həmkərlar  ittifaqının tanıdığı güzəştlərdən istifadə edə və  kollektiv müqavilələrdən yararlanaraq  ev növbəsinə dura, pulsuz sanatoriyalara gedə bilər. Ama bütün bunlar iş yerinə getmədən işləyən işçilərə aid deyil...

Əgər kimsə bu gün evində oturub şəxsi bir sifarişi icra edirsə, öncə elə öz hüquqlarını müdafiə etmək üçün sifarişçi ilə müqavilə bağlamalıdırlar. Onların pulu verilmədikdə, istehsalatda olarkən xəsarət alarsa,  sifarişçidən ala biləcəkləri konpensasiyalar, özlərinin məsuliyyət hədləri  və yaxud da evdə işləyən adamın hazırladığı məhsul sifarişçinin xoşuna gəlməzsə, bu xərc kimin üzərinə qalacaq və s. bu kimi bəzi məslələrin həlli üçün tövsiyyəmiz odur ki, evdə işləyənlər də mütləq şəkildə müqavilə bağlasınlar”.

Rusiyada işəgötürən işçinin hər hansı bir evdə işləməsi  üçün xüsusi lisenziya almaq məcburiyyətindədir. Almaniya, Avstriya və İsveç kimi ölkələrdə işçisini təmin edən işəgötürən müəyyən aralıqlarla bunun haqqında müvafiq orqanlara məlumat verməlidir.


Yaponiyada iş yerinə getmədən çalışanın icbari tibbi sığortası və təhlükəsizlik tədbirlərinin pozulduğu zaman işəgötürənin həbsi nəzərdə tutulur.


Lakin hüquqşünas açıqlamasında qeyd edib ki, indiki dönəmdə iş yerinə getmədən evdə işləyənlər haqqında qanun layihəsi hazırlanmasını önəmli hesab etmir.

“Bizim bu günki hüquq sistemimizdə həm evdə işləyənlərə, həm də kənarda işləyənlərə kifayət qədər hüquqlar tanınır. Və qanunvericilikdə bununla bağlı mexanizmlər var.

Burda iki münasibətdən söhbət gedə bilər. Əmək münasibəti - mən sənin əməyindən istifadə edirəm və xidmət münasibəti - mənə sənin xidmətin maraqlıdır, işinin nəticəsi..

Bu məsələlər tərəflərin qarşılıqlı razılığı ilə tənzimlənə bilər. Əgər tərəflər qarşılıqlı şəkildə müqavilə bağlamayacaq , vergi ödəməkdən yayınacaq, hər iki tərəf vergi uçotuna alınmayacaqsa və  kölgə iqtisadiyyatındakı kimi gizli işləyəcəklərsə, buna hüquq, dövlət və ya milli məclis nə etsin? Sadəcə bu məsələ ilə bağlı ciddi maarifləndirmə işləri aparılmalıdır”.

 

Nəzrin Cavid

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi