Modern.az

“Azərbaycanlılar heç vaxt evtanaziyaya getməz” - Deputat və psixoloqdan AÇIQLAMA   

“Azərbaycanlılar heç vaxt evtanaziyaya getməz” - Deputat və psixoloqdan AÇIQLAMA   

16 Dekabr 2017, 16:33

Yunan dilindən tərcümədə “asan ölüm”, “şirin ölüm” mənasına gələn evtanaziya antik dövrdən bəri daim mübahisə doğuran qavramlardan biridir. Evtanaziya sağalmaz xəstəlikdən əziyyət çəkən insanı və heyvanı həyatdan məhrum etmə təcrübəsidir. Bu prosedur şüuru yerində olan insanın öz qərarı ilə edildiyində aktiv evtanaziya, şüuru tamamilə özündə olmayan adama yaxınlarının qərarı ilə tətbiq edildiyində passiv evtanaziya adlanır.


Parkinson xəstəliyi səbəbiylə yaşamına 91 yaşında evtanaziya ilə son verən Hilda Hunt məsələ ilə bağlı belə bir fikir söyləyib: “Keçdiyimiz yüzilliikdə doğum planlamasını öyrəndik, bu yüzillikdə də ölüm planlamağı öyrənməliyik”.


Dünyada Fələstin, Hollandiya və ABŞ-ın Oreqon ştatında evtanaziyaya qanun səviyyəsində icazə verilir. Fələstində könüllü ölməyin bir çox və sadə yolları var. Bu yolların hamısına  "sionist işğalçılarına qarşı şəhadət" deyilir: şəhid olmaq istəyən kəs ölümü könüllü seçir, sonra da israillilərə maksimum ziyan vurmaq üçün özünü partladır. İkinci məkan Hollandiyadır ki, burada ağır xəstə olan insanların ölüm seçmələri qanunla rəsmiləşdirilib. Üçüncü məkan isə ABŞ-ın Oreqon ştatıdır. Oreqonda 1997-ci ildən bəri qüvvəyə minmiş yerli qanuna görə, könüllü ölüm proseduru yolverilən sayılır. Birləşmiş Ştatların başqa yerində belə qanun yoxdur.

Dünyada uşaqlara evtanaziya hüququ verən yeganə ölkə Belçikadır. Bu ölkədə sağalma ümidi olmayan  uşağın ölümü seçməsinə qanunla icazə verilir. Qanun uşağın dəfələrlə evtanaziyanı istəməsi və valideynlərin buna icazə verməsindən sonra tətbiq olunur.

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev Modern.az-a açıqlamasında Azərbaycanda uzun illər ərzində belə bir qanunun olmayacağını vurğulayıb.

“Evtanaziya Azərbaycanda qanunla qadağandır. Gələcəkdə icazə verilməsi də nəzərdə tutulmur. Çünki bu,  milli-mənəvi dəyərlərə zidd bir məsələdir. Müsəlman dini insanın həyatdan başqa yolla köçürülməsini qəbul etmir. Azərbaycan xalqı da mübariz xalq olduğundan heç vaxt öz xəstəsinin başqa yolla, həkimin köməkliyi ilə dünyadan getməsinə tərəfdar ola bilməz. Buna görə də evtanaziya qanunla qadağandır. Yəqin ki uzun illər də buna ehtiyac olmayacaq”.

Musa Quliyevin sözlərinə görə sağalmaz xəstəlikləri olan insanlara çarə evtanaziya deyil.

“Belə insanlara ağrılarını, əzablarını yüngülləşdirmək üçün müxtəlif xidmətlər, hər cür yardımlar göstərilməlidir. Ancaq evtanaziya yolverilməzdir”.

Psixoloq Mübariz Həsənov deyir ki, cəmiyyət olaraq psixoloji cəhətdən buna hazır deyilik.

“Ölkəmizdə evtanaziyanın həyata keçirilməsi üçün xeyli mexanizm və sistemlər lazımdır. Biri var ki, insan özünü öldürür, biri var ki, kimsə onun istəyi ilə onun öz həyatına son qoyur. Mən düşünürəm ki, evtanaziya azərbaycanalıların psixologiyasına ziddir və yaxın 50 il ərzində onu reallaşdırmaq mümkün olmayacaq".

Psixoloq düşünür ki, evtonaziyaya rəsmi icazə verilsə də, azərbaycanlılar buna görə  müraciət etməyəcək.

"Kimsə evtanaziya etdirmək istəsə belə, buna yaxınları imkan verməyəcək. Biz müşahidə etmişik ki, bəzən yaxınları can üstündə olan xəstənin üstünə həkim gətirirlər ki, onun ömrünü heç olmasa bir neçə saat uzatsınlar. Biz azərbaycanlılar öz yaxınlarımızdan ayrılmaq istəmirik.

Bu fikirlər mənimlə yanaşı, əziz dostum, müəllimim, psixoloq rəhmətlik Dəyanət Rzayevin də fikirləri idi”.

Mübariz Həsənov çox nadir hallarda bu addımı atmağı məqsədəuyğun sayır.

“Məsələn, hər hansı xüsusi vəziyyət yaranarsa, yəni ağır sağalmaz xəstənin xəstəliyini başqalarına yoluxdurmaq riski varsa, istisna kimi bu addımı atmaq olar. Amma evtanaziyanın kütləvi hal almasına qətiyyən yol vermək olmaz.

Bəzən elə cinayətkarlar olur ki, onların törətdikləri əməllərlə tanış olarkən insanın ürəyi partlayır, insanlıqdan utanırsan, dəhşətə gəlirsən ki, insan bunu necə edə bilər? Belə insanları ən ağır işgəncə ilə öldürmək lazım gəldiyini fikirləşirsən. Ancaq yenə də düşünürsən ki, onu Allah yaradıb, canını da o alacaq".


Nəzrin Rüstəmova

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi