Modern.az

25 dil bilən azərbaycanlı poliqlot  - O, 20 günə bir dili öyrətmək zəmanəti verir - MÜSAHİBƏ  

25 dil bilən azərbaycanlı poliqlot  - O, 20 günə bir dili öyrətmək zəmanəti verir - MÜSAHİBƏ   

16 Dekabr 2017, 16:11

Azərbaycanın qloballaşan dünyada layiqli yerinin təmin edilməsi, ölkə həqiqətlərinin təbliği baxımından hər bir vətəndaşın xarici dilləri bilməsi çox vacibdir. Bu tələbat son illər daha qabarıq hiss olunur. İndi təkcə yeniyetmələrin və gənclərin deyil, hətta orta nəslin nümayəndələrinin də ingilis, fransız, alman, ispan, rus və digər Avropa dillərini öyrənməyə can atdığının şahidi oluruq.

Çoxlarının 25 dil bilən poliqlot və təlimçi kimi tanıdığı həmyerlimiz Emin Quliyev bu istiqamətdə fərqli  metod tətbiq edib. Beləki, o, insanlara 20 günə bir dili öyrənmək zəmanəti verir.  Maraqlıdır, Emin Quliyev hansı metoddan istifadə edir?

Modern.az saytının əməkdaşı bu suala cavab almaq üçün Emin Quliyevlə həmsöhbət olub.

 

- Emin bəy, 20 günə bir dili necə öyrənmək olur? Hansı metoddan istifadə edirsiniz?

- Bu istiqamətdə dünyada  8-9 nəfər bir-birinə yaxın metodlar yaradıb. Ümumilikdə bu, psixolinqvistika adlanır. Burada bir neçə amil rol oynayır. Məsələn, dillərin öyrənilməsinin xüsusi texnologiyaları, dilin qrammatik quruluşunun xüsusi alqoritmi və s.
Mənim 10 il ərzində işləyib hazırladığım universal qrammatika var. Açığı, dünyada cəmi iki alim bunu etməyə çalışıb, biri fransız olub. Amma onların yazdığı nəzəridir. Mən bəlkə də dünyada yeganə adamam ki, bunun praktik formasını yaratmışam. Yəni bu qrammatikanı öyrənən insan istənilən dilin qrammatikasını yalnız o mövqedən görür. Məsələn, daha yunan, fransız, çin dilinin qrammatikalarını öyrənməyə ehtiyac  qalmır. İnsan dünyadakı bütün dillərin qrammatik strukturuna bir gözlə baxır, ümumi qavrayış  yaranır. Daha dillərin sıfırdan qrammatikasını öyrənmirsən.

-20 gün ərzində bir dili hansı səviyyədə öyrənmək mümkündür?

-Sıfırdan  “intermediate” səviyyəsinə qədər öyrənmək mümkündür. Bu metodda 1500 söz, tam qrammatika və danışığı sürətləndirən öz yaratdığım xüsusi məşqlər əhatə olunur. Ən vacib amil isə odur ki, heç bir ev tapşırığı yoxdur.

- Bu metodla hər kəs dil öyrənə bilərmi? Müraciət edənlərlə bağlı məhdudiyyət var?

- Cəmiyyətdə insanlar, ətraf mühit haqqında xalqın qəbul etdiyi formalar var. Məsələn, naşı olan, naşı olmayan insan və ya musiqiçilər arasında səsi olan və olmayanlar. Sadəcə olaraq, ümumi xalq düşüncəsi həmişə qaydaya çevrilir. Əslində isə həyatda belə qayda, aksiomalar yoxdur. Deyirlər ki, qısa müddətə dil öyrənmək mümkün deyil. Necə mümkün deyil? 50 il bundan qabaq  hansısa insanın sürətli oxuma metodologiyası ilə 500 səhifəlik kitabı bir günə oxuyacağına heç kim inanmazdı. Yəni müxtəlif elm sahələrində yeniliklər daim olur. Mənim üçün insanlar iki qrupa bölünür: orta savadı normal olanlar və heç bir savadı olmayan insanlar. Beyin çox işlədikcə, daha yaxşı qavrayır. Mən hazırda da dillər üzərində işləyirəm. Bəzilərini yaxşı bilirəm, bir qisminin qrammatikasına daha yaxşı bələdəm, eləsi də var ki, zəif bilirəm. Hansısa sahədə zəif olan biri, digər sahədə daha bacarıqlı ola bilər. Xülasə, hər şeyin arxasında həvəs dayanır. Əgər insan bir dili həqiqətən öyrənmək istəyirsə, heç özünün də xəbəri olmayacaq ki, qısa müddətdə onu necə öyrəndi. Əgər işə girmək üçün məcbur dil öyrənməlidirsə, əlbəttə, bu, onun üçün çətin olacaq. Lazımlı olanla sevilən şeylər ayrı-ayrı anlayışlardır.

- Tətbiq etdiyiniz metoda maraq necədir?

- Əlbəttə, qısa müəddətdə dil öyrənmək istəyənlər kifayət qədərdir. Mənə dünyanın hər yerindən müraciət olunur. Ən uzaq müraciət Fransadan olub. Məsələn, fransız və ya ingilis dilli biri rus dilini öyrənmək istəyib. Dubay, Rusiya, Türkiyədən müraciət edənlər çoxdur. Bizim  rayonlardan da dil öyrənmək üçün müraciət edənlər olub.

- Müraciət edənlər daha çox hansı dili öyrənmək istəyirlər?

- Əsasən iki dilə müraciət edənlər çoxdur: ingilis və rus dili. Amma iş adamları və ya dünyanı gəzmək istəyənlər  alman, italiyan və bu kimi fərqli dilləri də öyrənmək istəyiblər. Son dövrlər alman, ispan dillərinə tələb çoxdur.

- Bu metodla 20 günə dil öyrənə bilməyənlər olubmu?

- Bilirsiniz, mən də insanam, robot deyiləm. Hansısa dili insanların beyninə köçürmürəm. Bir çox sahələrdə istənilən xüsusi metodologiya sahibləri işini görür. Heç kim 100 nəfərin 100-nə də zəmanət verə bilməz. Amma mən ümumiyyətlə öz metodumda 100 nəfərin hamısına da olmasa, əksəriyyətinə zəmanət verirəm.

- 20 günə bir dili öyrənmək üçün nə qədər məbləğ tələb edirsiniz?

- Məbləğin hər hansı önəmi yoxdur. Hesab edirəm ki, gözəl işin maddi dəyəri olmur. Əgər qarşındakı insan sənə nəyisə peşəkar öyrədəcəksə, nə desə, onu da verməlisən. Bir var, qeyri-müəyyən bir şeyi sənə söz veriblər. Bunun qədər axmaq bir şey yoxdur. Məsələn, bir müəllim yanına gəlirsən və sənə müəyyən müddətdən sonra öyrənə biləcəyini ehtimallarla bildirir. Biri də var, sənə konkret müddət deyilir. Belə şeylərin qiyməti  hər zaman, hər yerdə dəyərli olur. Mən təkcə pula görə işləmirəm, bu, mənim sevdiyim işdir. Demək olar ki, həyatımın çox hissəsini dilçiliyə sərf etmişəm və ömrümü bu yola qoymuşam. Yəni qiymət fərdi yanaşmadır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir